Afaq ŞIXLI DÜNYAYA AÇILAN BİR PƏNCƏRƏ VAR…
Sizə sual versələr ki, bir adam həm riyaziyyatçı, həm jurnalist; həm mühasib, həm inşaatçı; eyni zamanda gözəl saz çalan və təkrarsız misralar sahibi bir şair ola bilərmi? Bütün bunların üzərinə də, səmimilik, mehribanlıq, dürüstlük, etibarlı və iradəli olmaq kimi müsbət insani keyfiyyətləri gəlsək?
“Belə birisi yoxdur”, – deyərsiniz… və yanılarsınız. Belə bir insan var! Elə bu oxuyacağınz yazı da onun haqqındadır.
Nədənsə, biz insanlar, adicə yol gedərkən, ya da dəniz sahilində gəzərkən, yüyürüb qaçarkən, yorulub dincələrkən – necə də xoşbəxt olduğumuzu anlamırıq. Amma, bir anlığa bunlardan məhrum olduğumuzu fikirləşsək, dəhşətə gələrik yəqin ki.
Bütün dünyası – pəncərəsi önündə açılan mənzərədən, səyahət etdiyi yerlər – evinin dörd otağından, gördüyü insanlar isə, yanına gedib gələn əzizlərindən və bir neçə dostundan ibarət olan bir şair var aramızda. Çoxları onu tanıyır, lakin çoxları da tanımır. Gəlin tanış olaq:
Elman Şəmşəd oğlu Tovuz – şair, jurnalist, riyaziyyatçı, inşaatçı, layihəçi, modelyer və s… və s… 10 aprel 1961 ildə Tovuz mahalının Şıxheybət kəndində dünyaya gəlib.
Bozalqanlı kənd orta məktəbini, sonralar Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ümumiqtisad fakültəsini və həmin institutun o zamanlar açılmış jurnalistika fakültəsini bitirib.
Elə tələbəlik illərindən qəzetlərdə, jurnallarda şeirləri və məqalələri dərc olunub.
Dörd şeir kitabının müəllifidir.
1998-ci ilin dekabr ayında avtomobil qəzasına uğrayıb, elə o zamandan da əlil arabasındadır.
Bizim tanışlığımızın və sonrakı qırılmaz dostluğumuzun tarixi 3 ilə yaxındır… Amma onun qəmli nağılı çoxsan başlayıb, lap çoxdan… Bu nağılın əvvəlini o özü belə danışır:
“… Mən valideynlərimin 3-cü övladıyam. Atamla heç vaxt bu haqda söhbətlərimiz olmayıb, amma, rəhmətlik anam, mənim uşaq maraqlarımı cavablandırmaq üçün deyirdi ki, yazda yer əkini vaxtları doğulmuşam. Biçin vaxtı taxıllıqdan tapıldığımı söyləyirdi anam… Həmişə düşünürdüm ki, məni ora kim gətirib qoyub görəsən? Evimizin qarşısında bir zolaq taxıl zəmisi olduğunu indi də xatırlayıram…
Doğrusu, çox utancaq idim… İndi də o hiss qalıb məndə. Güləndə üzümdə oyuq yaranırdı, çökəlirdi yəni. O da həmişə başıma bəla olurdu. Bir dəfə qonşumuza bir qız gəlmişdi. Məndən çox böyük idi (onda mən 5-ci sinifdə oxuyurdum). Üzünü o biri uşaqlara tutub dedi ki, mən yuxumda görmüşəm ki, güləndə üzü çökələn oğlana ərə gedirəm. Hamınız gülün! Mən ordumu köpürdüb gülmək istədim, o isə ikiəlli üzümdən tutub dedi: ” Elə yuxuda gördüyüm sənsən, əl çəkən deyləm”. Qıpqırmızı olmuşdum. Sonra onlar rayona qayıdanda bir neçə gün ağladım. Anama yox, bacıma dedim, o da məni ələ salırmış kimi başladı gülməyə… 2-3 gün bacımı danışdırmadım…
Orta məktəbdə 6-cı sinifdən sonra başlamışam oxumağa, özü də necə… Hətta deyənlər vardı ki, Şəmşədin oğluna “”vergi”” verilib. Məktəbdə mən çıxıb dərs danışanda artıq yoldaşlarımın təəccübünü açıqca hiss edirdim.
Mən 1978 – ci ildə orta məktəbi bitirdim. ADU-nin tətbiqi riyaziyyat fakültəsinə daxil ola bilmədim, necə deyərlər “”konkurs””a düşdüm. Bir ilə yaxın iişlədim və 79-da sənədlərimi XTİ-nun ümumiqtisad fakültəsinə verdim və daxil oldum. O sevinci sözlə ifadə edəmmirəm. Tələbə biletini almışdım yenə tələbə olduğuma inanmağım gəlmirdi.
İkinci kursda oxuyanda tələbə yoldaşlarım artıq şeir yazdığımı bilirdilər. Şair İsa Musayev bizim müəllimimiz idi. O, məni m bir neçə şeirimi dinlədikdən sonra, institutun redaksiyasına apardı. Redaktorla tanış etdi. Redaktor bir mövzu dedi və o mövzu haqddina kiçik bir məqalə yazmağı tapşırdı. Yazdığımı oxuyandan sonra 3-4 şeir götürdü… İki həftə keçmiş olardı, dərsə gələndə tələbə yoldaşlarım məni təbrik etdilər, hətta şair – deyə zarafatlaşdılar da… Özümü itirmişdim…
Tələbə olduğum vaxtlar institutda İTF (içtimai peşələr fakültəsi) təsis edildi. Mən də həmin fakültənin jurnalistika ixtisasına daxil oldum. Dərslər axşam keçirilirdi və beləcə, mən iki fakültədə oxuyurdum. Jurnalistikanın əsasları, natiqlik və onun inkişafı, nitq mədəniyyəti kimi fənnləri sevməyə başladım. 82-ci ildə instututun “”İqtisadçı”” qəzetinin heyətində iki tələbədən biri mən oldum. O vaxtdan etibarən hiss etdim ki yazmalıyam, daha doğrusu yazmaya bilmirəm. İnstitutda keçirilən ədəbi məclislərə, ad günlərinə, yaradıcılıq gecələrinə dəvət almağım məni daha da ruhlandırır, yeni şeirlər yazmağa sövq edirdi… Tələbə dostlarım mənə “”şair”” deyə müraciət etmələri çox xoşuma gəlirdi, hətta küçədə gedəndə elə bilirdim məni tanıyırlar…”
…Gülür.
Mehriban çöhrəsinə gülmək həqiqətən də gözəl yaraşır. O tutulanda, sanki bir hüzün çökür bu böyük və yaraşıqlı evə.
Amma hər bir nağılın bir qəmli, kədərli yeri də olur. Elman Tovuz nağılında da ürəkgöynədən məqam vardır – həyat dolu bir insanın, gələcəyə ümid, yaşam eşqi, ilham dolu bir şairin bütün dünyasını bir pəncərə önünə cəmləşdirən məqam… Və bu anlarda gözləri yol çəkir, qeyri-ixtiyari başını silkələyir, sanki istəmədiyi xatirələri özündən uzaqlaşdırmaq istəyir.
“…O vaxtlar Kürdəmirdə Dəyirman tikdirirdik. Tikinti başa çatmışdı. Müəssisənin açılışına hazırlaşırdıq. Bununla bağlı rayon müəssisələrindən birinin müdiri ilə görüşüm var idi. 1998 – ci dekabrın 11 – də saat 10 -00 Kürdəmirim Mollakənd kəndində olmalı idim. Bakıdan saat 6-05 də çıxmışdım. saat 8-30 da həmin rayon ərazisində (İmişli yolu da deyirlər) qəflətən maşın oynadı. İdarəetməni itirdim, əyləci basdım. Maşın yolun kənarına şığdı və bir andaca aşdı, göydə çevrilib 3 metr hündürlükdə olan enişdən aşağı düşdü və bərk yerə çırpıldı.
Onurğamın sınıq səsi hələ qulağımdadır.
Beləcə, 13 ildir əlil arabasındayam. Allaha min şükür – sizlərin arasındayam, yaxşıyam, gümraham. Tanrı mənə, kimsəyə vermədiyi bir dözüm verib. Fəda olum Yaradana. Biz onunuq! O özü yaradıb, nə istəyir edir, nə karəyik ki, etiraz edək?! Bəlkə də belə olduğu daha yaxşıdır. Dünya elə yamanlaşıb ki! Pislikləri, haqsızlıqları görmürəm heç olmasa…”
…Susur.
Dediyi sözlərə inanır da, inanmır da. Sazını bir dəli nisgillə sinəsinə sıxıb çalır:
Nə dərddi çəkirəm, hələ bilmirəm,
Sağala bilmirəm, ölə bilmirəm.
Ayrı cür yanına gələ bilmirəm,
Sən məni yuxuda çağır bir axşam.
Bu qəmi, möhnəti əritmək üçün,
Sızlayan qəlbimi kiritmək üçün,
Yapışıb qolumdan, yeritmək üçün
Sən məni yuxuda çağır bir axşam.
Bu sevda nur olub, zülməti haqlar,
Qorxma, sirrimizi özündə saxlar.
Yanan – gözlər olar, susan – dodaqlar,
Sən məni yuxuda çağır bir axşam.
Əli dolu gəlim, əli boş gedim…
Gedəndə büdrəyim yolu çaş gedim.
Sənə ac olsam da, könlü xoş gedim,
Sən məni yuxuda çağır bir axşam.
Beləcə, qəlbimin ehtiyacı bol,
Haqqa gedən yoldu sənə gələn yol!
Adımı çağırma, ehtiyatlı ol…
Sən məni yuxuda çağır bir axşam.
…Qəribə insandır Elman müəllim – bir yeniyetmə qədər utançaq, bir ahıl qədər müdrikdir. Yalan, saxtakarlıq bilməz… Düzə düz, əyriyə əyridir. Amma bununla belə, kimsənin könlünü qırmaq istəməz. Öz yüngül aurası ilə insanda elə xoş təəssürat yaradır ki, ilk görüşdən hər kəs onunla yoldaşlığa can atır. Nə olur olsun ruhdan düşmür. Ədəbiyyat sevgisi, poeziya sevgisi onu hər zaman nikbin və özü dediyi kimi, gümrah saxlayır.
Şəxsi layihəsi əsasında tikilmiş iki mərtəbəli səliqəli ev də, bəyaz işləməli hasar da, güllü-çiçəkli bağça da, meyvə ağacları da, hətta çiyələk kolları da gedəni bir daha qaytarır. Özü də, xanımı da olduqca qonaqpərvərdirlər. Süfrələri, nəinki dostlara, evlərinə gələn hər bir insana hər zaman açıqdır.
Çaldığı telli sazının sədaları könül oxşayır, insana yorğunluğunu, dərd-sərini unutdurur, bəzən isə titrədir, kövrəldir, duruldur…
Mən Bakıya hər getdiyimdə, vaxtım nə qədər az olur-olsun, ilk növbədə onun görüşünə gedirəm. Bu bir adət halını alıb. Hətta qızım Nilufər də, onu öz əmilərindən seçmir, mənsiz də olsa, mütləq Elman əmisini ziyarət edir. Aralarında qəribə ülvət və məhəbbət var, ata-bala məhəbbəti. Özünün övladı olmasa da, bütün gəncləri balası qədər sevir bu mükəmməl insan. Neçə-neçə gənc şair onun müdrikliyindən, biliyindən və təcrübəsindən bəhrələnib.
Yaşadığım Moskva şəhərində də əziz dostumu yaxşı tanıyırlar. Bakıya gedən zaman ona baş çəkir və sonra da, bir qayda olaraq, mənə xəbər verirlər. Onunla tanış olan hamı, nə bu görüşü, nə də onun duzlu-məzəli, sazlı-sözlü, şeir dolu söhbətlərini unuda bilmir.
Keçən il, Elman Tovuzun “Sən məni yuxuda çağır bir axşam” adlı dördüncü şeir toplusunu işıq üzü görmüş və böyük oxucu kütləsi toplamışdı.
Üzvü olduğum Şəhriyar Ədəbi məclisinin təşəbbüsü ilə Moskvada bu kitabın təqdimatı keçirildi. Müəllifin özü yanımızda olmasa da, qəlbən hər birimiz onun yanında idik. Telefon bağlantısı quraraq, bir-bir onunla danışıb təbrik etdik. Cəmiyyətimizin sədri Vasif Məmmədov: “ Əziz Elman qardaşım! Bu gündən sizi də bu Moskva Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin fəxri üzvlüyünə qəbul etdik!” deyərkən, səsi titrədi. Hamımız mütəəssür olduq. Vasif müəllim, sonradan, Elman müəllimin kövrəldiyini və danışa bilmədiyini dedi.
Bu addım, əlbəttə ki, önəmli bir şey sayılmaya da bilər. Bir kitabın, müəllif iştirakı olmadan, təqdim olunması, bir cəmiyyətə üzv seçilməsi… Təbii, kimin üçünsə bunlar sıradan olan şeylərdir. Lakin, önəmlisi – bizdən 2500 km uzaqda yaşayan Vətən oğlumuzun könlünü sevindirmək, onun gələcəyə, insanlara və tutduğu yolun uğurlu olmasına inamını artırmaq idi. Dostlarının sayının gün-gündən çoxaldığını bildirmək zərurəti idi.
Şeir – səma, şeir – dərya, şeir – çöl,
Şeriyyətin yox bucağı, yox ucu…
Mənim şerim – dağ kəndindən gələn yol,
Yormaz səni, qorxma, yeri, oxucu!
Oxuduqca baxışları ləngidin…
Duyuq düşsə misralarda yatmış dərd,
İstəsəniz bu nömrəyə zəng edin:
“Beş yüz yetmiş, sıfır doqquz, altmış dörd”.
Əgər, bu inadçı, həyatın dərdləriniə yenilməyən şairi özümün sevdiyim qədər, sizə də sevdirə bildimsə, xoşbəxtəm.
Siz yaxındasınız, dostlar! Onunla bir Vətəndə, bir şəhərdəsiniz. Sözlərilə sizə yalnızlığınızı və qəmlərinizi unutduran şairi tək qoymayın. Adi bir telefon zəngiylə, adi bir mesajla sevindirin, fərəhləndirin.
Unutmayın: dünya – qəribə dünyadır. Ayaqda olan zaman bu günümüzü, yataqda olan zaman isə sabahımızı düşünürük. Amma hər nəyi düşünürüksə düşünək, insan olduğumuzu və insanlar arasında yaşadığımızı unutmayaq! Dünyaya bir pəncərədən baxanların gözü, qulağı, əli, ayağı olaq! Bu dünyanı daralmağa, saralmağa, adiləşməyə və ümidsizləşməyə qoymayaq!
Məşhur Rus yazıçısı və həkim A.P. Çexov demişdir: “Sənin sağalmağını gözləyənlərin olduğunu bilən zaman, xəstəlik də gözəldir!”
P.S. Sözlərimi əziz dostuma yazdığım bir şeirlə tamamlamaq istəyirəm.
SƏNINTƏK
Qələm dostum Elman Tovuza
Bu aləmi qarış-qarış gəzənlər
Çöl-çəməni görə bilməz sənintək!
Min çəməndən min bir çiçək üzənlər
Gözəlini dərə bilməz sənintək!
Yaman çoxdu bəd niyyəti xoş bilən,
Bayquşu da bir uğurlu quş bilən.
Hər damcını gözdən axan yaş bilən
Könüllərə girə bilməz sənintək!
İnsaf elə, balığı at dəryaya…
Haqq önündə dura bilməz daş-qaya.
Ayrı kimsə bu qəribə dünyaya
Ürəyini verə bilməz sənintək!
13.11.12.
Moskva.
“