MƏRKƏZDƏKİ ADAM
Sabah Məmməd Aslanın haqqın dərgahına qovuşmasının qırx günü tamam olur. “Ağla, qərənfil, ağla” əmrini verən təbiət ustadının, sözdən incilər düzən, çoxumuzun ağlına gəlməyən kəlmələri ilmə-ilmə toxuyan, “Ərzurumun gədiyinə varanda” gördükləri ilə hər kəsin iliyinə işləyən Məmməd Aslanın təkrarsız verilişləri, ana təbiətin hər çiçəyinə, süsəninə, sünbülünə, laləsinə, bənövşəsinə dediyi oxşamalar lent yazılarında, xatirələrdə qaldı. “Azərbaycan təbiəti” jurnalındakı məqalələri, yazıları bir yana, sərlövhələri, şəkilaltı imzaları belə nəğməyə, mahnıya, bayatıya bənzəyirdi Məmməd Aslanın. Haqqında nə desək azdır. Onun dediyi kimi deyə bilmək hər adama nəsib olan nemət deyil.
Şəxsi tanışlığım həkim dostum Sabir Həbibovun vasitəsilə, onun evində olmuşdu. Səksəninci illərin ortalarıydı və hələ Qarabağ alovu heç kimi yandırıb-yaxmamışdı. Səhv eləmirəmsə Məmməd Aslan Türkiyə səfərindən əvvəl Moskvaya yolüstü gəlmişdi. O vaxt birbaşa Bakı-İstanbul uçuşu ağlagəlməz, əlçatmaz bir imtiyazdı. Bir-iki gün görüşüb bir yerdə olmaq imkanımız oldu və bacardığım kimi hörmətini tutmağa çalışdım. Getməzdən əvvəl mənə yeni çıxmış kitabını bağışladı və… Məmməd Aslana layiq avtoqrafla:
“Altıncı imamım Cəfərsadıq! Dünya itirərdim buluşmasaydıq.” Onun lütfkarlıqla mənə belə dəyər verməsi nə qədər mübaliğəli, mənim üçün nə qədər təvazödən uzaq olsa da, nə gizlədim, çox əziz və səmimi idi.
Getdi. Biz Məmməd Aslan adlı dünyanı fiziki olaraq itirdik, amma onun sözü, Kəlbəcər, Qarabağ həsrəti həmişə bizimlədir. Qarabağın, Kəlbəcərin düşmən tapdağı altında olması onun aramızdan getməsinin səbəblərindən biri, bəlkə də birincisi oldu. Həyata göz yummazdan əvvəl etdiyi vəsiyyət də bunu təsdiq edir: Mənim ruhumun sakitləşməsini istəyirsinizsə qəbrimin üstünə heç olmasa bir ovuc Kəlbəcər torpağı səpin.
Şair dostum Nəsib Nəbioğluyla Məmməd müəllim haqqında danışırdıq. Birdən Nəsib məni bir şəkillə təəccübləndirəcəyini dedi və beş dəqiqə keçməmiş bu şəkli göndərdi. Keçən əsrin altmışıncı illərində Kəlbəcərdə çəkilmiş bu şəkil həqiqətən bir tarix lövhəsidir. Soldan birinci–həyatdan vaxtsız köçmüş şair Sücaət, ikinci–dövrümüzün məşhur və bənzərsiz şairi Məmməd İsmayıl, üçüncüsü–ustad Dədə Şəmşir, dördüncüsü—pedaqoq İbadət Rüstəmov, mərkəzdəki adam Məmməd Aslan, altıncı—alim Eldar Ramazanov, yeddinci Səməd Vurğunun “Azərbaycan” şerini ingilis dilinə, Şillerdən və Şekspirdən dilimizə birbaşa tərcümələr etmiş istedadlı şair və pedaqoq Ənvər Rza, səkkizinci–məşhür həkim Əvəz Cəfərov və sağdan birinci Dədə Şəmşirin oğlu Gəmbər Qurbanovdur.
Cəfər Sadıq,
1 noyabr 2015-ci il