Arzuların dəlisi
Bu yazı fantaziyamın məhsulu deyil. Gəncədə olduğum zaman küçədəki yiyəsiz it-pişiklərə yemək alıb onları yerdirdən Arzu adlı gənc haqqındadır.
Niyə olmasın ki, adı Arzu. İndi ziyasını-savadını qoyaq bir kənara, maddi durumu yaxşı olan bir ailədə doğulsa idi, adının Arzu olması onu arzulalan edəcəkdi hər kəs üçün. Amma elə ki, bir az –yox bir azın lap altında-azları çox olan yerdə dünyaya gəldi, ayaması adını qabaqladı. Kimi dəli dedi, kimi də ….
İki qızdan sonra arzulanan oğul övladdı. Arzu olsun adı dedilər! Oldu…
Arzu -bizim Arzu. Saflığı, üzüyolalığı anormallıq sayılan Arzu. Lazım gəlsə Vətən üçün döyüşməyi gözə alan, könüllü olaraq öndə gedən–bəlkə silahdan istifadə etməyi bilməyən, amma sursat daşımağı bilən Arzu. O, povestlərin olmazsa-olmazı olan obrazıdır. Hazır personajdır. Hansı ədəbi nəsri qaldırsan Turgenyevin “Mumu”sundakı kimi bir Gerasimi var. Əslində “ağıllı dəli” obrazları bəlkə də dümdüz mətni bədiiləşdirən çalardır. Mətn onlara borcludur. Bu həyat da arzulara…
-Dəlidi bu, evdə yeməyə çörəyi güclə tapırlar, o isə bütün kəndin yiyəsiz it-pişiklərini yemləyir.
Bir az qüsurlu doğulub. Əslində anormallığın norma kimi qəbul olunduğu mühitdə onun saflığını “dəlilik” qəbul etmək də toplumun qüsurudur.
Belə baxanda əsl anormallıq son günün, yox, elə illərlə yanı kürsüdə oturmaqdan yara olanların səsləndirdiyi “tezislər”lərdən əl edir adama. Deyir mən burdayam. İndi onlar durub küçə it-pişiyini yedirtmək adına kampaniya başladacaq qədər anormal olmasalar da, işdi-şayət bunu etsələr adı xeyirxahlıq olacaq. Arzunun etdiyi isə anormallıqdır. Çünki… Nəyi kimin etməsindən asılı olaraq mahiyyət dəyişir. Niyə?
-Asılı olan mahiyyət buqələmundur, ona görə.
Mütənasibliyi pozub ləqəbi adından əvvəl gələn Arzu asılı deyil. Mahiyyəti də sabitdir. Pəncərəsindən deyil, pəncəsindən baxdığımız dünyanın adamı olmadığını deyir. Onun öz ailəmi var.
-Aləm də dünya deyilmi?
-Dünya ümumiyə ev olandır, aləm fərdiləşmişlərin toplumu…
Bəlkə də eyni şeydir. Varlı və kaısbın, nüfuzlu və nüfuzsuzun uşağına qoyulan Arzu adı kimi həm də. Sadəcə biri Arzuolunandır, digəri Arzulanmayan.
Nə isə. Bioloji olaraq qismən qüsurludur. Nitqində və qavrayışında problem var kimi görünür. Amma həqiqi hərbi xidmətə də çağırılır belələri -tibbi rəyin nəticəsinə görə. (Paradoks…) Bu da bizim normamızdır nə edək. Hələ də nəticəyə gətirən səbəbimizin mahiyyəti çiydir.
İnsan dolabındakı paltarlarına bənzəyir. Mahiyyətinin paltarıyla mütənasib və ya qeyri-mütənasib olması fərq etməz. Hətta yaraşmayanı əyninə pərçimləmək öz seçimidirsə, mahiyyətindən çox da uzaq deyil, düz demirəmmi?
Arzu adının elə özünün də mahiyyətinə uyğun olan biridir. Onunla ironiya ilə danışana belə ironiyasız məsumcasına, dümdüz cavab verən biri. Kəndin küçədəki veyil it-pişiyinə sahib çıxır, boğazından kəsib onlara yemək alacaq qədər böyük ürəkdən başqa bir də insanlıq məsuliyyəti var.
-Mən necə yemək yeyim, axı onlar acdır, sahibsizdirlər…
-Sahiblənmək də sevgidəndir. Arzulamaq da. Elə arzulanmaq da.
Arzularının dəlisi olan- veyilinə etinasız olmayanın ayaması adından əvvəl gəlir.
Biz dünyannın pəncərəsindən baxır, dəlinin Arzusunu görürük. O isə dünyanın onu sıxışdırdığı pəncəsində- öz aləmində Arzularının dəlisi olaraq hələ də günlük gətir-götür işlərindən (sözü dolandırmadan dümdüz desək hamballıqdan) qazandığı pulla itə-pişiyə yuva olmaq istəyir.
P.S. Dünya bəzən mahiyyətinə uyğun olmayanı zorla əynimizə geydirib bizimlə ironiya edən yerdir…
Tünzalə Vəliqızı
01.11.2021
Moskva