QADINLARA QADINDAN…


QADINLARA QADINDAN...
Bəzi qadınların səbirsizliklə gözlədiyi, bəzilərinin isə laqeydliklə qarşıladığı bayram gəlib. İndi yazacağım adi kəlmələr olacaq, hamımızın bildiyi, hamımızın gördüyü. Amma ürəyimdən gəlib və yazmaya bilmirəm.

Qadınlar dedikdə gözümüzün önünə kimlər gəlir? Sadə baxışla analarımız, bacılarımız. Amma nə qədər müxtəlif analarımız, bacılarımız var…

Ərinin, oğlunun nəvazişi və təbriklərilə gözünü yuxudan açan, qarşısında bir dəmət gül, bir bağlama hədiyyə görən, ürəyinin içi də gözləri kimi gülən, pardaqlanan və bəlkə Allaha şükür edən, bəlkə də bu xoşbəxtlikdə yalnızca özünü haqlı və layiqli bilən qadınlarımız.

Əri və oğlu olsa da, gözü əllərində qalan, bir xoş sözə belə ehtiyacı olan, günü göy əskiyə düyünlənən, oğlu da nadan və qaba atasından geri qalmayan, “ heç olmasa bayram günü qəlbimi qırmayın” dedikdə – “Bayramın qara gəlsin” kəlmələrinə gözlərindən ürəyinə sellər axıdan qadınlarımız.

Körpəcə oğlu belə, pul qabına il boyu pul yığıb bayram günü atasıyla birgə anasına sürpriz edən qadınlarımız.
Ətrafında sevib sevildiyi insan olmadığından bayram günlərini adi günlərdən seçə bilməyən qadınlarımız.

Övladı qeyrətli olub Vətən yolunda şəhid düşən, təbrikinə ellər gələn qadınlarımız.
Övladları qeyrətsiz olub evdən iraq düşən, bayram günü bir təbrikə, bir diqqətə möhtac qalan qadınlarımız.

Qaşlarını dartdırıb, dodaqlarını şişirdib analıq sifətindən çıxan, gözəllik salonlarında yatan, sarsaq kişilərin puluna daş-qaş içində üzən, yaşı bilinməyən, abrını yellər aparan qadınlarımız.

Evinin, ocağının təssübünü çəkən, ürəyinin arzularını qundaqdaca boğan, qara saçlarını qayğılarla ağardan qadınlarımız.

Parta arxasından qalxmamış ər arzusunda olan, bəzən kiminsə ailəsini dağıdan, balalarını atasız qoyan, özünün xoşbəxtliyi üçün başqa bir qadını gözüyaşlı edən, namus dediyində dili ağzına sığışmayan, amma namusun nə olduğunu bilmərrə bilməyən, üzü pul kimi sürtülmüş qadınlarımız.

Elm yolunda can qoyan, öz əməyilə, öz işilə insanların hörmətini qazanan, lakin xoşbəxtliyin nə olduğunu hələ də bilməyən, ürəyi bədənindən ayrı yaşayan, düşüncələri dar məkana sığmayan, dərdini qüruru arxasında gizləyən qadınlarımız.

Sizi təbrik edirəm, qadınlar. Gəlin, qadın adını uca tutaq! Allah bizi xoşbəxt etsin, çünki, hər dərdimiz-möhnətimiz xoşbəxtlik arzusunda qoşmağımızdandır. Bizi yaradan bizə hüzur və rahatlıq versin. Biz də buna layiq olaq! Bayramımız mübarək!

Bu şeirimi sizə həsr edirəm, ürəyimdə heykəlini qurduğum, sevdiyim və hər kəs tərəfindən seviləcəyini dilədiyim qadınlar!

QADINLAR!

Sevgisi, sevdası – dəniz misalı,
Gah sevinclə üzür, gah da boğulur.
Yalnışlıq qismətin yalnışlığımı?
Qadın neyləsin ki, qadın doğulur!

…Fikrinin ardınca yetməyir zaman,
Bir anı – bir ömrün səadətidir.
Dünyanın ən güclü, ən zərif hissi
Vəfalı qadının məhəbbətidir.

İncə çiyinlərdə ailəmin yükü,
Kövrək ürəyində qaya sərtliyi.
Bəzən qadınlardan öyrənilməli
Kişi dəyanəti, kişi mərdliyi.

Saralan bəxtində göyəyər istək,
Solan baxışında bir alov yatar.
Gizləyib köksündə öz kədərini,
Özgənin dərdinə, hoyuna çatar.

Sevgisi, sevdası – dəniz misalı,
Gah sevinclə üzür, gah da boğulur.
Qadınlıq – Tanrının bəxşeyişidir,
Ən xoşbəxt bəndələr qadın doğulur!

Afaq ŞIXLI
Moskva
08.03.14.


Bir cavab yazın