Bir “QAŞIQ” ümid
Nurlana Həşimovanın hekayəsi əsasında Ruhəngiz Hacıyevanın ssenariləşdirdiyi “Qaşıq” filmində hadisələr Azərbaycanın bir kəndində cərəyan edir. Filmin quruluşçu rejissoru Müşfiq Balayevdir.
Bu gündən dünənə uzanan keçmişin bir parçası əks olunan “Qaşıq” adlı qısametrajli bədii filmdə müharibə adlı kabusun insanları bir qaşıq ümidə həsrət qoyduğundan söz açılır.
“Neçə illər ötüb gərəsən, amma sən o qaşıq səslərini unuda bilmirsən…” – Sonda filmin qəhrəmanı Musanın dilindən səslənən bu ifadə ilə müəllif səni başlanğıca götürür. Mənə elə gəlir ki, “Qaşıq” filminin kilid nöqtəsinə açarı burada axtarmaq lazımdır.
Müharibənin üstündən əsrin 3-də biri qədər zaman keçib. Amma onun yaşatdığı vəhşət hələ də yuxularda bizi təqib edir, yaxamızı buraxmır…
Alman façizminə, rasizmə qarşı birgə savaşdığımız müharibənin çoxmillətli sövet ailələrində açdığı yaralar hələ də qapanmayıb. Lakin birgə-bərabərliyin hökm sürdüyü sovet cəmiyyətində -iki uşağın timsalında müəllif bu bərabərliyi pozur. Buna misal ilk baxışdan gözə çarpan uşaqların birinin arıq və digərinin kök olmasıdır. Və ocağında xaşıl bişən ananın “yeməyini yeməyə gəl” çağırışı ilə digər ananın buna susması həmin fikri təsdiqləyir. Müəllifin tamaşaçıya verdiyi mesaj budur.
Qaşıq. Bir evdə-həm də xaşıl olan evdə qaşığın olmaması inandırıcı deyil. Fikrimcə müəllif bilərəkdən tamaşaçının diqqətini istər-istəməz qaşığı bəhanə edib Musaya xaşıl vermək istəməyən Məsmə xalaya yönəldir..
Bəli. Müharibədə hər kəs – necə deyərlər süddən çıxan ağ qaşıq olmayıb. Aralarında Məsmə kimiləri də vardı-deyə razılaşmaq istəsən də…
Burda məntiq pozulur, məncə. Azərbaycan qadını, anasının, daha da irəli getsək, bir tikə loxmasını qonşusuyla, dostu ilə bölməyə tərəddüd etməyən bizi-mənəvi dəyərlərimizi ağır töhmət altında buraxmağa müəllifi vadar edın nədir? Nə demək istəyir?
Azərbaycanlı olaraq müharibənin kimsəsiz buraxdığı başqa millətlərin uşaqlarına sahib çıxan analarımıza qarşı – Məsmənin qoyulması hiddət doğurandır. Yenə beynini bir müəmma qurcalayır. Əcəba Məsmə bizimki deyilmi?
Filmin rejissor işi isə o dövrü əks etdirməsi baxımından uğurlu alınıb. Filmin rejissoru Müşfiq Balayevin bir müddət Rusiyada fəaliyyətini də nəzərə alsaq bu professionallığı naxışlayan cizgilər aydın olur.
Azərbaycanın qərb paytaxtı Gəncə yaxınlığında bir kənd, yay fəsli bir tərəf daşlıq, digəri saralmış susuz zəmi və tənha uşaq-remarkaya söz yox. Müharibənin yaşatdıqlarını təzadlarla əks etdirən kadrlar sanki sözü sıxışdırır, “səssiz film” təəssüratı yaradır. Personajları dilləndirmədən televiziyanın səsini qısıb filmə səssiz baxsan bir şey qaşırmazsan. Personajlar arasında keçən dialoqları təxmin edə, onların yerinə danışa bilərsən. Yəni bu qədər, amma bəsit deyil.
Olmuş həyat hekayəsi əsasında çəkilən filmdə bütöv bir tarixə baxış, bir nəslin faciəsi yaşanır. Bu əslində obyektivin kiçik pəncərəsindən geniş dünyaya açılmaq istəyinin haqqını verib- deməkdir.
Ssenari qısa mətnində müharibə leksikonu üçün xarakterik olan bütün kəlmələr bu kiçik sənədli-bədii parçada tamlığı ilə əksini tapıb. “Güllə”, “qara kağız”, “ölüm”, “aclıq”, “solğun, miskin həyat…” Bir-birinin ardınca sıralanan kadrlarda bu kabusun vəhşətləri iki uşağın, iki ailənin timsalında – rəngiz şəkildə gözümüz önündə sərgilənir. Bu tabloda yayın günəşi belə həyatın bənizini soldurub …
Müəllif qanlı-qadalı müharibənin gətirdiyi səfalət, ölüm adlı gerçəklyin fonunda tənha xarabazar evdə uşaqlığı yeyilmiş yaşlı Musanın yaddaşından o illərin silinməməsinin səbəbini tamaşaçının ixtiyarına verir. Bu tipli sonluqlar dünya kinosu təcrübəsində var və düşündürücüdür.
Müharibənin qaşıq səsindəki əsk-sədası bizi hara götürür? Sovetlər dönəmində savaşdığın müharibədə verdiyin itkilərin əvəzində xoşbəxt, firavan həyata qovuşmamaq ümidsizliyinəmi? Yoxsa hər yerə basdırıan gülləylə bir ümidin gömülməsinəmi?
Musa niyə “gedim qaşıq gətirim” – deyil, “Mən qaşıq taparam” deyir. Çünki itirdiyin yerdə hər zaman bir tapmaq ümidi var…
Filmi təqdim edirik
Tünzalə Vəliqızı
Moskva