GƏZİ DİZİSİ ( MÖVQE)
“Sonunu düşünən qəhrəman olmaz”, düşünməyəni nə gözləyir?
Son zamanlar diziləri (serialları) ilə də dünyaya açılan Türkiyə etirazını da seriala daşıdı. Serial çəkilişlərindən ayrılıb dirənişçilərə qoşulanlar haqqında bir az sonra. Indilik dəfələrlə olduğum və “bir millət, iki dövlət” dediyimiz təbirin ikinci dövləti olan doğma Türkiyədən və İstanbuldan başlanan olaylara qeydlərimi əlavə etmək istəyirəm.
Çünki son yarım ay Türkiyə Gəzi Parkı olaylarında vurğulanan ifadə demokratiyadır.
Demokratiya anlayışından bu qədər anlayanlar və Gəzi Parkında ağacına sahib çıxanların demokratik davranışlarının və dirənişlərinin yanındayam. Bunu demək nə qədər əhəmiyyət kəsb edəcəksə.
Amma yaşadığım Rusiyada müşahidə etdiklərim və bu olayların ətrafında gedən söhbətlər Türkiyə imicinə necə təsir etdi? Bu sualın cavabının əhəmiyyətsiz olmadığına əminəm.
Türkiyə etirazçıları islamlaşma və Suriya müdaxiləsi əleyhinədir
Gəzi Parkı olaylarını Rusiyadan ilk olaraq ilahiyyatçı-alim Heydər Camal analiz etdi. İlk başlar bu hadisəni “Ərəb baharı” adı ilə uyğunlaşdırıb “Turk baharı” ifadəsini işlədənlərin bu ölkəyə bəlli münasibətindən çıxış edənlərə Heydər Camal “Türkiyə Misir və ya başqa ərəb ölkəsi deyil, Ərdoğan isə Türkiyənin son 10 ildə siyasətini cızıb bu gün ölkəsini iqtisadi cəhətdən ən yüksəklərə aparan bir liderdir”-dedi. O hadisələrin sosial səbəbdən qaynaqlanmadığı, bundan Türkiyənin bölgədə liderliyi ələ almasına əngəl olan xarici maraqlı qüvvələrin təsirini dilə gətirdi. Bu meydan tamaşasının ssenarisinin isə bəzi müxalifət partyalaı tərəfindən yazıldığını qeyd etdi.
“Ölkənin islamiləşməsinə qarşı çıxan bir toplum var, öna görə etirazçılar “Ərdoğana istefa” şuarını səsləndirdilər “-deyə “Levıy front” hərəkatının şura üzvü Darya Mitina hadisələrə bu yöndən baxdı. O,ölkədə ərəb mənşəli insanların olduğunu və onların Suriya hadisələrinə Ərdoğanın müdaxiləsini pislədiklərini də xatırladıb, baş nazirin artıq türklərin sevimlisi olmaqdan çıxdığına bir çox amili misal çəkdi.
Darya Mitina “Türkiyənin uğurlu iqtisadi-siyasəti onun bölgədə lider olması faktını labudləşdirdiyi halda, buna bir yandan Suriyadakı münaqişələr və İsrailin müdaxiləsi, digər tərəfdən isə nüvə silahına sahib olan İranın qarşı olması da var”- deyə hadisələrin “park gəzisindən” daha uzaqlara yol götürdüyü qənaətindədir.
Almaniyanın Türkiyəyə qarşı qəzəbli bir siyasət içində olduğunu da qeyd edən Mitina “bu–Türkiyənin bölgədə liderliyi ələ aldığını həzm etmək istəmədiyindən ola bilər” ehtimalını irəli sürür. Yeri gəlmişkən, Darya Mitina bu hadisələrin Türkiyə imicinə və Ərdoğanın xarici siyasətdəki yerinə zərər verdiyini də dilə gətirmişdi.
Strateji dəyərlər institutunun eksperti Sergey Demidenkonun fikrincə isə, hadisələri Təhrir meydanındakı hadisələrlə və ya başqa olaylarla eyniləşdirmək olmaz. O, Gəzi Parkı olaylarını 2007-ci ildə Türkiyədə baş verənlərlə eyniləşdirərək, “lakin bu gün o gün deyil”- deyə, Türkiyədə bu gün daha güclü bir hakimiyyətin olduğuna diqqət çəkib. Hadisələrə qiymət verərkən ekspert-Bu hakimiyyətdə yer ala bilməyən müxalif qüvvələrin situasiyadan yararlanmaq istəyi baş tuta bilər, amma uzun sürməz,- deyib.
Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutu beynəlxalq təhlükəszilik mərkəzinin baş elmi əməkdaşı Vladimir Sotnikov Türkiyədə “Ərəb baharı”ndan danışanda onun güclü ordusu olduğunu niyə nəzərdən qaçırırlar- ritorik sualı ilə hadisələrə münasibət bildirmişdi. Onun fikrincə, “bu gün hakimiyyət nə qədər islahatlar etsə də, vətəndaşı Ərdoğanın diktatorluğunu ona bağışlamır”.
Rusiya mediasında bu hadisələrə baxış qızışdırıcılıqdan daha çox ehtiyatlı və qismən demokratikliyi ilə diqqəti çəkir. Niyə“Bolotnıy meydanı Taksim deyil” deyə təəssüf edən hərəkat rəhbərləri də var.
Ərdoğanı Putin manatının o biri üzü kimi eyniləşdirənlər “onların daha hakimiyyətdən getmək vaxtıdır və Taksim də ona görə dolur”- deyə fikirlər də Rusiya mediayasında səslənənlərdəndir.
Bu deyimlərin çoxunda Türkiyədə demokratik ab-hava olmasının təsdiqi qismən də olsa görünür.
Qərb ölkələrinin bu hadisəni dramatikləşdirməsini doğuran nədir?
Bəzi türk yozumçularının dediyi kimi, Ərdoğanın Qərb bizi sevir ifadəsinin yalan olmasımı, yoxsa…
One minute –Bir dəqiqə!
Almaniya və digər ölkələrin Taksimdəki etirazçıları daha da qışqırtmağa yönələn baxışlarının nəyə xidmət etdiyi məncə ortalıqdadır.
Bunu “Türkiyə mənim vətənimdir və mən onu sevirəm” deyənlərin anlamaması, məncə, mümkün deyil.
Almaniyanın Türkiyədə baş verənlərə laqeyd qalmamasını normal qarşılamaq olar. Dünyanın hər yanına bütün üçüşlar Frankfurt hava limanından keçib gerçəkləşən Almaniya ona alternativ olan -İstanbulda dünyanın ən böyük aeroportunun tikintisi layihəsinə biganə qala bilməz. Bu Türkiyə büdcəsinə nə vəd edir? Onu da bir iqtisadçılardan soruşsunlar. Bunu meydanda bayraq yelləyən müxalifət bilməmiş deyil. Bəs bunu bilə-bilə, niyə ölkəsinin çıxmaz dalana dirənənə qədər sürüklənməsinə rəvac verir?
Hadisələr başlayanda Ərdoğanın ona böyük əhəmiyyət verməməsi də gedişatı bu günə gətirib çıxardan vacib məqamlardandır. Düşünsək ki, etirazçının -gerçək Gəzi parkı təəssübünü çəkənin yanında olmaq , onun etirazının səbəbini dinləmək olardı və bununla da mövzu qapanardı…niyə bunu etmədi?
Lakin baş nazir gerçəkdənmi bunun öz-özünə bitəcəyinə inanıb və ya bunu daha diqqətli hazırlandığına əmin olduğu üçün meydandakını daha da qışqırdacaq “çapulçu” ifadəsini işlədib- bunu onun əvvəldə etdiyi xətaya yazmaq olar.
Bütün bunlardan çıxış edib hadisəyə birmənalı yanaşmağı qeyri-mümkün edən çox səbəb var. Ancaq bu gün ölkəsinin rifahı üçün xarici quvvələrlə mücadilə edən, kürd problemini çözmək yolunun başında olan bir dövlətin imicini zədələyənlərin də tam yanında olmaq istənilən halda mümkün deyil.
“Sonunu düşünən qəhrəman olmaz”, düşünməyəni nə gözləyir?
Sənət adamları nə istəyir? Beyinləri qarışdıran ən vacib məqamlardan da biri budur. Gerçəkdənmi ora toplaşanlar və bu narahatçılığın sürməsini istəyənlər bütövlükdə Türkiyədən narazıdırlar? Ərdoğan hakimiyyəti gedib, bir başqası gələcək və onların tələbi üzərinə demokratik idarə-üsulu gerçəkləşdirəcək ideyasından çıxış edənlərin istədiyi budurmu? Spirtli içkilərin reklam və satışındakı məhdudiyyətmi, Gəzi Parkındakı ağacmı, yoxsa…?
Rusiya kimi xristian bir ölkədə belə əhali spirtli içkinin məhdudlaşdırılmasına tərəfdardırsa, bunu islamiləşməylə əlaqələndirmək o qədər də gerçək görünmür.
İnsanı qayğılandıran digər məqam isə Azərbaycanın bəzi adlı-sanlı köşə yazarlarının Ərdoğana “düşmən” kəsilməsidir. Bunu facebook sosial şəbəkəsindən müşahidə edib, görmək olar. Türkiyəni dünya dövlətləri ilə bir sıraya çıxarıb, təhsil, tibb, mədəniyyət və digər vacib sahələrdə uğur qazanan bir ölkədə demokratiyanın boğulduğunu demək haqsızlıq deyilmi?
ONE MİNUTE deyə dünyaya meydan oxuyan Ərdoğanın ölkəsinin xarici mediaya xəbər və ironiya məhsulu olması Türkiyəni təmənnasız sevən üçün acınacaqlı haldır.
Bizim azərbaycanlı kimi, yazar kimi kimdən yana olmamız- öz haqqımızı müdafiə edə bilməyib müşahidə etdiklərimizin hərəkəti ilə “urəyimizdən tikan çıxarmamız” bir ölkəni tikanlığa sürükləyənlərə “Afərin!” deməyə bənzəmirmi? Demokratiya bu deyil, məncə.
Adətən əvvəlindən belə başlanan olayların sonu başqaları üçün deyil, ölkə üçün ağır nəticələr verir.
Baxın Rusiya dövlət turizm sənayesi şirkətinə müraciətlərdə Türkiyəyə getmək istəyən turistlər əndişələnərək biletlərini geri qaytarırlar. Bunlar ölkənin imicindən əlavə büdcəsinə də təsir edən amildir. Ona görə də etirazın dirəniş deyib bir inada dönməsinə tərəfdar olan işin sonunu düşünməyəndir.
“Qurdlar vadisi” sinin Polad Ələmdarının (Nicati Şaşmaz) “Sonunu düşünən qəhrəman olmaz”-deyimi, məncə, bu yerdə keçərli deyil. Bu misala ən yaxın olan Necati Şaşmaz və digər sənətçilər hadisələrə real qiymət verə bilənlər -tərəf olmayanlar –bundan yanadırlar,fikrimcə.
Tünzalə Vəliqızı, Moskva
Yenises.ru