Adını siz deyin!


Adını siz deyin!
“Milyarderlər ittifaqına” yox, deyin!
“Əsgər ölümlərinə son!” deyin!
“Seçki saxtakarlığına etiraz, “korrupsiyaya yetər” və bunlar nə zaman bitər- deyin!
“Sözün təsiri reklam, reklam qazanc, qazanc ad gətirə bilər”- deyə deyin, deyin!

Bu yazıya ad tapmaqda çətinlik çəkirəm, onun adını da siz deyin! Nədən “Adsız yazı” qoymadım? Çünki adsızın missiyası bəlli –yoxdur. Amma bir adı olub yüz ada qulluq edəni hansı adla çağırım, bilmirəm. Hansına hay verər, hansında yönlənib baxar.

Məsələn, Rusiyada Azərbaycan Təşkilatları İttifaqı- adına “Milyarderlər ittifaqı” deyilən, SOAR- RATİ bizi birləşdirməyə qalxdığını elan etsə də, sonra parçalamağa yaxın olduğu, daha sonra kiminçünsə təsir aləti rolunu yerinə yetirdiyi, bir daha sonrası hakimiyyətə qarşı, sonrası, sonrası daha nələrə xidmət etdiyi budaqlanmış versiyaları ilə çaşdırdı. Sadəcə bir amalı olan insanların beyni “yaxınlaşsammı, uzaqlaşsammı” tərəddüdünə yem olarkən, onlar da kimi özlərinə yaxın buraxmaq haqqında düşünürlər, kim bilir. İndi onun adını siz deyin, o kimindir, kimə xidmət edir? Adında Azərbaycan olan hər şey azərbaycanlılarındırmi?

Ya özü şad olmayan ölkədə “oğul oldu elini şad edər deyib adını ELŞad qoyub” bu oğlanın əməllərinin torunun hansısa rəngində GÜLƏR üzlərdən gülüşləri itirənin adı yerinə düşübmü? Onun ssenarisi ilə çəkilmiş, seyrçini intizarda saxlayan çoxseriyalı tamaşası necə? Obrazlı həyatın real ifadəsinə bənzəyən bu canlı tamaşanın quraması, qaralaması yox deyil,varsa adı yox, adını siz deyin!

Onsuz da ad qoymaqda yanlışlığa yol verdiyini etiraf edən Dədəmiz Qorqud bu günümüzə boylansa, o sıraladığı dörddə dayanmazdı, çünki yuxarıda dediyim sadə iki misaldan bunun mümkünsüzlüyü aydın görünür.

Dünyanın firlandığını elm göstərsə də, dünyanı fırlayanların diktəsindən keçən olaylar hər adı öz funksiyasına xidmət etməkdən çoxdan uzaqlaşdırıb. İkrah duyduqlarımız başa qalxıb, təqdir etdiklərimiz ayaga düşüb.

Əsgər getmək şərəf işindən işgəncə işinə çevrilib. Ona yox demək və ya dedirtmək də bir başqa siyasi mövzuya don olub. Hər nəsnənin yoluna o qədər siyasi körpülər atmışıq ki, ədəbiyyat belə mövzusunu həqiqətdən daha çox, yazarın əldə edəcəyi siyasi dividendə yönəldib. Yuxularımızı belə reala kökləmiş, həqiqətin ta özü kimi sırımışıq. (“Daş yuxular””). Hər şeyi dəyişənin “hər şeyin kökündə maddiyyat durur”u inkar etməsinə baxmayaraq dünyanın mənəviyyatı maddiyyat tixacında yol gözləyir. Hər şeyin öz adıyla çağırılmadığından çox zaman keçdi.

Hamının bildiyini saysam nəyə dərman olacaq ki. Hətta əli, ayağı formalaşmayan çomçəquyquq belə bir müddətdən sonra qurbağa olur. Bizim çomçəquyruqlarımız çoxdan qurbağa olsa da, hələ də çömçəquyruq olduğunu yedirdir və ona “”sən qurbağasan””- deyən yoxdur. O üzdən bəzən mövzunun adını, məsqədini bilsəm də, bir də sizin ona ad verməyinizi istərdim. Adını siz deyin!

Tünzalə Vəliqızı, Moskva
11.03.2013


Bir cavab yazın