Qırğızıstanda qəzaya uğrayan təyyarə Türk Hava Yollarına aid deyil
Qırğızıstanda bu gün səhər saatlarında yük təyyarəsi evlərin üstünə düşüb, nəticədə 4 nəfər ekipaj üzvü də daxil olmaqla 37 nəfər ölüb. Təyyarənin Türk Hava Yollarına məxsusluğu bildirilsə də, adıçəkilən hava şirkəti bu xəbəri yalanlayıb. Qəzaya uğrayan təyyarənin THY-na aid olmadığı bildirilməklə yanaşı, bu tipli desinformasiyanın yayılmasının dünya markalı aviaşirkətin imicinə zərər vurmaq məqsədiylə edildiyi də qeyd edilib.
Qırğızıstanda düşən Türk yük təyyarəsi ilə əlaqədar son dəqiqə xəbərləri gəlməyə davam edir. Honqonq aeropotundan havaya qalxan təyyarə sıx dumanlı havada istiqamətini itirərək Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Manas aeroportuna enmək istərkən qəzaya uğrayıb. Qəzada ən az 37 adam həyatını itirib, ölü sayının çox daha yüksək ola biləcəyi ifadə edilir.
Qırğız səlahiyyətliləri təyyarənin pilotun səhvi üzündən qəzaya uğraya biləcəyini ehtimal edir. Təyyarənin düşərkən ən az 15 evə zərər verdiyi bildirilir.
Türk Hava Yolları (THY) Bişkekdə düşən yük təyyarəsinin THY-na aid olmadığını açıqlayıb. Bu şərhə baxmayaraq BBC başda olmaq üzrə bir çox qəzetlərdə Qırğızıstanda düşən türk təyyarəsinin THY -nın təyyarəsi kimi qələmə verilməsi kəskin etiraz doğurub. AK Partiya Adana Millət vəkili və Avropa Şurasındakı Türk nümayəndəliyinin başçısı Talib Küçükcan “BBC World etdiyi yalan və səhv xəbərlə dünya markası olan THY-nın adına ləkə sürməyə və ona olan güvəni sarsıtmağa çalışır”” – açıqlamasıyla kəskin reaksiya verib.
Honkonq- Bişkek reysi ilə uçan Boeng 747 tipli ACT Hava yollarına aid Türk yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb. Faciəvi qəza sonrasında ilkin məlumatlara görə 32 adam ölüb, 6 nəfər isə yaralanıb. Təyyarənin 4 nəfərlik ekipaj üzvündən sağ çıxan olmayıb.
Qırğızıstan baş nazirinin müavini Muhambetkalıy Abulkaziyev təyyarənin yerli saatla 7:30 radələrində Bişkek yaxınlığındakı bir kəndə düşdüyünü deyib. Qırğızıstan Nəqliyyat Nazirliyi də təyyarənin Manas aeroportuna endiyi sırada qəzaya düşdüyünü açıqlayıb.
Reuters xəbər agentliyi təyyarənin ən az 15 evə zərər verdiyini yazıb. Təyyarənin qəzaya düşdüyü yerdə axtarış və xilasetmə işləri davam edir.
/Yenises.ru/“