Adı baxtına GÜLməyən nənə


İtirdiyi vedrə qapağının dəyəri itirdiyi həyatının dəyərindən daha qiymətlidir.
Gülməyən bəxtinə gülür. Üzündə hüzn yox, həyata ironiya donub qalıb sanki. Yaşamadığı gəlinlik nazı solmuş üzündə “gizlənqaç” oynayır.


Hekayəsi heç də Türkiyənin və ya elə ümimilikdə efir məkanının akual mövzusu- prioritetlər sırasına çıxarılacaqlardan az əhəmiyyətli deyil. Yetər ki, onun və onun kimilərin yanından etinasız keçməyələr.

Gül nənənin qısa hekayəsinə strix. Günə qəhrəman axtarıb, onun acısından (onun qeydinə qalmaq uçun deyil, özü üçün) özünə gündəm yaradıb, elə onun fonunda “bunu mən tapdım”-deyə “məhşurluğuna” bir az daha məşhurluq qatmaq missiyasında olan “missoner” mətbuatın hazırkı sahiblərinə səslənmədən bu hekayəyə keçə bilmədim.

Az qala hər biriniz, hər birimiz yanından ağzını büzüb geçdiklərimiz arasından özündə gündəm yaradacaq mövzular daşıyanları qaçırırıq. İctimai müstəviyə çıxarılmayacaq-bəsit şəxsi ailə mövzularından baş qaldırıb azacıq da bir ətrafa baxsaq. İtmişləri axtaran axtarış proqramları, böyür-başımızda olan, itib gedən həyatları axtarmağa nə deyirsiniz? Onların həyatı həyatımızdan itənlərdən daha azmı ictimai məna kəsb edir? Onların verdiyi yaşam mücadiləsi tək özünü yaşatması üçün olsaydı, mən də bunu yüzlərlə səfilin taleyinə düşən qismətə bağlayıb keçərdim. Keçmədim. Çünki ona söz verdim.

Əslində İstanbulun əsrarəngiz cazibəsi haqqında yazacaqdım. Hər dəfəsində məni heyran edən bu şəhər haqqında yazmağı yazacaqlarım borc torbasına yığırdım. Və… Bir yazar üçün təb, ilham deyilən şeyin gəlməsini gözləmək mənim üçün tənbəllikdə bitir.

Ona baxıb bəzən beynimdə siralanan mövzuları yazmağa etdiyim tənbəlliyimdən utandım. Basabasda, arxasıyla sürüdüyü diyircəkli yük arabasıyla tramvaya dögru yüyürdü. Tramvayı qaçırmaq istəmirdi. İstanbulda mənə bələdçilik edən dostum ilahiyyatçı alim-bunu deyəndə təvazökarlıqdan üzü qızaran, gününün insanından elə bu keyfiyyəti ilə fərqlənən-Zaur Şükürov qadına yardım etdi. Elə söhbətə də türklərin şirin ləhcəsiyə o başladı.

-Teyzəcim, hara belə tələsirdiniz?

Bu arada arabaya bağlanmış tikinti materali qabı olan vedrəsi diqqətimi çəkdi.

-İftara çatmaq üçün su dalınca gedirəm-dedi xala. Bir anlıq “Bu vedrəyləmi su satır, su vedrədə çalxalanıb tökülmürmü?”- sualı mənə hakim kəsildi.

-Üzümü Zaura tutub, “Suyu BELƏ necə satır”-sordum.

Mənim Azərbaycan türkcəsində verdiyim suala nənə özü cavab verdi.

-Suyu vedrədə satmıram, su butulkalarını vedrəyə yığıb soyuq qalsın deyə arasına da buz qoyub, ELƏ satıram-dedi.

Tramvayın tən ortasındakı dəmir dirənəcəyindən tutub dairəvi şəkildə dayandığımız yerdə söhbət də bizimlə yol aldı.

Üzü günəşdən yanmış, ağ saçları başına qiyqac edib çəkdiyi yaylığın altından görünən nənə gülərək Ramazanda suyun satılmadığını söylədi.

-Bütün günü çoxları orucludurlar deyə istidə sərin su istəyən azdır. Nə olursa bir az iftar zamanı olur. Ona da “zabitalar” qoymur.

Yenə sual dolu baxışlarımı Zaura zilləyirəm. “Jandarmaları deyir”-Zaur nənənin dediyini aydınlaşdırır.

Bu nənənin su satması, “övladı ona görə böyüdürük ki, taqətimiz olmayanda bir içim su versin” –deyiminə tərsdir axı? O deyimlə üsyan etdirəm içimdə. İndicə püskürəcək bu sualları beyinmdə sıralayır, əvvəl özüm cavab axtarıram. Bəlkə evsizdir, övladsızdır, ərsizdir? Amma ona sahib olan dövləti var. Varmı? Tribunadan Qəzzada, Afrikada, Suriyada, İraqda…sadaladıqca bitməyən aclığın, səfalətin, müharibənin hökm sürdüyü yerlərdə olan insanların halına, zülmünə etirazını bildirən, bunu siyasi divident xatirinə edəni öz ölkəsindəkiləri görmür, doyurmursa…

AYNAYA BAXMIRAM. O QƏDƏR ÇIRKINƏM KI, QORXURAM AYNALAR MƏNDƏN QORXA

-Adınız nədir, nənə?

-Güldür adım. Gül Esen. Adımı babam qoyub.

Babasının gül qızı olsun deyə. Gülüzlü qızına həyat hər zaman gülsün deyə.

-Eh ay qızım. Nə gül üzü. Ayna məndən qorxar deyə, aynaya baxmıram.

Yaşının 65 olduğunu bildirən Gül Esen iki qızım, bir oğlun var- deyir. Hökümətdən əməkli maaşı-təqaüd də almır. Səbəbini isə bilmir. Dediyinə görə əvvəllər alırmış, sonra onu da kəsiblər.

Bu arada Zaur onun qəlbinə toxunmadan bir az da zarafatla:

-Əniştə nə iş yapır-deyə sordu.

-Məni qoyub başqa qarıya qaçdı-dedi.

Qızları ərdədir, böyüyünün əri ölüb, üç uşaqla dul qalıb. İzmirdə yaşayır deyir, Gül nənə.

“Niyə onların yanına gedib nəvələrə baxmırsınız, qız da işləyər dolandırar ailəni” dediyimdə, bu yaşda kimsəyə yük olmaq istəmədiyini söyləyir. “Arada mən onlara əl atmaq üçün səhərdən axşama çalışıram””.

Suyumu satıb dolanıram, onu da “zabitalar qoysa” deyə yenə giley edir.

-Ayağını bax belə qoyub (arada bir sərnişinləri ləngərlədən tramvayda göstərməyə də macal tapdı) sularımı dağıtdı. Buzlar töküldü, su da isindi zay oldu, kim alar ilıq suyu?! Ona görə gedirəm buz və su alam. Görüm axşama iftara yetişə bilirəmmi?!

-Bəs niyə təqaüd almaq üçün müraciət etmirsiniz?

-Getdim bələdiyyəyə. Məni dinləmədilər. Biri dedi ora get, biri dedi bura. Oxuma- yazmam da yoxdur, yazam, şikayət edəm. Kimdir ey mənim problemimlə maraqlanan.

-Əvvəllər haradasa işləmisinizmi, ay Gül nənə?

-Təmizlikçi işləmişəm. Üç uşağı zülmlə böyütmüşəm.

-Bəs oğlunuz da var dediniz, o da baxmır sizə?

-Oğlum iki ay olar əsğərə gedib, 19 yaşı var. Hatay tərəfdədir.

Dialoqun bu yerində, bu kəlmələri duyunca bayaqdan içimdə zorla saxladığım üsyanımı cilovlayağa gücüm çatmır daha.

Evi olmayan, pansionatda qalan, yeməyini ikitəkərli arabanın qulpuna bağlayıb, demək olar ki, bütün evi bu arabadan ibarət olan Gül nənə-Vətəni qoruyan əsgər anası bu cür yaşamağı haqq edirmi? Ona və onun timsalında olanlara bu rəvadırmı? Dinləyir məni çiynini çəkir və yenə o gülüşü ilə gülümsəyir.

-Nənə, səsinizi niyə duyurmusunuz. Niyə oğlunuzu əsgər verəndə, “ailəmizin durumundan xəbəriniz varmı”- sualını vermədiniz?

-Oğul əsgər getməlidir. Onun borcudur. Vətəninə borcunu verməlidir. (Bu qadın efirdə olsaydı, pafosdur, deyərdim. Düzü buna da mat qalıram). O isə davam edərək, “Bircə oğlum gəlsin sag-salamat. Bir təhər başımızın çarəsinə baxarıq”-deyə sanki məni sakitləşdirir.

Oğlunun da bir iş tapa biləcəyinə ümidsiz ana, “qocayam, suyu darta bilmirəm. Nə su tutar bu vedrə ki…20-30 qab. Onu da qəpik- quruşa satıram. Yatacaq yerimin pulu və yeməyimə yetir. Budur mənim həyatım. (Bu arada çox köhnə model olan telefonunu çıxardır). Əlimdəki telefonla özününkünü müqayisə edib, “Sizin telefonlar yaxşıdır, şəkil də çəkir”-deyir və köksünü ötürür. Oğlum zəng edir, imkan olanda. Qizlarımdan, onlar da məndən bununla xəbər tuturlar.

Bayaqdan üzündən bərq vuran gülüş zabitlərin dağıtdığı su qabları kimi yerə düşüb parça-parça olur və yerini qara buludlar tutur. Bu bir an sürür. Sərinləmək üçün üzümüzə vurduğumuz su kimi bu nənə də yenidən gülüşünü üzünə yayıb gülümsəyir. Bəlkə də qədərinə gülür.

Zaur və mən onun üzündə donan bu gülüşə baxıb daha mütəəssir oluruq. Bir anlıq bir-birimizə baxıb susuruq. “Nənə, sizin dayanacaqdır, çatdınız, düşün”,-deyirik eyni anda. Bizi məzəmmətləyir. “Başımı söhbətə qatdınız, az qala dayanacağı ötürəcəkdim”. Və yenə Aksarayda bizimlə birgə düşür. Zaur vedrənin dibində qalan iki butulka suyu almadan pulunu verir. Əslində o anda hər ikimizin ona yardım üçün bir az pul vermək keçir könlümüzdən. Amma bunu necə edək, onu incitməyək deyə düşündüyümüz anda- “mən kimsəyə əl açmadım, öz balalarıma belə. Hələ ki, ayağımda taqət var, çalışıb özümü dolandıracam”-sözüylə sarsıdır bizi.

Allahım, bu qürur, bu dözüm türk insanında hardandır! Sizdən yazacam, deyirəm. Tələsdiyini, iftara su yetişdirib bu günlük pansionatda qalmaq və yemək pulunu çıxaracağını düşünüb sadəcə şəklini çəkirəm.

“Nəyimdən yazacaqsan, bala. Bircə zabitalar dəyməsin, ondan yaz. Başqa şey yazma, oğlum utanar, el-aləmdə ayıb olar. Pis iş görmürəm ki, su satıram, halal çörəyimi qazanıram”.

Bu arada qocalar evində qalmağı da özünə sığışdırmır. Əlim iş tuta bilir hələ ki-deyir.

İTİRİDYİ VEDRƏ QAPAĞININ DƏYƏRİ, İTİRDİYİ HƏYATININ DƏYƏRİNDƏN DAHA QİYMƏTLİDİR

Birdən yenə canlandı. Gözü vedrəsinə sataşdı. “Qapaq, vedrəmin qapağı”-deyə tələsik addımlarla tramvay dayacağına getdi. Çöpçü (süpürgəçi) ilə danışıb, qapağını tramvaydan düşərkən itirdiyini söyləyir. O da lazımsız, heç kimə gərək olmayan qapağı çöpə atdığını deyir.

Yanına gedirik. Bayaqdan həyatına təəssüflənsə də giley etməyən bu ana, qapaq üçün az qala ağlayacaq durumda. İtiridyi vedrə qapağinin dəyəri, itirdiyi həyatinin dəyərindən daha qiymətlidir.

-(Deyinir). İndi suyu vedrəyə yığandan sonra onun ağzını nəylə bağlayacam. Hamısı töküləcək arabanı çəkdiyimdə. Təzəsini haradan tapacam…

Yenə vedrə alması üçün pul təklif etmək istərkən…Gedim heç olmazsa, su aldığım yer bağlanmamış su götürüm. Bu gün işim heç yaxşı getmədi-deyə öz aləmində özüylə danışa-danışa uzaqlaşır.

Ədəbi təxəyyülümü zorlayıb portret cızmağıma gərək qoymur üzünün ifadəsi. Donmuş gülüşlü üzü həyatı kimi sabitdir. Pansionatdan başlayan marşrutu isə Aksaray- Eminönu arasında olan məscidlər, parklar, küçələr və yenə son dayanacağı- pansionatda bitir.

Əlimdən bunu yazmaq gəlir. Həyatımız adlarımızda kodlaşdırılıb deyirlər. Onun adı həyatına tərs. 65 yaşında başını soxa biləcək evi yox. Oturub nəvələrə nağıl danışacaq nənə, dərdini suya danışaraq İstanbul küçələrində çörəyini islatmaq üçün su daşıyır. Ünvanını sorsanız, İstanbul sokakları.

Bir ricam var, İstanbula gedəndə susasanız, suyu Gül nənədən alın!

Tünzalə Vəliqızı
Moskva-İstanbul-Moskva


Bir cavab yazın