İLQAR KAMİL Şeirlər


İLQAR  KAMİL  Şeirlər
ÖZÜM ÜÇÜN DARIXMIŞAM…

Ən böyük xəyalı
böyümək olan özüm üçün darıxmışam.
Böyüdüm, kiçilmək istədim,
uşaqlaşmaq
uşaqlar kimi qəhqəhə çəkib
ürəkdən gülmək istədim…

Ən böyük istəyi
doyunca oynamaq olan özüm üçün darıxmışam.
Oynaya-oynaya böyüdüm,
anladım ki özüm də bir oyuncaqmışam.
Fil olub piyadaları sıradan çıxarmağıma qürrələnərkən –
Şahmatdakı kimi –
qüdrətli bir əlin oyuncağı olduğunu anlamamışdım…

Ən ağır dərdi
yatmaq olan özüm üşün darıxmışam.
Böyüdüm,
saxta laylalar belə yuxuya verdi məni.
Elə dərindən yatdım ki,
həyatın ən səs-küylü zəngləri belə oyada bilmədi
yatdım, qaldım
yox, yox, işə deyil,
həyata gecikdim…

Ən böyük xəyanəti
dərsdən qaçmaq olan özüm üçün darıxmışam.
İlk qaçışım çətin oldu,
yadımdadı
Dərs mənə tərs gəldi
qaçdım
indi həqiqətlərdən qaçdığım kimi…

Ən böyük cinayəti
qənddandan qənd oğurlamaq olan özüm üçün darıxmışam.
Şirinlərdən xeyir gəlmədi heç zaman,
marça-marçla yediyim qəndlər dişlərimi çürüdüb, düşürdü
günahı siçanın boynuna atdı atam,
anam…

Ən böyük qorxusu
üst-başını bulamaq olan özüm üçün darıxmışam.
Anamdan elə qorxardım ki…
Böyüdüm, ruhumu buladım
anam dinmədi,
dinə bilmədi
dindi, bilmədim
ölmüşdü…

Ən qəddarlığı
həyətdəki pişiyin ayaqlarını
biri-birinə bağlamaq olan özüm üçün darıxmışam.
Elə məsum günahlarım var idi ki…
Böyüdüm
günahlarım ayaqlarımı bağladı
haqqa doğru gedə bilmədim…

Darıxmışam,
Illər öncə itirdiyim
o sevincli üzüm üçün darıxmışam.
Sənin üçün məndən gedən
Səndə qalan özüm üçün darıxmışam.
Darıxmışam…

…Doğularkən ağlayırmışam, deyərdi anam
Sənə mənim öyrətmədiyim yeganə şey
ağlamaqdı deyərdi.
Gülməyi isə həyat mənə öyrətdi
Və mənim ilk öyrəndiyim saxtakarlıq
Gülmək oldu…

HİSSƏ-HİSSƏ

Hissə-hissə yıxılarıq güvəndən,
Sevgidən –
Duyğu-duyğu
Göz yaşları tökə-tökə.
Hissə-hissə itirərik sevdiklərimizi
Parça-parça
Tikə-tikə…

Məsələn, mən anamı səsindən itirməyə başladım
Yadımdadı, son dəfə
Nəfəsi ilə danışdı mənimlə
Tutulmuşdu dili.
Sonra üzv-üzv soyumağa başladı
Əvvəl ayağı,
sonra əli…

Və hissə-hissə çıxarıq insanlıqdan
addım-addım
cızıq-cızıq
Əvvəl ağlımız çaşar,
Sonra fikrimiz, sözümüz…
Tək başına necə dözsün ürək yazıq..?!
Dözməkmi olar?!
O da çınqıl-çınqıl atar insanlığın daşını
Yavaş-yavaş Daşlaşar.

ANASIZLIQ…

Anasız bu dünyamın
Nə dadı var, nə də tamı
İlahi,
al hər şeyimi,
qaytar mənə anamı!

Anasızlıq ağır gəlir,
ürək onu çəkə bilmir.
“Yetim” adlı yırtığımı
heç bir iynə tikə bilmir.

Anasız çılğın həyatın
nəbzini tutmaq da çətin.
Anasız gülmək, ağlamaq,
anasız yatmaq da çətin.

Anasızı gözlərindən tanıyaram;
Kövrək, ürkək
Heç bir gözün düz içinə baxa bilmir
Elə bilki baxışında nəsə çatmır,
anasızlıq
gözlərindən çıxa bilmir…

“Əziz anam!” –deyən görər
Ana əzizləyən görər-
sol tərəfdə ağrı duyar anasızlar
bir xəlvətə çəkilərək sızıldayar anasızlar…

Bircə kəlmə, üçcə hərf
Dərin, çözülməz bir məna.
Desəm mələk
desən insan
əlçatmaz bir imkan –Ana!

…Doğularkən qayçı ilə
göbəy bağımızı kəsib-
ayırarlar anamızdan
Bax ,o zaman bəlli olar
Ulu istək
Demək, hər şey ötəridir,
hər şey haçansa bitəcək.
Demək, bu fani dünyada
öz doğmaca anamıza-
belə
bağlanmamaq gərək…

İlqar Kamil, Yaroslavl


Bir cavab yazın