Erməni keşişləri I Pyotr ilə nə üçün görüşüblər?


Erməni keşişləri I Pyotr ilə nə üçün görüşüblər?
Tarixən ermənilər müəyyən qüvvələrin siyasətlərinə lazım olduqları zaman ortaya çıxaraq çirkin oyunların iştirakçısına və alətinə çevriliblər. Bu sözləri Xocalı Soyqırımını Tanıtma və Araşdırma Mərkəzinin sədri Ceyhun Ələkbərov deyib. Bildirib ki, hələ vaxtilə Rusiya çarı I Pyotr Qafqaz bölgəsində sosial dayaqlarını gücləndirmək üçün ermənilərdən çox məharətlə istifadə etmişdi. Rusiya çarının Qafqaz yürüşlərindən ən çox sevinən ermənilər olublar. Çünki ermənilərə çirkin niyyətlərini həyata keçirə biləcək I Pyotr kimi hökmdar, çara isə bölgədə rahat istifadə edə biləcəyi müəyyən qruplar lazım idi. Bu vəzifəni isə Qafqazda yalnız böyük məharətlə ermənilər həyata keçirə bilərdilər. Təsadüfi deyildir ki, I Pyotrun Qafqaz siyasətində ermənilər xüsusi yer tutublar. Onlar bu yürüşdə öz çirkin arzularının gerçəkləşəcəyini görmüş, yəni gələcəkdə «böyük erməni ərazisinə» sahiblənəcəklərini düşünüblər.

XVIII əsrin əvvəllərində erməni keşişləri İsrael Ori və Arximandrit Vardaped Minas ilə birgə Bavariya knyazının elçisi kimi Pyotrun qəbuluna gedərək, onları Səfəvilərin əsarətindən azad etmələrini xahiş ediblər. Halbuki ermənilərin hüquqlarının ən çox qorunduğu dövlətlərdən biri məhz Səfəvilər dövləti olub. Lakin ermənilərin öndə gedənləri tarixən etibarsız və xəyanətkar olduqları üçün xislətlərinə uyğun surətdə Səfəvilərə dəfələrlə xəyanət ediblər.

Ceyhun Ələkbərov I Pyotrun Qafqaza yürüşünə erməni keşişləri və əsasən Qriqoriyan kilsəsinin hərtərəfli dəstək verdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, erməni din xadimləri çara dəstək xarakterli məktublarında onun yanında olduqlarını yazmışlar. Belə fəallıq çarın 1724-cü il noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Goran ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başlayıb. Həmin fərmana əsasən, ermənilər Rusiya imperiyasının Cənubi Qafqazdan İran körfəzinədək geniş əraziləri ələ keçirmək planının reallaşdırılmasında «beşinci qüvvə» rolunu oynayacaqdılar. Bu isə bir daha ermənilərin Qafqazda fəallaşması və onlara xüsusi statusların verilməsində çar Rusiyasının xüsusi marağı olduğunu göstərir.

Çar Rusiyasının müvafiq siyasəti sonrakı dövrlərdə də sistemli şəkildə davam etdirilib. 1813-cü ildə Gülüstan, 1828-ci ildə isə Türkmənçay sazişlərində Azərbaycanın tarixi torpaqlarının iki hissəyə bölünməsindən sonra onlara xüsusi statuslar verilib. XIX əsrin ortalarından başlayaraq, Osmanlı imperiyasının çökdürülməsində də ermənilərdən istifadə edilib, onların sürətlə təşkilatlanmasına dəstək verilib. XIX əsrin sonlarında «Qnçak» və «Daşnaksutyun» erməni terror təşkilatlarının yaranması qarşıda türk dünyası başda olmaqla digər bölgələrdə də qanlı aktların hazırlanıb həyata keçirilməsinə xidmət edirdi. 1905-1906-cı, 1918-ci illərdə Azərbaycanın Bakı şəhərində və müxtəlif bölgələrində törədilən qətliamlar eyni siyasətin davamı olub.

Ceyhun Ələkbərov dünyaya göz açdığı Xocalı şəhərinin bir əsrdə 3 dəfə — 1905-ci, 1918-ci və, 1992-ci illərdə ermənilərin hücumuna məruz qalaraq yerlə-yeksan edildiyini bildirib. Vurğulayıb ki, ermənilərin Xocalıda törətdikləri soyqırımı insanlıq adına utanc gətirən hadisə kimi dünya mediasında da öz əksini tapıb.

Xocalı şəhəri strateji əhəmiyyəti ilə yanaşı, həm də tarixi məkandır. Bu şəhər ilə Əsgəran qəsəbəsi arasından axan Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid «Əsgəran qalası» olub. 1810-cu ildə Rusiya ilə İran arasında ermənilərin Qarabağa köçürülməsi ilə bağlı əsas danışıqları həmin qalada aparılıb. Diqqətə çatdırılıb ki, əsl həqiqətlər üzə çıxdıqca erməni lobbisi ilə bağlı yaranmış «məğlubedilməz» mif fiaskoya uğramaqdadır. Artıq dünya dövlətlərinin erməni diasporunun zaman-zaman, hətta erməni xalqı adından da uydurduğu dramatik yalanlara inanmadıqlarını ifadə etməkdədir. Bu da Azərbaycan dövlətinin güclənməsi, bölgədə və dünyada nüfuzunun gündən-günə artması, diaspor və lobbiçilik sahələrində işinin mərkəzləşdirilmiş şəkildə təşkil edilməsi ilə sıx bağlıdır. Bunun əksi olaraq son illər erməni diasporu ardıcıl məğlubiyyətləri ilə yadda qalmaqdadır.

Elnur Eltürk


Bir cavab yazın