Azərbaycan saatında Şuşa vaxtiylə…
Ötən ilin bu gününün, bəlkə elə bu saatının ertəsinin ertələnməsini istəyirdim. Mayın 8-nə keçən gecə Tanrının lənətinə tuş gəlmişdik sanki. “Açılma, sabahım, açılma”-deyə çox ahlar, amanlar etmişdik. Zirvədəkinin zirvəsini tərk etmək bir yana, onun başında başqalarının durması yandırmışdı hamımızı. Şuşa zirvəydi, qalaydı, alınmazdı… Almışdılar, çalmışdılar bizdən..
Şuşayla bərabər qürurumuz, mənliyimiz tapdanmışdı. Zaman-zaman dilə gətirsək -gətirməsək də, bağışlamırdıq bu məğlubiyyətdən doğan utancı, xəcaləti özümüzə…
1992-ci ildən bu yana ötən illərin bu gününün bu saatında zamanı durdurmaq, ertəsinin ertələnməsini arzulayırdıq. Arzuya bax. Başımızı mayın 8-nə keçən gecənin qoltuğuna soxub xəcalətdən sabaha baxmaq istəməmək arzsuna həm də. “Düşmənə belə arzulanmayan” arzu ölçüsünü də keçmişdi bu. Bundan betəri varmıydı, Şuşa yoxduysa…?!
O günün ertəsindən sonra biz ruhu əlindən alınmış xəyalətlərə dönüşdük, büzüşdük. İllərlə zamanın saatının kəfkirində irəliyə sürüklənən tarixlə süründük. Bu hisslərin hirsindən doğan neçə sabahlara oyandıq. Əslində o gündən sonra heç yatmadıq… “Yuxusuz gecələrdə “aranı dağa daşıya bilmədik”. Çünki ən uca dağımızda bizə dağ çəkmişdilər. Hər kəsin qəlbinə Şuşa-şüşə saplanmışdı…
Arzuya bax dedim….Arzularda Şuşa vardı. İstəklərdə Şuşa vardı. “Gün o gün olsun ki” ilə başlayan cümləli istəklər bir müddətdən sonra ikrah doğururdu. Çünki “gün o gün olmadığını” illər qabağına qatıb govalayırdı.
İlk dəfə bu ilin bu gününün ertəsi arzulanandır. İlk dəfə “Gün o gün olsun ki” ilə başlayan cümlənin sonu var.
Şuşa geri alındı. Gerisinə döndük. Mayın 8-də qəfil qafil (düşmən) silahının saatın kəfkirinə tuşlanmış gülləsi durdurduğu zamanın gerisinə. Azərbaycan saatında Şuşa vaxtıyla saat… Bu gündən səhərə açılan Sabahın xeyir, Şuşam!!!
Tünzalə Vəliqızı, Moskva
Yenises.ru
7 may 2021-ci il