Yavər Həsəndən şeirlər
***
Fikrin getməkdi, gedirsən,
dön,
son dəfə
üstümdə bir ağız ağla get.
Səndən sonra çat-çat olacağam,
buludları gözlərimə bağla get.
Qapıma qıfıl vur,
hərdən yel açır, açmasın,
Güzgünün üzünə pərdə çək,
kor qalsın mənə.
Bir şam yandır,
get,
uğurlar olsun Sənə.
Gündüzlər pəncərəndən Gün işığı,
gecələr Ay işığı süzülsün.
Sən üzülmə,
Səni sevməyənlər üzülsün…
Sən get,
məni düşünmə,
canın yanmasın,
ruhunu qoru.
İsti yağışlardan
yuxunu qoru!..
***
Bircə söz yaz,
heç o sözü də yazma,
bir ağ varaq qoy zərfin içinə,
ünvanıma məktub göndər,
bilim ki,
yadından çıxmamışam.
Dünyanın ən ağır dərdi unudulmaqdı.
İnsan öləndə yox,
unudulanda ölür.
Fikrini yorğan edib örtürəm üstümə,
xəyalın isidir məni,
yoxsa,
mən bu sazaqlara dözməzdim…
Burda yanvar ayıdı,
hər tərəfdə qar var,
dünya bir ağ varaqdı,
və mən bu ağ varağa
Sənin adından başqa,
heç bir ad yaza bilmirəm.
Mənim qələmimdə
Sənin adından başqa,
heç bir ad çiçəkləmir.
***
Sənsizləmişəm,
boş qədəh kimiyəm, qız!..
Xəyalına tapşır, məndən qaçmasın,
fikrinə de, fikrimdən getməsin,
dənsiz dəyirman olmaq istəmirəm.
Buludamsa, yağışım olsun,
zəmiyəmsə, sünbülüm,
sünbüləmsə, dənim…
Akvariumda balıq,
terrariumda ilan,
qəfəsdə quş saxlamıram.
Heç nəyə marağım yoxdu,
nəfəs almağa da ərinirəm.
Hanı o havalı başım,
dəli ürəyim?
Hanı o dünyaya sığışmayan mən?
Bu yaşamaq deyil,
ölməkdi, qız!..
Qapımda qıfıl yox,
pəncərəmdə pərdə.
2 X 2 = 4 olmuşam.
Gözü qurumuş bulağam,
pətəyi balsız arı.
Canımda ZAMAN dayanıb,
ayaq üstdə ölmüşəm.
İndi mənimçün
bütün səhralar qum saatıdı,
qurumuş qum saatı…
Gecələr qara gözlərə,
şəvə caçlara bənzəmir,
gündüzlər boz-bulanıqdı.
Səndən sonra
dünyanın bu qədər dəyişəcəyini
düşünməzdim.
Ömrüm toz rəngindədi…
Oturmuşam,
ağ varaq üstünə
qarlı dağ,
çiçəkli düz çəkirəm…
Başın sağ olsun, ÖLÜM,
kəfənim çiçəkləyir…
/Yenises.ru/