Yeni imza: Həsrət SƏDA (Şeirlər)
Hər halda mənim üçün yeni imzadır, o. Moskvada bir el şənliyində aparıcıliq edərkən gördüm. Ilk cümləmi keçmiş zaman üzərində qursam da, bu bitmiş və uzaq keçmişlə bağlı deyil. Elə bu yaxınlarda idi. Şənliyin ruhuna uyğun köklənmiş şeirlərlə-sözlərlə məclisdəkiləri ələ almış gülər üzlü bu gənc hər kəs kimi mənim də diqqətimi cəlb etdi. Bir çox televiziya aparıcılarından daha səlis, gözəl, məntiqli nitqi olması da bir ayrı söhbətin mövzusudur. Indilik əsas olan o məclisdə söylədiyi şeirlərdir mövzu.
“Həsrət kimdir?”-deyə şeirdə adı çəkilən müəllifi soruşdum, ondan. Gülümsəyərək- “bəyəndinizmi?”-dedi.
Bu sorunun cavabını zamanın və oxucularımızın ixtiyarına buraxıram. Hər halda özü iddiasız kimi görünsə də, “Səda” təxəllüsü iddialı səslənir, məncə…
Tünzalə Vəliqızı
Həsrət SƏDA
ALLAH
Yazıb hər qəlbə bir “Allah” sözün Allahın özü,
Edib hər zərrədə agah özün Allahın özü.
Xəlq edəndir, adı kim, xaliqi-sübhandır onun
Xəlq olunmuşlarının əşrəfi insandır onun,
Demə insanlara gəl, nur üzü pünhandır onun,
Əks edər insan üzündə üzün Allahın özü.
Yanır eşqinlə sənin, sən də onun eşqinə yan,
Onun eşqiylə yanarsa yanmaz atəşlərə can.
Axı İbrahimi Nəmrud oda atdırdığı an
Gülə döndərmiş odun hər közün Аllahın özü.
Verib allah sür ömür, buraxma əldən yüyənin
Görmüşük aqibətin özün qürurla öyənin,
Neçə Firon kimi şahın, «mənəm Аllah» deyənin
Çökdürüb önündə bir gün dizin Аllahın özü.
Kor olar gözləri hər kim dana memarlığinı,
Cümlə xəlq etdiyinin ali füsunkarlığını,
Adi bir zərrədə görməkçün onun varlığını
Açar imanla bəsirət gözün Аllahın özü.
Bir dəfə xoş günündə əgər salarsan yadına,
Min dəfə bəd günündə yetər sənin imdadına.
Şərdə qurtulsa canın yalandan and iç adına,
Buna rəhmilə veribdir izn Аllahın özü.
ÇATMAMIŞAM MƏN
Çətin günlərimdə, dar anlarımda
Yaxşını yamana satmamışam mən.
Düzdü, incikliyim olubdu dostdan,
Amma bir dəfəlik atmamışam mən.
Dədədən, babadan belə görmüşəm,
Düşmən də ac olsa, süfrə sərmişəm
Gözə nur vermişəm, işıq vermişəm,
Tikana çevrilib batmamışam mən.
Qoyub bünövrəmi ən ali bənna
Tərbiyə sarıdan yoxdur təmənna,
Ağlım kəsən gündən “Əşhədu ənna”
Deməmiş bir gecə yatmamışam mən.
Hamını can deyib danışdırmışam,
Dərdlinin başını qarışdırmışam,
Savaşan görəndə barışdırmışam,
Ömründə aranı qatmamışam mən.
Həsrət, and içərərəm, öz canım,olsa,
Kora göz verərəm imkanım olsa,
Ölü sağaldaram dərmanım olsa,
Hələ çox arzuma çatmamışam mən.
YANAĞINDAN
Öpərəm ölüncə,demərəm doydum,
Günəşə bənzəyən al yanağından.
Gülüşün o qədər şirindir sənin,
Elə bil süzülür bal yanağından.
Ulduzlar istefa verməsin deyə,
Günəş buludlara girməsin deyə,
Kafirlər cənnəti görməsin deyə
Hərdən bir zülfünü sal yanağından.
Görəndə üzünü odlanıram mən,
Həsrətəm, tüstüsüz hey yanıram mən,
Neyləyim, hər şeyə qısqanıram mən,
Axı nə istəyir xal yanağından?
/Yenises.ru/