Elşən Əzimin şeirləri
QIFIL
Bizimlə bir dəstə açar gəlibdi,
Məhlənin açarı, evin açarı.
Kefim qıfıllanıb üzümə mənim,
Qalıb evimizdə kefin açarı.
İnadım əyilib, vüqarım sınıb,
O da qalaq-qalaq il altındadı.
Bilirəm, qapımız o vaxtdan yanıb,
Qıfıl bir kalafa kül altındadı.
O qıfıl gül açar günün birində,
Sükutun içində çürüyür, itir.
Onun torpaq dolmuş açar yerində,
Hər bahar bir həsrət çiçəyi bitir.
Qapılar görmüşəm, o vaxtdan bəri
Bu dərdin işığı içəri düşmür.
İndi mən neyləyim ayrı qapıya
Bizim qapımızın açarı düşmür.
Hayana üz tutdum qıfıl göyərdi,
Ümid qıfıllıdır, arzu qıfıllı.
Bərəkət qıfıllı, ruzi qıfıllı,
Bu tale, bu qismət, yazı qıfıllı.
Tətiyi qıfıllı silahımızın,
Tətiyi çəkəsi əlim qıfıllı.
“Susuram, başımı saxlamaq üçün”,
Ağzım qıfıllıdır, dilim qıfıllı.
Çaşdıqmı, tərk etdik oba yurdunu,
Dərdi köç üstünə aşırıb gəldik.
Bizdə ürəyə bax, baba yurdunu
Bir paslı qıfıla tapşırıb gəldik.
Çaylar qayalardan asılı qaldı,
Bulaqlar ağladı, kiridi orda.
Bu boyda həsrətin, bu boyda dərdin
Açarı burdadı, kilidi orda.
TEZ GƏL, ÜZ-GÖZÜMDƏN ÖLÜM TÖKÜLÜR
Hardasa dünyanın sökülüb üstü,
Yerə əzab damır, zülüm tökülür.
Məndən yuxarıda mən alışıram,
Yenə öz başıma külüm tökülür.
Evə yorğun dönüb üzgün gəlirəm,
Əsəbi gəlirəm, qızğın gəlirəm.
Əli ətəyindən uzun gəlirəm,
Hər gün boş cibimə əlim tökülür.
Qarşıma taleyin yazdığı çıxır,
Gözümün önünə göz dağı çıxır.
Demirəm… sinəmin cızdağı çıxır,
Deyirəm… od tutub dilim tökülür.
Bir yarpaq söz imiş dilin mələyi,
Şan qoyan arıdı gülün mələyi.
Sən harda ölmüsən, ölüm mələyi,
Tez gəl üz-gözümdən ölüm tökülür.
QOCALDI
Bu yazıq uşaq beşikdən,
Torpağa qədər qocaldı.
Sinəsindən qopan nəğmə,
Dodağa qədər qocaldı.
Taledən aldı öyüdü,
Səsi ruhunun neyidi.
Zülmətə qədər böyüdü,
Çırağa qədər qocaldı.
Deyilməyib boğulan söz
Boğazına yığılan söz.
Ürəyində doğulan söz,
Varağa qədər qocaldı.
AŞIQ ELBURUS “QARAÇI” HAVASINI OXUYARKƏN
Ürəyimin həsrətini, qəmini,
Yarsanı şah pərdəyə çəkirsən.
Əlim çatmır dərmanına dərdimin,
Çarəsini şah pərdəyə çəkirsən.
Hünər yoxmu bu nəsildə, bu soyda,
Bu torpağın həsrəti var nə boyda.
Parasını Araz qoyub o tayda,
Parasını şah pərdəyə çəkirsən.
Od çatırsan göydən ahı düşürüb,
Boynumuza bu günahı düşürüb.
Ay insafsız, taxtdan şahı düşürüb-
“Qaraçı”nı şah pərdəyə çəkirsən.
YANDIRDI MƏNİ
Gülüm, əksin gözümə,
Düşüb yandırdı məni.
Dərdin sinəmin üstə
Bişib yandırdı məni.
Ala gözün aynadı,
Göz ha baxdı doymadı.
Sənə qanım qaynadı,
Daşıb yandırdı məni.
Həvəsdəydi ürəyim,
Şikəstəydi ürəyim.
Od üstəydi ürəyim,
Aşıb yandırdı məni.
QƏMBƏRQULU
Sən çıxdın bu ömür payımdan mənim,
Mələyin hakimi, şeytanın qulu.
Çıxdın çörəyimdən, çayımdan mənim,
Ay köhnə tanışım, ay qəmbərqulu.
Boy atan arzumun başına döydün,
Ömrün qabqarılmış köçündən çıxdın.
Nəyə əl atdımsa əlimə dəydin,
Nəyə üz tutdumsa içindən çıxdın.
Əynimdə geyimi-kecimi görüb
Dilənçi uşaqtək yanladın məni.
Arzuyla hörülmüş içimi görüb,
Gözümə baxanda anladın məni.
Gəl gündə bir dona girmə havayı,
Yel oldun böyrümdən ötdün, tanıdım.
Kol oldun önümdə bitdin, tanıdım.
Adam sifətində üzümə güldün,
Cin oldun gözümdən itdin, tanıdım.
Sən kimin oğlusan, bundan mənə nə,
Sən kimin qızısan, nə fərqi var ki.
Bir rəngin dəyişib, onda sarıydın,
İndi qırmızısan nə fərqi var ki.
Özgəyə işləyən ağlımsan mənim,
Səni içirdimmi, kefləndirimmi?
Bəlkə öz qızımsan, oğlumsan mənim.
Səni köçürdümmü, evləndirimmi?
Hayana fırlasan cavab taparam,
Dərdlə siləliyəm, sözlə doluyam.
Hərdən düşünürəm, kimin üçünsə-
Bəlkə mən özüm də qəmbərquluyam.
Necə kəfən geyim, ömür soyunum,
Bu işdən də duyuq salmayım səni.
Necə gizli ölüm, xəlvət yayınım,
Qəbrimin içində bulmayım səni.
Bir elin içindən teyləndin belə,
İşıq gələn yerə dürtdün özünü.
Axırda şerimdən boylandın belə,
Gəlib qələmimə sürtdün özünü.
Bəlkə də sən məndən min yaş böyüksən
Dədəmdən qocasan, babamdan ulu.
Keyfimə şəriksən, dərdimə yüksən,
Ay köhnə tanışım, ay qəmbərqulu.
DÜNYADAN YUXARI
(Şəhidlərimizin xatirəsinə)
Eşitmişəm bir məqam var,
Atam, dünyadan yuxarı.
Nə sirdi torpağın altda
Yatan dünyadan yuxarı.
Ucuzdur beş arşın ağı,
Bazar günahdan aşağı.
Alan Allahdan aşağı,
Satan dünyadan yuxarı.
“Bildiyimiz bilməcədi,”
Dağlar fələkdən qocadı.
Vətən behiştdən ucadı,
Vətən dünyadan yuxarı.
Yaşadım
Məni nə sən gördün, nə özüm gördüm,
Gəlib yanınızdan keşdim yaşadım.
Mən eşqin göyünə qalxa bilmədim,
Mən sənin dərdinə düşdüm yaşadım.
Daha bu ömürlə bir savaşım yox,
Daha bu ürəkdə ağır daşım yox.
Oyaq gözüm oldu, ayıq başım yox,
Bir badə vermişdin içdim yaşadım.
Bir gün ürək dinib usandım deyər,
Bir gün ürək məni nə sandın deyər,
Gülüm, sənsiz ölmək asandır deyə,
Sənsiz yaşamağı seçdim yaşadım.
/Yenises.ru/