Açılma, sabahım, açılma…


Açılma, sabahım, açılma...
Hələ dünyanın sonu deyil, amma buna da “sənin qiyamətindir” demirsənsə…

Namusum, qeyrətimdir, Qarabağı vermərəm!!! Nə çox yazdıq, nə çox oxuduq, nə çox ağladıq, ağlatdıq. Və nəhayətdə deyib-deyib yabısı yorulmuş ərəb kimi durduq.

Durğunlaşdıq. Barışmadıq dedik, amma həyatın axarına qarışdıq. Arabir acı öz bacamızdan çıxmayana kimi, razılaşdıq da. Bayrağa bükülüb torpağa verilən şəhidlər təkrar yaramızı sızlatdı, qanatdı, xatırlatdı. Sonra yenə yeni günün ritminə döndük.

Satira, sarkazm deyil, bayağı lağlağıya çevirdik tale yüklü- “namusum, qeyrətimdir”- dediyimiz məsələyə münasibəti “lazım gələrsə”-deyə. Başqa çarə də yoxdur. Çünki Milli Məclisindən “ağılsız köpəklər ulduza hürər”-deyib düşmən hədəsinə verilən cavabımızın səviyyəsi sıradan oldu. Sözü dediyimiz yer ali olsa da.

Bir yandan da “Qarabağ” deməyə gözümüzü qorxutdular. Sakit-sakit, xısın-xısın “bir də daha dönən deyil” – deyib korun-korun tüstüləndik.

Dünyanın yüksək tribunalarındakı siyasətçilərin hazırcavablığına, çevikliyinə, artistizminə qibtə ilə baxdığım çox oldu, nə yalan deyim. Bizimkilər də -adam təkrarlamağa da utanır- iş əvəzinə aş, aşina dalınca gediblərmiş kimi, bölə bilmədiyi kar payının davasında “pəhləvan” oldular.

20-30 il ölkə mediasını əlinə alıb, istədyini qaldırıb, istədyini endirməyə hökm edənin bizə münasibətinin necəliyinə qaldıq. Onun oyununun qaydalarına uyğun ya tamaşaçı, ya da kütləvi səhnələrin iştirakçısı kimi özümüzdən xəbərsiz “oynadıldıq”.

Sonra nə oldu? Hara qədər?! Örkən gəlib doğanaqdan keçənə qədərmi? Bu gün o örkən də, o doğanaq da hamımızın boynuna dolanıb, bizi “namusum, qeyrətimdir”-deyilən yerdə bizə qurulan dar ağacına götürür.

Barışmadıq! Hələ Şuşanın işğalı ilə heç barışmadıq. Amma əlimizə bel-yaba alıb heç vuruşmadıq da. Demək ki, razılaşdıq. Karl Marksın yeri deyil bəlkə. Amma onun “Köləyə, sən kölə, qul deyilsən, muzdlu işçisən deyib idarə etmək daha asandır”- təbirincə mütiləşdik.

Barışmadıq! Ara-ara alışdıq da. Lap elə bu gecə yatağına qor düşən, tüstüsüz yananlar kimi!

Barışmadıq, amma. 28 ilin arxasınca su atıb, gedənimizin geri gəlməsini gözləyən kimi gözlədik.

Mən aylarla, illərlə yana-yana yazdım. Bir-birimizin paxırını çıxarmağı “qəhərmanlıqdan sayanları” arabir əsəblə, arabir səbrlə izlədim.

Biz buyuqmu? Biz bu gün o yurdda əsgərinə xitabən, “bizim olanı geri aldıq və vermərik”-deyənlərin qələbənin nəşəsindən başı gicəllənib -növbədə Gəncə, daha haralar var –deyə diş qıcayanlara meydan verdik sulamağa. Arxasınca su atdığımız o illərin geri gəlməsini gözləyərək həm də.

Eh, nə deyim. Bu gecənin sabahı nə olacaq… Qruplarda, sosial şəbəkələrdə içinin alovu özünü, üzünü qarsıyanlar, ürəyinin atəşini söndürə bilməyənlərim!

Yatağına qor dolub dualarında sabahdan möcüzə gözləyənlərim!

Tarixin döngələrində “verdik-alarıq”-la qarşılaşdırma aparan özünütəsəlli edənlərim!

Hanı, tanka daş atan uşaqlar?! Onların uşaqlığı hara getdi?! Kim ixtisara saldı onların ömrünü?! Kim ömründən montaj etdi-boş illəri?!

Bitməmiş fikrə nə deyilir? “Bitmiş fikri ifadə edəni” bilirəm də. Lakin, yarımçıq olanı…

ŞUŞA həssas yerimizdir! Qibləmizdir, səcdəmizdir! Onsuz hər şey yarımçıq! Elə bu yazı da…

Tünzalə Vəliqızı,
Moskva
20.05.2020


Bir cavab yazın