VÜQAR Bayramovdan yeni şeirlər


VÜQAR Bayramovdan  yeni şeirlər
SƏNİN ÜÇÜN

Atıb ürəyimdən kədəri,qəmi,
Silib gözlərimə yığılan nəmi,
Ruhumun əmriylə alıb qələmi,
Sənin dönüşünə yazdım bu şeri.

Saçım həsrətindən dənə qovuşub,
Ayrılıq olmasın, yenə qovuşub.
Mənim, ilham pərim, sənə qovuşub,
Sənin dönüşünə yazdım bu şeri.

Ətrafın, yaxının, dəstən mən olub,
Ruhunu dindirən bəstən mən olub,
Ay həkim, ömürlük xəstən mən olub,
Sənin dönüşünə yazdım bu şeri.

Həsrətlə dost oldum,dərdlə səmimi,
Tarıma çəkildi, könlümün simi,
Vüqaram kükrədim şairlər kimi,
Sənin dönüşünə yazdım bu şeri.

SƏNİ

Həyata yetərdin, ömrə bəs idin,
Nəğməydin,bəstəydin, bir xoş səs idin,
Mənim dodağımda bir nəfəs idin,
İndi yuxularda görürəm səni.

Saçımı oxşayan əl idin onda,
Ətrindən doymadım, gül idin onda,
Ən gerçək ay idin, il idin onda,
İndi yuxularda görürəm səni.

Nağılım, şeirim, bayatım idin,
Şənliyim,şadlığım büsatım idin,
Mənim ömrüm idin, həyatlm idin,
İndi yuxularda görürəm səni.

Hər gecə buludtək doluram,ancaq
Gül kimi saralıb soluram, ancaq,
Ruhumla yanında oluram, ancaq
Indi yuxularda görürəm səni.

BU HALIMI GÖRƏNDƏ

Hər saniyə bir qulağı səsdəyəm,
Güləcəksən bu halımı görəndə.
Həsrətindən ayaq üstdə xəstəyəm,
Biləcəksən bu halımı görəndə.

Odlamısan ürəyimin başını,
Dəcəl olub kəsəmmirəm qarşını.
Əllərinlə gözlərimin yaşını,
Siləcəksən bu halımı görəndə.

Bu məhəbbət xeyirdimi, şərdimi,
Oynayıram taleyimlə ” nərdimi””.
Qəlbimdəki kədərimi, dərdimi,
Böləcəksən bu halımı görəndə.

Günlər keçir,aylar ötür il olur,
Xəyallarım varlığına qul olur,
Deyəcəklər şair yanır, kül olur,
Gələcəksən bu halımı görəndə.

Ömür zəmi, sünbülündə dən yetim,
Dağ vüqarlı, başındakı çən yetim,
Həsrətinə dözəmmirəm mən yetim.
Öləcəksən bu halımı görəndə.

/Yenises.ru/


Bir cavab yazın