Bu nömrəyə zəng çatir…
(Fərhad Ağamalıyevin xatirəsinə)
Operatorun “Bu nömrəyə zəng çatır” səsli xidməti yoxdur. Telefonumun yaddaşında onun adına qeydli olan nömrəsini yığdım. “Bu nömrəyə zəng çatmır”-demədi operator…
Bir tanıdığım “Moy mir””-dəki statusunda belə yazmışdı. “Haçansa biz həmişəlik şəbəkədə olmayacağıq”. Amma olmayanın belə kiminsə səhifəsində, kiminsə kollektiv şəklinin içində, kiminsə xatirəsində adı,izi, yeri qalacaq. Onun mənim telefonumun yaddaşında iki şəkli və bir telefon nömrəsi qalıb. Bu gün zəng çatan, hələ bağlanmayan nömrəsi.
Necə qalıb yaddaşımda, eləcə də yazıram.
Moskvaya gələndə bacımın təkidlə əlimdən tutub apardığı səfirlik binasıyla ilk tanış olduğum gün onun adını eşitmişdim. “Ali təhsilli jurnalistəm, Bakıda işimdən ixtisara düşüb bura gəlmişəm, mənə yardım edə bilərsinizmi?”-deyəcəkdim. Bunu özü üçün bir şey istəməyə utanan mənə bacım yolböyu təkrarlatmışdı. O zaman səfirliyin qapısında Tamella xanım “nə istəyirsən ?”-deyə qarşılamışdı. Mən də içimdəki xəcalətlə “Jurnaistəm, burada yaşamağa qərar vermişəm və bilmədim hara müraciət edim”- demişdim. Sonra məni “yola salmağa” AzərTac-ın Moskva müxbiri Asya Hacızadəni göndərmişdilər. (Xatırladım ki, AzərTac-dan təzə ixtisara düşüb bura gəlmişdim, və Asya xanımla iş yoldaşı sayılırdıq). Telefonda dediyi söz bu olmuşdu- “otfutbolit”. Bunu səfirliyin mətbuat xidmətinin rəhbəri Fərhad Ağamalıyev demişdi.
Sonra onunla bir tədbirdə tanış olduq. Bu dediklərimi söyləyəndə çox gülmüşdü. Mən nə bileydim axı, həm də… elə beləcə cümləsini tamamlamamışdı.
Daha sonralar mənə Qorbaçov haqqında yazdığı təhlili yazının əlyazmasını verdi. Moskvada işlədiyim “Millətin qəzeti”ndə çap edəcəkdim. Əlyazmasını harada necə itirdiyimi bilmirəm. Və hər dəfə, sənə verdiyim o əlyazması nə vaxtsa yazdığım, arxivimdə qalan orijinal bir yazı idi deyib- bir damcı acıqlanmadan gülümsünmüşdü. Nə edim itidim. Bir gün “önu itirdik”- xəbəri gəldi telefonuma. Fəhhad Ağamalıyevin hüzr yerindən gəlirik-dedi, Cəfər Sadıq. Bu xəbərdən bu dəfə özümü itirdim. Əlyazmasını itirdiyim insanın özünü itirdik.
“İndi buradan durub gedib ölsəm heç kəs inanmayacaq”-deyə edilən zaraftlardan qorxuram mən. Qəfil ölümlər zarafatla qorxudan qorxulardan daha gerçək olub.
Rus mətbuatında cəsarətli olduğu qədər də şirin bir dillə yazdığı yazılarını oxumuşam. Əslində yazılarının dilindəki şirinlik onun özündən gəlirid. Üzündə mülayimlik və şirinlikə doğulan az adam tanıyıram. Ona baxanda düşünürdüm ki, ilk dünyaya gələndə bəlkə bu adam elə günəşə baxıb gözü qamaşan-qımışan uşaq olub. Özündən yarı yaşa yaxın böyük adam haqqında uşaq kimi düşünmək də üzündə və icində olan uşaq saflığından irəli gəlirdi.
Mənim onunla bağlı uzun və yaddaqalan xatərələrim yoxdur. Sadəcə hər zaman ilk dəfə mənə dediyi sözü özü xatırlayıb gülən bir sifəti ilə yadımdadır.
Son dəfə isə lap yanaşı oturmuşduq. Tanınmış yazıçımız Çingiz Hüseynovun Millətlər evinin böyük zalında keçirilən yubileyində. Bu şəkli də onda çəkmişdim.
Qəfildən, “ mənim telefonum səndə var, eləmi”- soruşdu.
“Var”- dedim, amma baxdim ki, yoxdur. “Yaz”- dedi- “Zəngləşək”.
Aramızdan qısa bir dialoq keçdi.
-Yenə…
Cümləmi bitirmyə qoymadı.
-Yenə, daha heç yerdə işləmirəm. Təqaüddəyəm-dedi və yenə o gözəl gülüşü ilə güldü.
Fərhad Ağamaliyev haqqında saytımıza onunla bağlı maraqlı xatirələri olan iki həmyerlimizin söhbətini verəcəkdim. (Hələ də o yazının yolunu gözləyirəm-T.V.). Gözüm o xatərələrin yolunda, özüm onun həyatdan qəfil getməsinin acısında. Bizi Moskvaya tanıdanların sırası seyrəlir, yaman seyrəlir.
Telefonumun yaddaşında hələ bir dəfə belə zəng etməyə macal tapmadığım nömrəsi qalıb və gözümün yaddaşına həmişəlik hopmuş gülər üzü.
Hüznlü havada insanın yaddaşı da vərəqlənib hüznlü səhifələrin üstündə dayanır. Oradan onun göylərə baxan şəkli canlanıb mənə boylanıb baxır sanki.
Bu gün ayın neçəsidir, görəsən. 40 gün oldumu? Günləri saymayıb telefonumun yaddaşında qalan zəng çatan nömrəsinə yenəmi zəng etsəm. O başdan onun səsi gəlməyəcəyini bilsəm də.
Hələ 40 gün ötməyib, deyəsən…
Allah Rəhmət eləsin!
Tünzalə Vəliqızı
Moskva, 10.10.2012.“