01.11 Təklənən ömrün 3-cü yarısında Məmməd İsmayıl 75-i haqladı


01.11  Təklənən ömrün 3-cü yarısında  Məmməd İsmayıl 75-i haqladı
Əslində haqladığı hər bir yaşında ömürdən haqq aldığı illəri haqla və haqlı olaraq yaşayandı.
Onun qarşısında söz oynatmağı haqq etdiyimi sanmıram. Çünki:

Bütün sualların cavabı birdi,
Yatmaq istəsən də yuxuna girməz.
Bəlkə söz sarıdan bəxtin gətirdi,
Varsan, var sarıdan əlin gətirməz…

(Söz sarıdan bəxti gətirəndir).

Unutmadım ilk əllidən sonra ikinci əllinin yarısına yetişən 75 yaşını. Məktublar axın-axın, təbriklər axarlı-baxarlı. İndi bu qələminə xəyanət etməyən, əqidəsindən dönməyən, ikinci əllinin yarısında 25-nə yenicə keçmiş təbi cavan şairə təbrik yaz görüm, necə yazırsan?!

Məmməd İsmayıl haqqında xatirələrim çoxdur. Moskva, Çanaqqala görüşlərimizdən, sayı barmaqla hesablana bilən, lakin saatları sayıla bilməyəcək qədər keçirdiyimiz hər anı təsvir etmək istəsən bir kitablıq mövzu olar.

Heç tanımadan da şeirlərini bir kənara qoyub, “Gənclik””(y)ə yol açıb, “”İşıq””(ğ)ında neçə yaradıcı nəfəsə can verməsi, keçdiyi ömrün acılı-şirinli həyat hekayəsini çözməyə qalxsan ilmələr uzandıqca uzanar.

Eləysə niyə gecikdim? Taleyini ilklərdən, təklərdən alsa da təklənməyən şairi təbrik etməyə təbimmi çatmadı?

Böyük insanlar haqqında söz demək haqqına sahib olmaq… Başqalarını bilmirəm, mənim üçün bu bir cəsarətdən ötə, məsuliyyətdir. Özünü ifadən üçün söz qələbəliyi etməyə nə var? Amma Onu-“”sözdən bəxti gətirən””i ifadə üçün hər susuzun yanğısını söndürəcək sözün çeşməsinə enmək gərəkir.

Ucalıq, böyüklük, əzəmətlilik, müdriklik, sirlilik… mücəssiməsi desəm pafosu çox kimi görünə bilər. Amma, deyil. Qərib bir ömürdə qəribəliklərlə və qəribliklə kəsişib yolları. Qəribəliyə yoldaş, qəribliyə sirdaş olub. Bütün evlərin işığa açılan pəncərələri yandan olarkən, onun gözünü tavandan düşən günəş işığı qamaşdırması, qəribə deyilmi? Doğma deyə bir kəlin qoyun, bir alma ağacını ailə sayması, qərib?! Və sonralar o yurd yerində qapısını ağacdələnin döyməsi, nə qərib?! Bu qəribəliklərə bir də qəriblik əlavə edilincə… Varmı buna oxşar ömür yaşayan…Varsa sayaqmı?

Bütün bunlar anılıb, təkrarlandıqca 75 ildə təkrarsız yaşayanı, ən dibə yuvarlananda belə sınmadan sözünə söykənib qalxanı SAYAQ!

Bu gün ikinici əllinin birinci yarısında şövqlə qələmə sarılıb, elə o çılğın gənc ruhu ilə bəzən küsən, bəzən üsyan edən, sonunda müdrikliyi ilə yol göstərib susan-susduran Məmməd İsmayıl, “”xoş gəldiniz!””

“”Xoş gəldiniz!”” bu gəncliyin, Sizinlə yenicə tanışanların, Sizi yenidən kəşf edənlərin ömrünə!

“”Unutduğun yerdəyəm!”” bu ifadə Sizindir. Siz belə deyirsizniz. Unudulmayan yerlər bəlli, hətta unudulan yerdə də Siz varsınız, olacaqsınız. Unutmadıq, unutmadım. Ömürün üşüncü bölümündə ataların üçdən dediyi yerdəsiniz. Say yenidən başlayır.

Tünzalə Vəliqızı
01.11.2014 Moskva


Bir cavab yazın