Boyları çatmasa belə yuxarıdan aşağı baxanlar gördüm!


Boyları çatmasa  belə yuxarıdan aşağı baxanlar gördüm!
Bu yazımı xəstə cəmiyyətdə özünü sağlam hesab edən insanlara həsr etməyi qərara aldım. Əvvəlcə cəmiyyətin xəstəliyinin səbəbləri axtarmağa başladım və tapsam, sonra bu səbəbləri obrazlı dillə ifadə etmək qərarına gəldim. Bir az da dərin düşündükcə, əslində cəmiyyəti təşkil edən fərdlərin “xəstəlik” sindromu daşıdıqlarına əmin oldum ki, bu da küll halında cəmiyyətin sağlam olmadığı qənaətimi təsdiqlədi.

Çox çalışdım, amma düşündüklərimi anlaşılan dildə yazmağa hövsələm çatmadı. Onsuz da indi içi mən qarışıq hamı yazır-pozur. İşin maraqlı tərəfi ondadır ki, yazan oxuyanları, oxuyan da yazanları bəyənmir. Yox, bu cür yazmaq mənəmi qalıb deyərək, yerimdən durub qərarlı şəkildə otaqdan çıxdım.

Beləliklə, evdə oturub xəyal gücü ilə yazı yazmaqdansa xəstə olduğunu düşündüyüm cəmiyyətin içində olaraq, hər şeyi öz gözümlə görüb qələmə alsam fikrim daha aydın olar dedim.

Yol boyu insanları diqqətlə müşahidə etməyə başladım. Hər məqamda dərin məna axtardım, uzun müşahidədən sonra belə inandım ki, bu məmləkətdə yazmağa mövzu tapmamaq bəhanəsi tənbəllikdən başqa bir şey deyil. Gözünə görünən hər anda düşündürücü və geniş təhlil olunası mövzu var. Məsələn, avtobus sürücüsünün insanı “20 qəpik” kimi görməsi, sərnişinin isə 20 qəpiyi ödəyənə qədər o pula nələr ala biləcəyini düşünərək əlinin əsməsi, şəxsi avtomobildə gedənlərin maşınlarının qiymətinə uyğunlaşdırılmış adekvat maneraları, DYP əməkdaşlarının tıxaclarda ilişib qalan, bu üzdən qaydaları poza bilməyən müştərilərə məzlum baxışları və sıxlıq bitdikdən sonra başladıqları “təhlükəsizlik kəməri” əməliyyatı, gənclərin şəxsi həyatlarında və iş fəaliyyətində aparmadıqları mübarizəni metro vaqonlarına minmək üçün canfəşanlıqla icra etmələri və metro sıxlığında bel-belə dayansalar da bu vəziyyətdən narahatlıq hissi keçirməyənlərin üz cizgilərində sanki belə də olmalıdır görüntüsü, yaxınlaşdıqda pul verməyənlərə dilənçilərimizin yuxarıdan aşağı baxmaları və s. məqamlar az da olsa bizim xüsusiyyətlərimiz haqqında bir cox dəyərli informasiyalar verir. Və bu məqamların hər biri ayrı-ayrılıqda geniş müzakirəyə ehtiyacı vardır. Lakin mən özüm üçün ümumiləşdirərək bir məqama xüsusilə önəm verdim. Bu da bizim məmləkətin insanlarının nə məslək sahibi olmalarına baxmayaraq hamısının bir-birinə çəkinmədən yuxarıdan aşağı baxmasıdır. Çox maraqlıdır ki, yuxarıdan aşağı baxmayanlar belə başına gələnlərdən qorunmaq üçün bir müddət sonra yuxarıdan aşağı baxmaq peşəsinə sahiblənirlər. Yuxarıdan aşağı baxmaq ən çox qalstuklu xırda məmurlar arasında vizit kartı hesab oluna bilər, çünki onların fikrincə, ona ehtiyacı olana, abonentə, vergi ödəyicisinə yuxarıdan aşağı baxmasan səni saymazlar.

Digər bir məqam da cox düşündürücüdü. Dindarlarımız da dini baxışlarına görə digər təriqət üzvlərinə və dindaşlarına qarşı yuxarıdan aşağı baxırlar.

Həcc ziyarətinə gedən vətəndaşlarımızın ziyarət sonrası adlarının qarşısına “Hacı” kəlməsi əlavə olunması ilə öyünməsi, artıq günahlarının təmizlənmiş olduğunu və az qala paklıq simvoluna çevrildiklərini düşünərək insanlara yuxarıdan aşağı baxmağı özlərinə vacib bir əməl saymaları gülüş və təəssüf doğurur.

Öz boyları qısa ola-ola (fiziki boy rol oynamır) başqalarına yuxarıdan aşağı baxanlara bir xüsusu xatırlatmaq istərdim: əgər biz özümüzü və baxışımızı əməllərimizə mütənasib düzəltməsək, gələcəkdə övladlarımız o qədər cılızlaşacaq ki, hamıya müticəsinə aşağıdan yuxarı baxacaqlar.


Bir cavab yazın