Nəsib Nəbioğlu: “Abbas Abbasovun Azərbaycanla bağlı heç bir iddiası yoxdur”


Nəsib Nəbioğlu: “Abbas Abbasovun Azərbaycanla bağlı heç bir iddiası yoxdur”
Moskvada yaşayan azərbaycanlı şair, Rəsul Rza və Yuri Dolqoruki adına beynəlxalq ədəbi mükafatlar laureatı Nəsib Nəbioğlu “Media forum” saytının suallarını cavablandırıb. Söhbətin mövzusu Rusiya-Azərbaycan münasibətləri, Rusiyada Azərbaycan diasporunun fəaliyyəti olub. Müsahibəni Yenises.ru olaraq biz də saytımızda vermək qərarına gəldik.

– Nəsib müəllim, qismət belə gətirib ki, Rusiya Azərbaycanın siyasi taleyində həmişə mənfi rol oynayıb. Azərbaycan xalqının Rusiyadan mədəni, iqtisadi cəhətdən hansısa faydalar götürdüyünü söyləmək mümkündür, amma siyasi baxımdan Rusiyanın Azərbaycana heç vaxt xeyri dəyməyib. İndi Rusiyada Azərbaycan diasporunun bəzi liderlərinin ciddi şəkildə fəallaşdığı, bu fəallaşmanın Rusiya və Azərbaycan hakimiyyətləri arasında münasibətlərin pisləşdiyi vaxta və Azərbaycanda prezident seçkisinin keçirilməli olduğu ilə təsadüf etdiyi bir məqamda əsas sual ondan ibarətdir ki, Rusiyada Azərbaycanla bağlı fəallaşma siyasi hadisədirmi? Əgər siyasi hadisədirsə, bu, Azərbaycan xalqına nə fayda verə bilər? Yox, Azərbaycan diasporunun bəzi liderlərinin fəallaşması yalnız Rusiyada yaşayan azərbaycanlıların mədəni və iqtisadi mənafeyi üçündürsə, bu fəallığın indi baş qaldırmasını necə izah edə bilərsiniz?

– Tale, qismət elə gətirib ki, Azərbaycan uzun illər rus imperiyasının tərkibində qalmağa məcbur olub. Bu, tarixdir. Amma bugünkü Rusiyaya tarixi düşmən kimi baxmaq bizə fayda verməz. Rusiyanın Azərbaycanın siyasi taleyində həmişə mənfi rol oynadığını demək, məncə, düzgün olmazdı. Bu gün Azərbaycanın müstəqil dövlət kimi yaranmasında və inkişafında Rusiyanın böyük rolu olub. Müstəqil Azərbaycan dövlətinin yaranması yalnız milli azadlıq hərəkatının nəticəsi deyil. Bu həm də Rusiyanın təkcə Azərbaycana yox, bütün sovet xalqlarına, 15 respublikaya verdiyi müstəqillikdir. Bu, Sovet İttifaqının süqutunun, 1991-ci ilin dekabr ayının 8-də Rusiya, Ukrayna və Belarus liderlərinin bir araya gələrək imzaladıqları Belovejsk deklarasiyasının nəticəsidir. Əgər bu gün Cənubi Azərbaycan dediyimiz torpaqlarımız Rusiyanın tərkibində olsaydı, bəlkə də indi bütöv, böyük bir müstəqil Azərbaycan dövləti yarana bilərdi. Hər halda Rusiya Azərbaycanın taleyində müəyyən rol oynayıb. Rusiya və Azərbaycan xalqları bir coğrafi məkanda əsrlər boyu birlikdə yaşayıblar. Ölkələrimiz və xalqlarımız arasında artıq uzun əsrlərdir ki, tarixi, mədəni və iqtisadi əlaqələr qurulub, xalqlarımızı birləşdirən siyasi, iqtisadi, mənəvi, hərbi əlaqələr və başqa amillər bu gün də mövcuddur.

Rusiya böyük ölkədir, bizə yaxın olan ən böyük dövlət və böyük qonşumuzdur. Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin, münasibətlərinin zəngin və çox böyük tarixi var. Bu tarixə diqqətlə yanaşmaq lazımdır. Düzdür, müxtəlif zaman kəsiyində bu münasibətlərdə də müəyyən gərginliklər olub. Ümumiyyətlə belə götürəndə əksər halda Rusiya ilə münasibətlərimiz heç də pis olmayıb. Son vaxtlar Rusiya ilə Azərbaycan arasında münasibətlərdə bir gərginliyin yaşandığı açıq şəkildə hiss olunur. Bu, Rusiyanın Xəzərlə bağlı siyasətinin, Rusiyanın neft-qaz məsələsində apardığı siyasətin Azərbaycanla üst-üstə düşməməyindən və başqa səbəblərdən qaynaqlana bilər.

İki dost, qonşu, strateji müttəfiq ölkə arasında heç zaman ciddi problemlər olmamalıdır. Narazılıqlar, gərginliklər dövlət səviyyəsində aradan qaldırılmalıdır, iki ölkə arasında əməkdaşlığa, tərəfdaşlığa, dostluğa böyük önəm verilməlidir. Rus və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlıq, qarşılıqlı münasibətlər tənzimlənməlidir. Rusiya ilə dostluq etməkdən başqa bir yolumuz yoxdur. Azərbaycan və Rusiya bir qonşu kimi birlikdə yaşamalı, bir-biri ilə həmişə səmimi dostluq münasibətləri saxlamalıdır. Bu gün Azərbaycanla Rusiyanın dostluğunu istəməyən, bu dostluqdan imtina edən bəzi insanlar bilməlidirlər ki, Rusiyada hələ sayı dəqiq bilinməyən minlərlə soydaşımız var. Buraya müxtəlif səbəblərdən üz tutan insanlarımız var. Rusiyanın elə bir bölgəsi, elə bir vilayəti yoxdur ki, orada azərbaycanlılar məskunlaşmasınlar. Buranı könüllü vətən seçənlər, ailə qurub yaşayanlar var, haqsızlıq-ədalətsizlik ucbatından, içsizlik ucbatından, məmurların özbaşınalığından baş götürüb gələnlər də var. Kim olurlarsa olsunlar, bunlar hamısı bizim xalqın, millətin nümayəndələridir. 3 milyondan artıq olan bu insanların taleyini fikirləşmək lazımdır. Onların çoxu özünə gün-güzəran düzəldib, həm özlərini, həm də Azərbaycandakı qohum-əqrəbalarını dolandırırlar. Bu insanların yerini soyuq eləmək olmaz.

Güman edirəm ki, siz Rusiyada Azərbaycan diasporunun bəzi liderlərinin fəallaşması dedikdə Rusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbəri, “AzərRos”un Ağaqqalar Şurasının sədri Abbas Abbasovu nəzərdə tutursunuz. Mən bu fəallaşmanı siyasi hadisə saymıram. Bunu yalnız və yalnız diaspor fəaliyyətində canlanma, tərəqqi, inkişaf kimi görürəm. Və bu fəallaşmanın da prezident seçkisi ərəfəsinə düşməyinə adi hal kimi baxıram. Bu fəallaşmanın Azərbaycana, onun adına xələl gətirən bir pis təsiri olacağına inanmıram. Bunun Azərbaycan xalqına heç bir ziyanı dəyməz. Bu fəallaşma sadəcə olaraq diaspor quruculuğumuzun inkişafı, formalaşması naminədir.

– Həqiqətən də Rusiyada Azərbaycan diasporunun bəzi liderlərinin fəallaşması dedikdə ilk növbədə Abbas Abbasovu nəzərdə tuturduq. Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasov bu il həm yeni yaranan Rusiya Azərbaycan Təşkilatları İttifaqına, həm də fəaliyyətinə yeni güc verilən Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzərRos”) Ağsaqqallar Şurasına sədr seçildi. O, indi demək olar ki, hər gün Rusiyanın müxtəlif şəhərlərinə səfərlər edir, azərbaycanlıları öz ətrafında toplamaqla məşğul olur. Bəziləri Abbas Abbasovu “Rusiyanın adamı” adlandırır və onun fəallığını Rusiyanın Azərbaycanın müstəqilliyinə, Azərbaycan dövlətinin mənafeyinə ziyan vurmaq üçün hazırladığı planın tərkib hissəsi sayır. Abbas Abbasovu bu cür planlara qoşulmayan, belə planlarda iştirak etməyəcək bir insan saymaq olarmı?

– Bu ilin yanvar ayının 25-də Moskvada “Prezident” otelində Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti – “AzərRos” V qurultayını keçirdi. Qurultayda “AzərRos”un əsas idarəedici orqanı olan Ağsaqqallar Şurası təsis edildi. Ağsaqqallar Şurasının tərkibinə Rüstəm İbrahimbəyov, Abbas Abbasov, Ramiz Abutalıbov, Tofiq Məlikli, Natiq Ağamirov, Rüstəm Arifcanov, Qalib Ağayev, Şirvan Kərimov və başqaları seçildilər. Abbas Abbasov Ağsaqqallar Şurasının sədri, Asif Məhərrəmov isə “AzərRos”un prezidenti postuna gəldi. Bu insanların hamısı xalqımızın ləyaqətli oğullarıdır, tanınmış ziyalılardır. Onların cəmiyyətimizdə böyük nüfuzları var.

Abbas Abbasovu “Rusiyanın adamı” adlandırırlar. Əlbəttə, Rusiyada onun böyük nüfuzu var. Uzun illər Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrimizin inkişafında onun böyük əməyi, rolu var. Hələ 1990-cı illərin əvvəllərində Azərbaycan böhran içində boğulanda, dövlətin əhalini dolandırmağa pulu olmayanda, dövlətin xəzinəsi bomboş olanda Rusiya bu adama inanaraq Azərbaycana taxıl, un verdi. Onun sözünə, düz adam olduğuna, etibarlı adam olduğuna inanıb bu yardımı Azərbaycana etdilər, millətimiz aclıqdan qurtardı. Bunu mən qeyri millətdən olan, Rusiyada yaxşı tanınan, Dağıstanın indiki prezidenti Ramazan Abdulatipovun dilindən eşitmişəm. Abbas Abbasovun “Rusiyanın adamı” olmağı o demək deyil ki, Abbas Abbasov Rusiyanın Azərbaycanın müstəqilliyinə xələl gətirəcək, inkişafına mane olacaq bir planını həyata keçirəcək. Rusiyanın Azərbaycanla bağlı belə bir planının olması inandırıcı deyil. Rusiyanın öz problemləri var, Azərbaycanın daxili işlərinə müdaxilə eləmək fikrinə mən inanmıram. Belə olarsa, Rusiya özü çətinliklərlə üzləşər.

Abbas Abbasovun Azərbaycanın adına xələl gətirən, Azərbaycanla bağlı çirkli işlərdə iştirak etməsinə inanmıram. Son vaxtlar belə fikirlər Azərbaycanda bir sıra kütləvi informasiya vasitələrində səslənməkdədir. Bunlar cəfəngiyatdır və yazılanların heç biri həqiqətə uyğun deyil. Olmayan şeyləri yazıb ictimaiyyəti çaş-baş salırlar, insanları aldadırlar.

Mən Abbas Abbasovu yaxından ilk dəfə bu ilin yanvar ayının 25-də “Prezident” otelində, o, Ağsaqqallar Şurasının sədri seçiləndə görmüşəm. Düzdür, onu uzaqdan-uzağa tanıyırdım, televizorda görmüşdüm, haqqında eşitmişdim, oxumuşdum, yəni kim olduğunu bilirdim. Onun qurultayda çıxışı məni silkələdi. Uzun illər belə məntiqli, savadlı, məzmunlu, azərbaycançılıq mövqeyindən çıxış edən adam görməmişdim, belə sanballı çıxış eşitməmişdim. Həmyerlimin natiqliyinə heyran qaldım, qürur hissi keçirdim.

Abbas Abbasov Azərbaycanda uzun müddət yüksək dövlət vəzifələrində çalışıb, Heydər Əliyevlə çiyin-çiyinə işləyib. Heydər Əliyev ona böyük etimad göstərib, rəğbətlə yanaşıb. Bu adam 15 il Azərbaycanda yüksək vəzifələrdə olub. Azərbaycanın indiki prezidenti İlham Əliyev də ona böyük etimad göstərib. Abbas Abbasov heç də Azərbaycanda Heydər Əliyev xəttinin həyata keçirilməsinə qarşı çıxan bir hərəkət etməz. Bu inandırıcı deyil. Biz, şəxsən mən özüm buna inanmıram. Ona görə də mən hesab edirəm ki, Abbas Abbasovu istəməyən adamlar var, bu da onların şayiəsidir. Abbas Abbasov azərbaycanlı adını daşıyır, olduqca ləyaqətli, savadlı, böyük həyat təcrübəsinə malik olan, Moskvada, bütövlüklə Rusiyada böyük nüfuza malik eloğlumuzdur. Onu burada çox yaxşı ziyalı, vətənpərvər azərbaycanlı, sanballı bir şəxsiyyət kimi tanıyırlar.

Ümumiyyətlə, Rusiyada yaşayan və dünyada yaşayan hər bir azərbaycanlı, özünə azərbaycanlı deyən hər kəs cəmiyyətdə tutduğu vəzifədən, tutduğu mövqedən, hansı ölkədə yaşamasından asılı olmayaraq Azərbaycanın milli maraqlarını qorumalıdır. Abbas Abbasov dəfələrlə öz çıxışlarında bunu qeyd edib. Bu adamın Azərbaycanla bağlı heç bir iddiası yoxdur.

Kim Abbas Abbasovu “Rusiyanın adamı” adlandırır, bu onun öz işidir. Mən sizi inandırıram ki, bu adam Azərbaycanın müstəqilliyinə, onun adına xələl gətirən bir hərəkət etməz. Ümumiyyətə, Rusiyanın Azərbaycana qarşı hansısa bir plan hazırladığı ağlasığan deyil. Abbas Abbasov belə şeylərə baş qoşmaz. Onun Azərbaycanla bağlı heç bir iddiası yoxdur. Sadəcə olaraq onun məqsədi Azərbaycan diasporunu gücləndirmək, burada məskunlaşmış həmyerlilərimizə kömək etməkdir.

– Bu günlərdə “AzərRos” bir təşkilat olaraq öz himnini qəbul etdi. Himnin sözlərini siz yazmısınız. Himnin əsas ideyası nədir?

– Əslində bu himn çoxdan yazılıb. 2002-ci ildə, 11 il bundan qabaq bu himnin musiqisini Asya Sultanova yazıb. Sonra o, yazıçı Çingiz Hüseynova zəng edib, belə bir himn yazdığını deyib. Çingiz müəllim də musiqiyə mətn yazmaq üçün mənim telefonumu Asya xanıma verib. Sonra biz Asya xanımla görüşdük. Mən də bu musiqiyə şeir yazdım. Əslində şeirə musiqi yazılmalıdır. Çox çətin olsa da, biz bu himni yaza bildik. Çətinliyimizin biri də Asya Sultanovanın Azərbaycan dilini yaxşı bilməməyi idi. Himnin ilk mətni 2002-ci ildə “AzərRos” qəzetində çap olunub. Amma o vaxt mən himni “Dünya azərbaycanlılarının həmrəylik himni” adlandırmışdım. 2004-cü ildə Vaqif Arzumanlı və İsmayıl Ağayev dünya azərbaycanlılarının fəaliyyəti ilə bağlı nəşr etdikləri “Dünən, bu gün, sabah” adlı kitabın 175-ci səhifəsində himnin mətnini dərc etmişdilər.

Üstündən 11 il keçməsinə baxmayaraq indiyə kimi bir adam bu himnlə maraqlanmayıb. Sadəcə olaraq bir mənim 50 illik yubileyimdə, bir də 55 illik yubileyimdə səslənib. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində (indi Diasporla İş üzrə Dövlət Komitəsi) də, Ümumrusiya Azərbaycanlıları Konqresində də, bir sözlə, bir çox diaspor qurumlarında belə bir himn olduğunu bilirdilər. Amma indiyə qədər buna heç kim məhəl qoymayıb. Bu onların öz işləridir. Axır ki, bu himnə bir dəyər verən, zəhmətimizə, istedadımıza qiymət verən, yazdığımız himni bəyənən adam tapıldı.

2013-cü ilin iyun ayının 26-da “AzərRos”dan Mehriban Sadıqova mənə zəng elədi və bildirdi ki, Abbas müəllim mənimlə və himnin bəstəkarı Asya Sultanova ilə görüşmək istəyir. Mən də razılıq verdim. Abbas müəllim bizi olduqca səmimi qarşıladı, iki saata yaxın bizimlə söhbətləşdi. Bir neçə dəfə himinin musiqisinə qulaq asdıq, mətni bir neçə dəfə oxuduq. Bizə bir sıra iradlar tutdu, musiqinin müəyyən yerində və mətndə bəzi sözləri dəyişməyimizi məsləhət gördü. Biz də bununla razılaşdıq. Ümumiyyətlə mən “AzərRos” yaranandan, 1999-cu ildən bu qurumun şura üzvü olmuşam. Ümumrusiya Azərbaycanlıları Konqresinin də Mərkəzi Şurasının üzvüyəm. Bütün Azərbaycan təşkilatlarının tədbirlərində məmnuniyyətlə iştirak edirəm. Mənim üçün ögey-doğma təşkilat yoxdur. Hər bir cəmiyyətə, təşkilata eyni səkildə yanaşıram. Mənim üçün iqtidar-müxalifət anlayışları yoxdur. Mənim üçün bir Azərbaycan məfhumu var.

O ki qaldı himnin ideyasına, burada minlərlə, milyonlarla həmyerlimizin qəlbindən keçən hissləri qələmə almışam. “Ey vətən oğlu, ey vətən qızı, ey bu məmləkətin övladı, yadında saxla ki, sən azərbaycanlısan. Harada olursan ol, harada yaşayırsan yaşa, unutma ki, sənin Azərbaycan adında bir vətənin var. Haraya gedirsən get, hansı dildə danışırsan danış, amma unutma, anan sənə hansı dildə layla çalıb. Dar gündə elinin səsinə səs verməyə hazır ol, çətin gündə, dar gündə soydaşlarına arxa ol, dayaq ol”. Budur mətnin əsas ideyası.

– “AzərRos”un sonuncu iclasında narazılıq yarandığına dair məlumatlar yayılıb. Narazılıqlar varmı və əgər varsa, əsasən hansı məsələlərlə bağlıdır?

– AzərRos”un sonuncu iclası iyun ayının 28-də oldu. Mən həmin iclasa qonaq kimi dəvət olunmuşdum. Toplantıda heç bir qalmaqal olmayıb. Bu, bəzi KİV-lərin, bəzi jurnalistlərin məsuliyyətsizliyi, iftirasıdır. Əgər orada hər hansı bir qalmaqal yaşansaydı, bunu niyə gizlədərdik ki? Məgər “AzərRos”un bir üzvü könüllü olaraq istefa verirsə, başqa birisi onun yerinə seçilirsə, bu, qalmaqaldır?

Bu toplantıda “AzərRos”un 6 ay ərzində gördüyü işlərin hesabatı dinlənildi. Təşkilata daxil olan müraciətlər dinlənildi, təşkilata üzv olmaq istəyənlərin müraciətinə baxıldı, müxtəlif təkliflər dinlənildi, müvafiq göstərişlər verildi, təşkilatın rəsmi simvolları, üzvlük biletlərinin nümunəsi təsdiq edildi, himni qəbul edildi. Bir daha deyirəm, burada heç bir narazılıq, qalmaqal olmayıb.

Baxın, tədbirin səhəri günü, heç səhər açılmamış, tezdən saat 4-də biz Tver vilayətinə Vişni Voloçok şəhərinə Müslüm Maqomayevin xatirə lövhəsinin açılışına getdik. Abbas Abbasov da bizimlə bərabər getmişdi, amma onun yerinə kim olsaydı, tədbirdən sonra istirahət edər, heç yerə getməzdi. Bu onun millətimizə, mədəniyyətimizə, incəsənətimizə, dahi Müslüm Maqomayevə istəyindən irəli gəlir.

Son zamanlar müxtəlif KİV-lərin yaydığı “Abbas Abbasov prezidentliyə namizəd olacaq”, “Abbas Abbasov keçmiş KQB-nin agentidir”, “Abbas Abbasov Laçını köçürüb”, “Kəlbəcərin işğalında iştirak edib”, “Abbas Abbasovun Rusiyada narkobiznesi” kimi yazılar şər-böhtandan başqa bir şey deyil, bunlar başdan-başa cəfəngiyatdır.

Əminliklə deyə bilərəm ki, Abbas Abbasovun rəhbərliyi altında “AzərRos” güclü təşkilata çevriləcək və Rusiyada yaşayan azərbaycanlıların ictimai-siyasi həyatında müstəsna rol oynayacaq. İnanıram ki, biz hamımız birlikdə həm “AzərRos”u gücləndirəcəyik, həm də ölkəmizlə əlaqələrimizi daha da inkişaf etdirəcəyik. Biz çalışırıq və çalışacağıq ki, bütün imkanlardan istifadə edib birliyimizi daha da gücləndirək.

– Rusiyanın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana hərbi-siyasi dəstək verdiyi bəllidir. Azərbaycan diasporunun bu siyasəti dəyişdirmək gücü və niyyəti varmı? Son vaxtlardakı fəallaşmada bu istiqamətdə hansısa işlər görülübmü?

– Bizim diaspor fəaliyyətinə başladığımız gündən, “AzərRos” və digər diaspor təşkilatlarımız yaranan gündən belə bir istəyimiz olub. Burada güclü diaspor yaratmaq üçün bütün diaspor təşkilatları ilə birgə fəaliyyət göstərmək arzusunda olmuşuq. İstəmişik ki, bizim də güclü diasporumuz olsun. Çox təəssüf ki, güclü təşkilatlanma olmadığından arzu-istəyimiz gözümüzdə qalıb. Buna da təşkilatlarımız arasında həmrəyliyin olmaması, daxili çəkişmələr, mənəm-mənəmlik iddiaları mane olub.

Çox vaxt belə fikirlər səsləndirilir ki, Qarabağ münaqişəsinin həlli Rusiyanın əlindədir. Bu, tamamilə doğrudur. Rusiya Qarabağ məsələsinin həllində mühüm rol oynaya bilər. Rusiya Dağlıq Qarabağ problemini həll edə bilər. Sadəcə olaraq onun bunu istəməsi lazımdır. Hər halda Rusiya ilə dil tapıb bu münaqişəni həll etmək lazımdır. Rusiya-Azərbaycan münasibətləri hərtərəfli inkişaf etdirilməli, taleyüklü, ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tam həllini tapmalıdır. Elə etmək lazımdır ki, Rusiya Ermənistanı yox, Azərbaycanı dəstəkləsin. Bu, iki dövlətin rəhbərlərindən asılıdır.

Dağlıq Qarabağ problemini Okeanın o tayından gəlib həll eləməyəcəklər. Bu problemi Azərbaycan Rusiya ilə birlikdə həll edə bilər. 20 ildən artıq girov qalan Azərbaycan torpaqları azad olunmalıdır. Rusiya Qarabağ məsələsində ədalətli mövqe tutmalıdır. Dağlıq Qarabağ dərdi xalqımızın ümumi dərdidir. Hər bir azərbaycanlı yaşadığı yerdən asılı olmayaraq bu münaqişənin həllində öz övladlıq borcunu yerinə yetirməlidir. Formalaşmış, güclü Azərbaycan diasporu bu münaqişənin həllində müstəsna rol oynaya bilər. İnanıram ki, Rusiya Azərbaycanın bütün problemlərinin, ilk növbədə Qarabağ münaqişəsinin həllində müsbət rol oynayacaq.

– Sizcə, xaricdə yaşayan, amma Azərbaycandakı hakimiyyətdən narazı olan, ona görə də hakimiyyətə fayda vermədən vətəninə fayda verməyin yolunu axtaran azərbaycanlı üçün çıxış yolu nədədir?

– Təbii, burada Azərbaycandakı hakimiyyətdən narazı olan, iqtidarı dəstəkləməyən insanlar var. Hansı əqidəyə sahib olursa olsun, siyasi baxışından, cəmiyyətdə tutduğu mövqedən, dini baxışından, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı yalnız azərbaycançılıq mövqeyindən çıxış etməlidir. Azərbaycanlılar bir ideya altında birləşməlidirlər. Vətəninə fayda vermək istəyən hər kəs onların hüquqlarını yetərincə qoruya bilən cəmiyyətin ətrafında birləşməlidir.

Bir daha deyirəm, Azərbaycanla Rusiya arasında tarixən dostluq, qardaşlıq münasibətləri mövcud olub və bu münasibətlər hər iki ölkə müstəqillik əldə etdikdən sonra da inkişaf etməkdədir. Azərbaycan rəhbərliyi də, Rusiya rəhbərliyi də hər zaman iki ölkə arasındakı münasibətlərə, əməkdaşlığa, dostluğa, qardaşlığa böyük önəm verməlidir.

Rusiya, şübhəsiz, burada məskunlaşmış hər bir azərbaycanlı üçün ən əziz, ən doğma ölkələrdən biridir və bundan sonra da hansı istiqamətdə fəaliyyət göstərəcəyindən asılı olmayaraq bu insanlar öz fəaliyyətində daim Rusiya ilə dostluq, qardaşlıq münasibətlərinin inkişafına töhfə verməyə çalışmalıdır.

İnsanların ən böyük ehtiyacı olan isti münasibət də, məhəbbət də, qayğı da çox vaxt yaxın qonşulardan gəlir. Atalar yaxşı deyib ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Qapıbir qonşumuzla həm sevincimizi bölürük, həm də kədərimizi…

“Media forum”””


Bir cavab yazın