DEYİNGƏN- “Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor”
Dahi Füzulinin ruhunu yad etməyimin çox sadə, sadəliyi qədər ağrılı bir səbəbi var. Həkim dostum Rabson Məmmədovla koronavirus təhlükəsinin insanları saldığı vəziyyətdən, təcrid, qadağan tədbirlərinin nə qədər sıxıcı olduğundan gileylənirdik bir-birimizə. Çox qeyri-adi bir müqayisə ilə məni heyrətləndirdi;–Bu iki-üç aylıq vəziyyət məni qaçqınlarımızı, köçkünlərimizi daha dərindən anlamağa məcbur etdi,–dedi.–Biz bu üç ayda qismən olan qadağalardan, dogma vətənə gedə bilməməyimizdən şikayətçiyik, həm də bu qadağanın bir-iki aya bitəcəyını bilə-bilə. Bəs otuz il dogma Vətənini itirənlər, uşaqlıgının, gəncliyinin keçdiyi yerlərə, dədə-babaların məzarı üstünə gedə bilməyənlər, nə vaxtsa gedə bilmək ümidləri günü-gündən öləziyənlər necə dözürlər bu dərdə?
Dözürlərmi ki? Otuz ildə bu gözləntisi ilə gözlərini yuman qaçqınların (və təkcə qaçqınların da deyil) sayı indi butun dünyanın bəlasına çevrilən koronavirusdan ölənlərin sayı qədər olar desək yalan olmaz bəlkə. Bəs onları, hələ sağ qalanları anlayırıqmı?
Məhz bu yanaşma böyük Füzulini xatırlatdı. Hicran xəstəsi olmayan görüşün zövqu-səfasını, bir loğman timsalı verdiyi şəfanı necə anlasın? Əlbəttə, durumumuz şeirə köklənəcək durum deyil, tam əksinə, məmə deyəndən pəpə yeyənə hamının azadlıq savaşına qalxmasını tələb edən vəziyyətdəyik.
Üç ay və otuz il. Üç ay (minimum qurbanlarla) naməlum təhlükəni gözləməklə evin içində, rahat yataqda, güvənli qaydada bizi yorub.
Təsəvvür edin: statistika deyir ki, üç ayda sosial fəaliyyəti qismən məhdudlaşdırılan insanlar arasında, xüsusən “halal zəhmətlə” “azad ölkələrdə” sahibləndikləri saray-imarətlərə gedə bilməyənlər arasında sərxoşluğa qurşanma, boşanma halları, ailə şiddəti çoxalıb. Niyə? Çünki son üç aya qədər bu insanların zövqü, maraq dairəsi elə cılızlaşmış, elə atomlaşmışdı ki, hər kəs öz şəxsi, hətta fərdi eqosunun diqtəsiylə hərəkət edirdi. Əli ölkə büdcəsinin “cibində” olanların, xalqa mədəniyyət aşılamalı “kişilərin”, vətənin şaqqalanmış təninə məlhəm qoymalı “sərkərdələrin”, övladlarımıza savad, xəstələrimizə şəfa verməli olanların ailə fərdləri bir-birini yalnız telefonun votsap ekranlarında görməyə alışmış, bir-birini davamlı görməyin, eşitməyin, “kəşf etməyin” necə ağır bir iş olduğunun fərqinə varmamışdılar. O da qala qaçqına, köçkünə yardım etmək, onların ehtiyacları ilə maraqlanmaq.
1988-ci ildə Ermənistan ərazisindəki dogma torpaqlardan qovulan 200 mindən artıq adamın zəlalətinin 32 yaşı var.
Qəribədir, müstəqilliyimizin yaşı işğal olunmuş torpaqlarımızın istila yaşından azdı. Ona görə qaçqınlarımız müstəqilliyin birinci günündən (hələ ondan da əvvəl) bu günə koronavirus təcridindən betər gündədir. Vaxtilə qaçqınların müdafiəsinə meydana çıxanların sayı milyonu keçirdi. İstiqlala qovuşduqdan sonra “fərasətlilərini” iqtidara gətirdilər. Gələnlər neylədi? Onların arasında ilk Azərbaycan cümhuriyyətini yaratmış və 23 ay ayaqda tutmuş insanların heç olmasa birinin fəaliyyəti ilə müqayisə olunacaq fədakarlıq göstərən 23 kişi tapıldımı? Kimə hansı sahə etibar edildisə, o sahə həmin gündən “canını tapşırdı” … yeni ağanın zövqü-səfasına. Ədəbiyyatda da, din və mənəviyyatda da, iqtisadiyyatda, televiziya və mətbuatda da. Sərhədinin, gömrüyünün, ordusunun başında duranlar da əlahiddə varlıqlar kimi xalqdan başqa nəyə və kimə desən qulluq elədilər. Qaçqınlar və köçkünlər yenə təcriddə və “iqnor”da qaldılar.
Ta tac virusu başlarına “taqq” elədiyi günə qədər. Üç ayda öz evində qala bilməyən adam daşdan sərt olsa belə yəqin ki, otuz il özgə qapılarında qalan insanların halını azca da olsa anlamağa başladı.
Bu günlərdə dəyərli ziyalımız Məhəmməd İsrafiloğlu “mənfi fikir yaradan özünüqamçılamaya son qoymağı, yalnız nöqsanları göstərməməyi, insanları pozitiv ruhda “kökləməyi” təklif etdi. Çox gözəl!
Prezidentin və ona məlumat hazırlayanların xoşuna gəlmək üçün demirəm: həqiqətən hakimiyyətdə olduğu müddətdə prezident özünün dil, nitq qabiliyyətini cilalamaq, zənginləşdirmək çabalarını nazirlərə və digər məmurlara məcburi şərt qoysaydı, indi Məmmədyarovun çoxsaylı görüşlərində nə dediyini və nəyə güldüyünü başqaları da anlayar, Qarayevin “şəhid”lə “şahid” arasındakı fərqi nazir kimi yox, heç olmasa sıravi vətəndaş kimi anladığını xalq görərdi.
İndi söhbət onların dil bilmələrindən getmir. Otuz il vətənsiz qalanların dərdlərinə dərman eləsinlər, onda, əstəğfürüllah, moltanı dilində də danışsalar qəbulumuzdur.
Niyə bu qədər dahisi, şanlı tarixi, igid sərkərdələri olan bir xalq yalnız mədəsini güdən və cah-cəlal yaratmağı mərifət bilən, vətənə xidmət məfhumunu ailəsi və məşuqələri cərçivəsində düşünənlərin əlində əsir-yesir olub? Kim nə deyir desin, mən rüşvətxorluq, korrupsiya nə qədər tüğyan eləsə də bir rayona icra başçısı təyin edərkən prezidentin, onun yetkilisinin namizədə “get bu rayonu zəlil günə qoy, yaşlılarının, işsizlərinin adına bank karti aç, pulları bankdan o öz cibində və ya seyfində saxladığın kartlara köçür” deyə tövsiyəgə bulunduğuna inanmıram. Əslində çox şeyə inanmıram, qeybət kimi səslənən “ordunun Qarabağı azad etmək əzminin olmamasına” inanmıram. Xalqın ordunun arxasında dayanmamasına inanmıram. Hətta öz torpaqlarımızı inam və qətiyyətlə işğaldan azad edəcəyimiz təqdirdə rusların belə bizə əngəl olacaqlarına inanmıram.”İnam”, “qətiyyət” sozlərini boşuna yazmadım.
Bir də mənim inanıb-inanmamağımla nazir təyin edib, işdən çıxaranmı var? Mənəviyyat moizələrini dinləyənmi var? Millət vəkili koronavirus bəlasından maska biznesi üçün fürsət yaxalayırsa, dərdini kimə deyirsən, kimdən kimə şikayət edirsən? Sənə deyiblər təcrid ol, qaxıl otur yerində, nəm yerdə qalıb kiflənmiş mənəviyyat dərslərini şagirdsiz boş siniflərə anlat, ya da get o Füzuli deyirsən, nə deyirsən, onun yazdıqlarından başqa şeylər tap, təsəlli al. Mən də gedirəm və Füzuli deyir ki:
Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.
Yəni: Ölü yuxusunda olan qafil gözü yaşlıların halını hardan bilsin?
Sən ulduzların seyrini gecə səhərə qədər oyaq olandan soruş.
Cəfər Sadıq,
03.06.2020,
Moskva