Afaq Şıxlı QORXAQLIQ DA XƏYANƏTDİ, QARDAŞIM!


Afaq  Şıxlı QORXAQLIQ DA XƏYANƏTDİ, QARDAŞIM!
QORXAQLIQ DA XƏYANƏTDİ!

(Vətənin qara bayramları anıldıqca…. ümidimizdə, gümanımızda yanılırıq…

A.Sh.)

Qorxaqlıq – xəyanətdi, qardaşım!
Həsrətdən solan bənizimə baxa bilməyib
Yerə baxırsan?..
Ogul var ki,
Vicdanın üzünə,
Ölümün gözünə dik baxır!
Sən nə qoyub nə axtarırsan?!
Elə bilmə ki,
Qərib olan tək mənəm…
Yox!
Mən torpağımdan gen düşmüşəm,
Sənsə… Sənsə düşmənə
Torpaq veribsən!
Kəlbəcərsiz,
Şuşasız,
Laçınsız,
Qarabağsız… elə sən də qəribsən!

Susmaq – xəyanətdi, qardaşım!
Həqiqət uğrunda,
Ədalət yolunda dara çəkilənlər,
dərisi soyulanlar olub!
Gördüyünə göz yuma bilmədiyindən
Gözləri oyulanlar olub!
Nə tez unutdun Nəsiminin,
Cavanşırın,
Babəkin oglu olduğunu!
Nə tez bəhanə etdin onların yoxluğunu?
Şərəfini,
Qeyrətini,
Andını
Kürsü üçün, ad üçün,
Bir zərrə qum qədər dəyəri olmayan manat üçün
Yoxsa dandınmı?
De!
“Ya azadlıq, ya ölüm!” deyən igidlərin ruhundan utandınmı?

Ayrılıq da xəyanətdi, qardaşım!
İllər ötür,
Yoxdur daha zamanın!
Bir gün unudulmaq qorxusu var o tökülən qanın…
Sən qara bayramları,
20 yanvarları təntənəylə andıqca
Dağlar çəkilir bağrına Vətən dediyin ananın…
Əlindən gedənlərə yanmaqdan
Lətifələr danışıb güldün,
Qardaş dərdli şəhid bacılarınınsa beli büküldü…
Oysa,
Birlik yolunda
Tikanlı məftillərə dolaşıb
O yalançı,
O qondarma sərhədləri keçməliydin!
Azadlıq yanğısıyla yanıb
Düşmənin qanını içməliydin!
İnləyən torpaqların həsrət gözlərindən öpmək üçün
“Son döyüş” adlı
Müqəddəs yolu seçməliydin!
Gör bu Vətən bizlərə kimlərdən əmanətdi!
Yenilmək də,
Əyilmək də,
Əzilmək də
Ona xəyanətdi, qardaşım!
Xəyanətdi!

QÜRBƏT TÜRKÜSÜ…

Zindanı – məcrası, məlul gölmüşəm…
Kimsələr duymaz ki, inləyəndə mən!
Təklikdən özümü iki bölmüşəm,
Danışan da mənəm, dinləyən də mən.

Göylərə üz tutur ümid duası,
Sözlərim qayıdıb özümə dəyir.
Könlümdən keçsə də vətən havası,
Qürbətin küləyi üzümə dəyir.

Vətəndən uzaqda – Azərbaycanam:
Onun nəgməsiyəm, onun diliyəm.
Onun həvəsiylə yaşayan canam,
Bir qərib ocagi, solmuş külüyəm.

Qəriban ruhumun indi ərki nə?
Nə sola yolu var, nə də ki sağa.
Sözlərim yetişmir könül mülkünə,
Ümidim dirənib çıxılmazlığa…

Özüm də bilmirəm… hayana yönüm?
Hardayam, dünyanın heç harasında?
Bulud da deyiləm yağışa dönüm,
Dolmuşam gecənin bu yarısında…

BİR DOSTUM VAR İDİ QONŞU OTAQDA…

Guya ki, məşğulsan, çatılıb qaşın…
Görmürsən… gözlərim nəmə bürünüb…
Qəlbimə dəymisən yaman, qardaşım,
Bu qədər soyuqluq harda görünüb?

…Yaxın ola-ola yoxam elə bil,
Bir masa başında necə uzaqsan!
Nə səsin, nə sözün əvvəlki deyil,
Sən də tanımazsan özünü, baxsan…

Xəbərin olmaz ki, qalsam ayaqda,
Sənin də qəlbinə belə giriblər;
Bir dostum var idi qonşu otaqda,
Otaqla birlikdə dəyişdiriblər.

Üşüdür qəlbimi bu hal, bu əhval,
Nə vətən ətri var, nə dost istisi.
İstəsən, yolunu biz tərəfə sal,
Gözəldir qürbətin qonaq sevgisi.

Hələ xəbərsizsən səhvindən yana,
Heç də asan deyil özünə dönmək!
Dəyərmi görəsən, dəyərmi buna –
Kürsüdə ucalıb, nəzərdə enmək!

Bu həyat kimləri dəyişmədi ki…
Səni də hardasa qınamaq olmaz!
Ucal zirvələrə, şeir nədir ki!
Saxta duyğularla şeir yazılmaz!


MƏN VƏTƏNDƏN DÖNƏNDƏ

Mən vətəndən dönəndə
Sərhəd bağlana, qalam!
Məndən ayrı qürbətin
Bağrı dağlana qala!

Mən vətəndən dönəndə
Vətən də həsrət çəkə!
Ağlayan sətirlərim
Önümə bir sədd çəkə!

Mən vətəndən dönəndə
Haray sala küləklər…
Əllər ayrı düşsə də,
Ayrılmaya ürəklər!

Doluxsuna, kövrələ
Üzü məndən dönən də…
Yollar qubar bağlaya
Mən Vətəndən dönəndə!..

04.12.14.
Bakı-Moskva

ÖZÜM BULUD…

Özüm – bulud, sözüm – yağış,
Torpağa hopmuş kimiyəm…
Dərdim məni axtarmamış
Mən onu tapmış kimiyəm…

Hay saldıqca tufan, boran,
Olacaqmı məni soran?!
Arxam yarğan, önüm toran,
Yolumdan sapmış kimiyəm…

Ömrüm durna dəstəsidir,
Taleyim kar bəstəsidir.
Könlüm Vətən xəstəsidir,
Kökümdən qopmuş kimiyəm…


BU GÜN DÜNƏN OLANDA

“Bu gün” “dünən” olanda,
“Keçmişə” dönəndə biz,
Ömür-gün yollarından itəndə izlərimiz,
Nəfəsimiz,
Səsimiz
Heç vaxt olmamış kimi silinəndə havadan,
Bizə məxsus nə varsa
Bir-bir yoxa çıxanda qurduğumuz yuvadan,
Bax, o zaman
Qurtulub qürbət əsarətindən,
Ruhlarımız dönəcək
Öz yurduna, elinə,
Qəlbimin odu ilə yazdığım
Bu kitab da
Təsadüfən düşəcək kiminsə də əlinə…

Ruhlarımız göylərdə hiss edəcək,
Duyacaq
O bəxtəvər anları.
Yenə biz olacağıq
Yüz il bundan sonranın sevgi qəhrəmanları.


GEDƏR DƏ GEDƏR!..

Məhəbbət qapını qəfildən çalar,
Ya səfa gətirər, ya hədər gedər.
Bildiyin nə varsa başından alar,
Yalanı, doğrunu yox edər, gedər.

Sevginin ölçüsü sonsuz bir rəqəm!
Bu qüdrət önündə baş əyər aləm!
Gücsüzük, ya vüsal, ya həsrətlə qəm
Ömrü nə qədərsə o qədər gedər…

Ay Afaq, müdrükdü bu dəli könül!
Ağla ağladanda, güldürəndə gül!
Bir çınqı saxlayır, soyusa da kül,
Çalış ki, sönməsin, nə gedər gedər!..

BİZİ MƏHƏBBƏTDƏN QORUMA, AllAH!

Sən bizi qorusan – hər dərddən qoru,
Amma məhəbbətdən qoruma, Allah!
Dost-yoldaş cildində namərddən qoru,
Onlara nifrətdən qoruma, Allah!

Qoru səmaların bəd duasından,
Yerlərin pisindən, «əjdaha»sından,
İnsanın nəfsindən, iştahasından…
Yaxşıya ibrətdən qoruma, Allah!

Qoru, vicdanlara düşməsin ləkə,
Gedənə bir rəhmət oxuna bəlkə…
Bizləri udmasın bu qərib ölkə,
Qürbətə həsrətdən qoruma, Allah!
Qürbətə həsrətdən qoruma, Allah!

O, MƏLƏK GƏLMİŞDİ DÜNYAYA BƏLKƏ…

Hörmətli həmkarım doktor Məhsəti xanım üçün

Bir şeir yazılır, qəmli bir şeir,
Bir şair gözləri dolur bu gecə…
Ürək inildəyir, qələm titrəyir,
Vərəq də xəzəltək solur bu gecə.

Bir şeir yazılır bir ana üçün,
Yaralı qəlbinə qar ələnəcək…
Bitməz gecələrdə oxunmaq üçün
Hələ bir nəğmə də bəstələnəcək:

…O, mələk gəlmişdi dünyaya əlbət,
İyirmi yanvarda, o qanlı gündə –
Nə vaxt ki, diz çöküb ulu məmləkət,
Göz yaşı tökmüşdü övlad önündə…

O, mələk gəlmişdi dünyaya, bəlkə
Bir şəhid ruhuydu, dönmüşdü geri…
Bir yandan gəzərkən üstündə kölgə,
Bir yandan gəzmişdi ana əlləri…

Qayğısız keçsə də günləri onun,
Kim bilir qəlbindən nələr keçərdi…
Yoxsa unutmuşdu kim olduğunu,
Hər yerdə bir mələk rəsmi çəkərdi?!

Dayanar önündə o “mələklərin”,
Üzünə təbəssüm izi qonardı…
Haqdan verilənin mənası dərin, –
Özü də adıtək işıqdı, nurdu!

Onunçün əsərdi bu asiman da,
Həyat çil-çıralı göyqurşağıydı!
Bahardı – göylere qanadlananda…
Elə ömrünün də bahar çağıydı…

Doyunca deməmiş “boyuna qurban”,
Bir ana bir oğul öpüb oxşadı.
Göz yumub-açınca ötüşdü zaman,
Bir insan bir mələk ömrü yaşadı!

…Yazıldı bu şeir, kederli şeir,
Shairin gözləri doldu bu gecə!
Kəlmələr düzüldü hüzünlə bir-bir,
Vərəq də xəzəltək soldu bu gecə!

***

Dərdi elə çəkirik
Əbədiyik elə bil…
Sanki bu zaman kimi
Dərd də qurtaran deyil…

Qərinələr ötəcək
Sanki yaşayacağıq,
Bitməyən dərdimizi
Onca daşıyacağıq?!

Bərabər doğulmuşuq,
Biz durduqca o da var.
Ömrümüzlə bərabər
Dərdimiz də qurtarar!


19.01.15.


Bir cavab yazın