LAÇIN-Bu günün nağılının var olanının yoxluğu
Düz 971 il əvvəl 18 Mayda Ömər Xəyyam doğuldu…
Düz 215 il əvvəl bu gün Napoleon Fransanın imperatoru oldu.
Düz 424 il əvvəl bu tarixdə Rusiya ilə İsveç arasında Tyavzin sülh müqaviləsi bağlandı, Rusiya itirilmiş torpaqlarını geri aldı…
Və bu günün 27 il gerisində Ermənistan ordusu Laçın karidorunu ələ keçirtdi.. Sonuncu bizim üçün yazılan, bizim tariximizin payına düşən bu günün xronologiyasıdır!
Azərbaycan Laçında yenildi, Laçını uduzdu…((( Bu günün məğlubiyyətinin sonuna hansı xəbəri qoysam nə fərq edəcək ki? Daha yumşaq xəbərmi işlətsəm?! Siz deyin, bu günə, Laçınla başlayan cümlələrə hansı fel və ya felin hansı zamanı uyğundur, münasibdir ? “Biri vardı, biri yoxdu” ilə başlayan nağılın əlimizdə qalan “yoxdu”sumu? Yoxsa..? Və əgər yoxsa?
“Doğuldu”, “oldu”, “aldı”… və tarixin bu günündə bizim cümləmizin xəbəri tövşədi, tənginəfəs oldu, dayandı, durdu. Laçın meşələrinin Sultanı, andranikin qulağını kəsən kişilərin nəvələri öldürüldü, öldü.
Yoxsa… Yoxsa, mənim cümlələrimin məntiqi yenəmi ağır oldu? Yoxsa, yazılarım yenə çoxmu qaramsardı?!
Bu günün tarixə bəxş etdiyi Ömər Xəyyam zamana baş qoşma deyib. “Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də, keçmişi də, indi özün ol, yaşamı bərbad etmə” .
Zamanı kim geri döndürə bilib ki, mən də döndərəm. Özüm o zaman geri dönüm, bu günə- 18 Maya. Sabah gəlməmişdən fəryad etməyim, bü günün, indinin dadını çıxardım -deyəcəm, amma… Ömər Xəyyamın “yaşamını bərbad etmə”dən əvvəl bu “indi özün ol” tövsiyyəsi olmasaydı… Özün olmadıqca, özündə olmadıqca yaşam bərbad olur. Özümüzün olub özümüzdə olmayan o qədər şey varkən, necə bərbad olmayasan? Və bu gündə bir də Laçın faciəsi varsa…?
Təsadüfə bax ki, Ömər Xəyyam doğulan gün və ondan 756 il sonra Fransada vaxtının, baxtının taxtına oturan imperator Napoleon da insan və zaman anlayışına “Axmaqlar keçmişdən, ağıllılar indiki zamandan, dəlilər də gələcəkdən bəhs edərlər” –deyə qimət verib.
Hansından olduğuma qərar vermək çətin oldu. Çünki tarix biz demirəm- öz adıma və mənim qavramıma görə məni bu gün 3-nü bir arada yaşamağa məcbur edib. Bu günün içində Laçının dünəni – siyasi masalara oturdulmuş, oradan hələ qaldıra bilmədiyimiz keçmişi, düşmən əlində zəlil, əlil edilən gələcəyi var. Bu nağılın VAR olanında YOXdusundan daha ağır olanı. Gündə, gündəmdə, bizdən bir neçə addımlıq GENdə qalan Laçını!
Mən azərbaycanlı olsam da, işğaldan əvvəl doğulsam da (işğaldan sonra doğulanların oranı görməməsi təbiidir-müəl.red) Laçını heç görməmişəm. Laçın mənim üçün haraydı? Laçın mənim üçün HARAYdı! Çingiz Mustafayev harayı!!!Laçın mənim üçün Seyidağa Mövsümlünün videokamerasının obyektivinin gözündən boylanan könüllü əsgərdi!!! Və Laçın mənim üçün oradan didərgin düşmüş tələbə yoldaşım Qönçəgül Kamalqızıdı!
Mən Laçını onun yataqxanaya sığışan, sıxışdırılan dünyasından tanıdım. Mən Laçımı Laçından çıxmağa məcbur qalsa da, o torpaqsız yaşamaq məcburuyyətini özünə sığışdırmayıb dünyalara dəyişilməyəcək cənnətinin xiffətindən dünyasını dəyişən atasından tanıdım. Onun hüzr yerində o yerlərin səfasıyla, cəfasıyla hələ şəhərliləşməmiş laçınlılar tanış etdi məni. Gülzarının gülü zar ağlayan, iki gözü bir çeşmə olanların yanağından yuvarlanan yaşlarla ayna bulaqlarının assosiasiyası canımı üşütdü. O yerlərsiz necə tab gətirəcək bu “yersizlər” deyə ah edənlərin nəfəsiylə daddım oranı, oralıların havasını. Soyuqdu, ilıqdı, qaynardı… İsti deyildi. O hərarəti orada qoyub gəlmişdilər. Mən laçınlıların gözündə, özündə o yerlərin bu gündə bərbad olmuş keçmişini, gələcəyini gördüm. İndisiylə necə bərbad olmayasan? Onun formulunu bir bilən varmı?!
Düz 971 il əvvəl 18 Mayda Ömər Xəyyam doğuldu…
Düz 215 il əvvəl bu gün Napoleon Fransanın imperatoru oldu.
Düz 424 il əvvəl bu tarixdə Rusiya ilə İsveç arasında Tyavzin sülh müqaviləsi bağlandı, Rusiya itirilmiş torpaqlarını geri aldı…
Və bu günün 27 il gerisində Ermənistan ordusu Laçın karidorunu ələ keçirtdi..Sonuncu bizim üçün yazılan, bizim tariximizin payına düşən bu günün xronologiyasıdır!
Tünzalə Vəliqızı,
Moskva
18 May 2019