Abbas Abbasov: Rusiyadakı Azərbaycan cameəsi bir Ağsaqqalını itirdi
Dünən Moskvaya yaxın Ximki xəstəxanasında vəfat edən Azərbaycanın tanınmış ziyalısı, iş adamı, ictimaı xadimi Sərdar Abdullayevin nəşi bu gün Azərbaycana yola salınıb. Abbas Abbasov Sərdar Abdullayevin vidaetmə mərasimində iştirak edib və üzüntüsünü belə paylaşıb:
“Sərdar Süleyman oğlu Abdullayevin timsalında Rusiyadakı Azərbaycan cameəsi bir Ağsaqqalını itirdi.
Yubileyi olacaqdı 2 həftədən sonra. Yanvarın 21-də. Taleyin, Tanrının ona ən böyük yubiley hədiyyəsi doğma Kəlbəcərinin işğaldan qurtarılmasıydı. Bunun sevincini yaşadı. Görmək isə nəsib olmadı.
Sərdarı tanıdığım, dostlaşdığım gündən onda hər zaman bu ağrını, bu nisgili gördüm. Tarixi Vətənimizə o qədər bağlı, o qədər vətənsevər adam idi ki, onu sözlə ifadə etmək çətindir. Xeyirxah, mərhəmətli, əmləndə saleh olan belə insanlar haqqında “yetimlər atası” deyirlər. Sözün əsl mənasında hər kəsə əl tutan, yetimə, yiyəsizə həyan olmaqla qalmayan, ona əl açan-açmayan -hamının imdadına yetişməyə can atardı.
Azərbaycan belə bir ziaylısını, azərbaycanlılar belə bir el Ağsaqqalını itirdi. Hər kəsə nəsib olmayan, təqdimat və ya tövsiyyə ilə əldə olunmayan bir addır “Ağsaqqal” adı. Ki, Sərdar Abdullayev bunu özü qazanmışdı.
İnsan öz taleyinin qurucusu, inşa edənidir. Sərdar Abdullayev təməli doğru və dərin olan bir insan olaraq qəlblərdə öz hykəlini qurub, yaddaşlarda da elə qalacaq. Ömrünün Zirvəsində-70-də Duran Adam. Allah Sənə rəhmət eləsin! ”
Tünzalə Vəliqızı
Yenises.ru