AFAQ ŞIXLI “Həsrətimi çəkərsən”””
“Bir gündə neçə dəfə sınağa çəkilərsən
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi.” M. İsmayıl
Özün sultanım idin, məhəbbətin – xəzinəm…
Sənə bağışladığım sevginin əvəzi nə?
Soyuq-soyuq çəkdiyin adımın əvəzinə
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi!
Məni görüb yuxunda, qoymayarsan getməyə,
Göylərə yalvararsan, bu röya heç bitməyə!
Ümid dolu yol kimi – vüsalıma yetməyə
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi!
Ayrılıq səni sarar, əllərimin yerinə,
Üstünə ələnər qar, tellərimin yerinə.
Pəncərənə, tikdiyim tüllərimin yerinə
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi!
Cavabsız duyğulardan qaçmağa yer gəzərsən,
Peşmanlıq həvənginə qəm töküb dərd əzərsən.
Hənirsiz mənzilini şəkillərlə bəzərsən,
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi!
Sonsuz xəyallarımdır ürəyinə daşınan,
Unutmaq bir yalandır, çabaların boşuna!
Keçmişinin əlindən gizlənməkçün başına
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi!
Afaq Şıxlı.
10.11.12.