Sabiranə: Uşaq və Düz


Sabiranə:  Uşaq və Düz

Sabirin “Buzla danışan uşağını düzlə savaşdıran cəmiyyətə”” SİDQİ-dən

Tərsə gedən bir uşaq,
Çıxdı Düz yola qoçaq

Bu yolu düz bilirdi–
Deyə burdan gedirdi.

Sürüşdü birdən-birə
Düşdü rüşvətli yerə.

Burda millət çox idi
Heç tanışı yox idi.

Biri deyirdi “Beş yüz
Saydım bu xanıma düz.

İndi verin mandatı
Minim o köhlən atı”.

Biri dedi:–“Tələsmə
Sən burda asıb-kəsmə

Mən qoyuram şərtləri
“Bir limonu” ver bəri”.

“—İnsaf elə, Qaynana,
Gücüm çatmır limona”

“Gücün yoxdur çıx çölə,
Məni bilmirsən hələ.

Nə qədər ki sağam mən
Olmalıdı mən deyən”.

Uşaq çaşıb qalmışdı
Canını dərd almışdı.

Dedi bir limon nədi.
Kişi verə bilmədi.

Bu necə Qaynanadı
Həvəsi limonadı.

Eşitmişdi rüşvət var
Onu böyüklər alar.

Burdasa limon üstə
Olubdur hamı xəstə.

Anladı birdən-birə,
Baxdı düşdüyü yerə.

Uşaq durub neylədi
Düzə belə söylədi:

–Sən nə yamansan, a Düz?!
Tamam yalansan, a Düz!

Lap yumağa dönmüsən,
Sən də rüşvət vermisən?

Bir adındı “düz” sənin
Tezliklə artar qəmin.

Diskin düşər “Yutuba”
Qurtarmazsan, a toba!

____________________________________________________________
(limon-milyon)”


Bir cavab yazın