DÜNYADA BEŞ QADIN VARSA


DÜNYADA BEŞ QADIN VARSA
“Dünyada beş kişi varsa
Beşini də tanıyıram barmağımın beşi kimi
Dünyada beş kişi varsa
Beşini də qatlayıram barmağımın beşi kimi.”

(Namusuna hər zaman and içdiyimiz Azərbaycan Qadınının
şəninə yaraşmayan şeirin müəllifinə)


Dünyada beş qadın varsa,
beşini də tanıyıram…
Bəzisinə Ana kimi səcdə edib,
bəzisini ürəyimdə yana-yana qınayıram…
Dünyada beş qadın varsa,
hər birisi
gözəlliyin, təmizliyin rəmzi kimi ucalmalı!
Bir ismətli xanım kimi yaşamalı,
bir nurani nənə kimi qocalmalı!

Dəyişibdir amma zaman…
Bu amansız dünyamızda,
nə yazıq ki, yetmir gücüm beş qadının namusuna and içməyə,
beşini də müqəddəslik zirvəsinə ucaldaraq,
başımıza tac seçməyə.
Nə yazıq ki,
kimlərinsə ocağına külüfürən “şeytan”ların hesabı yox…
Kimlərinsə balasını atasına həsrət qoyan
“qadın” cildli ilanların heç bir vicdan əzabı yox!
Xoşbəxtliyi kimlərinsə bədbəxtliyi üzərində quranlar var…
İsmətini, paklığını tapdalayıb,
qardaş-bacı ümidini qıranlar var…
“Ana” adı arxasında gizlənərək
neçə-neçə oyunlardan çıxanlar var…
İnsanların evlərini yıxanlar var…
Kişilərin papağını yer altına soxanlar var…
…. Nə dəhşətdir!
Dilləri də necə uzun,
Üzləri də necə “ağdır”?!
Belələri Azərbaycan Qadınının sinəsinə qara dağdır!

İstəyirəm…
Dünyada beş qadın varsa,
hər birisi
gözəlliyin, təmizliyin rəmzi kimi ucalsın qoy!
Bir ismətli xanım kimi yaşasın qoy!
Bir nurani nənə kimi qocalsın qoy!
Beşini də gözümüzü yerə dikib tanımayaq!
Hamısına Ana kimi səcdə edək!
Heç birini qınamayaq!


Bir cavab yazın