ALİM ÖLDÜ – ALƏM ÖLDÜ. . .
Bu sözlər 1400 il bundan öncə müqəddəslərimizin dilindən ibrət kimi bizlərə yadigar qalmış və zaman keçdikcə öz mahiyyətini daha da məntiqli etmişdir. . .
Elə bu fikri əldə rəhbər tutaraq Moskva şəhərində fəaliyyət göstərən “ Şəhriyar “ ədəbi-mədəni cəmiyyətinin bütün üzvləri, cəmiyyətin Fəxri üzvü, şair və publisist, Rusiya yazıçılar ittifaqının üzvü, Pedaqogika elmləri doktoru, professor, Rusiya təbiyyat elmləri akademiyasının akademiki, Beynəlxalq pedaqoji təhsil akademiyasının akademiki, görkəmli nəzəriyyəçi alim Yaqut Məmməd oğlu Nemətovun qəflətən vəfat etməsilə əlaqədar onun əzizlərinə-oğlu Azada, qızı Aidə xanıma, həyat yoldaşı Rahilə xanıma dərin hüzünlə başsağlığı verir və qəlbən kədərləndiklərini bildirirlər.
Qeyd etmək istəyirik ki, Yaqut Nemətov görkəmli alim olduğu kimi, geniş qəlbli insan, yüksək intellektə malik yetgin şəxsiyyət Böyük vətənpərvər və təmiz qanlı Azərbaycanlı idi. O, bütün söhbətlərində qədim tarixə malik olan vətəni Azərbaycan haqqında danışmaqdan doymazdı:
Amansız aylarda, ağır illərdə,
Könlümün həmdəmi yalnız Vətəndir.
Nə qədər yaşasam qürbət ellərdə,
Ömrümün hər dəmi yalnız Vətəndir.
Bu sətirləri biz Yaqut Nemətovun “ Yalnız Vətəndir “ sərlövhəli şeirindən sizlərə təqdim etdik. Yaqut müəllim eyni zamanda şair idi. Onun “ Könül naləsi “ adlı şeirlər toplusu bu gün Moskvada poeiziya həvəskarlarının stolüstü kitabına çevrilmişdir. Ana dilimizin bütün incəliklərinə tam bələdlik, milli-mənəvi dəyərlərə böyük ehtiram və yüksək vətənpərvərlik həmin kitabda çap olunmuş şeirlərin nəfəsini təşkil edir. Bu üç amilin vəhdətindən döğulmuş əsərlərin mehvəri Vətən eşqi, İnsana məhəbbət, Elm və dinin birliyi, İlahi sevgi, harayı isə- Azərbaycanın maddi və mənəvi bütövlüyü, qədim TÜRK dünyasının əzəmətidir.
Ana dilimizin saflığı uğrunda daim çarpışan görkəmli pedaqoq özgə dillərdə danışmağı şərəf sayan üzdəniraqlara yazırdı :
Ey başqa dilləri bilənlərimiz,
Hər şeydən üstündür Ana dilimiz!
Vətənə, millətə unutmayın siz,
Mənəvi sütundur Ana dilimiz !
Doğrudan da Yaqut Nemətov məfkurəcə nəhəng bir sima idi. O, rus dilinin bütün incəliklərini dərindən bilməyinə baxmayaraq, söhbətlərində çalışardı ki, həmişə azərbaycan dilinin gözəllikləri ilə danışsın. Yaqut deyərdi : üç müqəddəs məfhum, üç sönməz məşəl hər zaman mənim ruhumun təməli olubdur. Bu üç məfhum- Anadır, Atadır, bir də ki, Müəllim !
Ana məhəbbəti yaşadır məni!
Ata mərifəti ucaldır məni!
Müəllim ülfəti yaradır məni!
Həyatım eşqlə dolubdur mənim!
Yaqutun həyatı sözün əsl mənasında insani ülfətlə, dosta, tanışa, millətinə tükənməz məhəbbətlə dolu idi. Həyatının 30 ilini Moskva mühitində keçirən həmyerlimiz pedaqogika elmi sahəsində böyük nailiyyətlər əldə etmiş və akademik səviyyəsinə kimi yüksələ bilmişdir. Elmin zirvəsinə yüksələn Yaqut müəllim Rusiyanın Pedaqoji sistemində yeni nəzəriyyə-
nin banisi kimi tanınmağa balanmışdı. Onun “ Tendensiya və proqnozlar “ adlı kitabı 21-ci əsrdə Rusiya təhsil ocaqlarında milli maraqları əks etdirən və təhsil sahəsində reformasiya aparmaq üçün ən gözəl nəzəri əsaslar kimi qəbul edilmişdir.
Yaqut Nemətov həyatını elmə, ədəbiyyata, poeziyaya, şeirə və sənətə həsr edən, külüng çalan əsl Fərhad olmuşdur. 60- dan yuxarı elmi əsərlərin müəllifi olan görkəmli alim, həm də sadə bir insan idi. Sarkazmı, lətifələri və zarafatı çox xoşlayardı.Elə məhz onun sadəliyi, mehribanlığı, diqqətşayanlığı və ətrafına qarşı qayğıkeşliyi onu tanıyanların qəlbində ona qarşı tükənməz məhəbbət və səmimiyyət yaratmışdı.
Ona görə də Böyük İnsan və Böyük Alim olan Yaqut Nemətovun gözlənilməz ölümü bizim qəlbimizi yaşla doldurmuş, duyğularımıza dərin hüzn gətirmiş və cümləmizi sonsuz kədərləndirmişdir. Onun əzizlərinə və yaxınlarına izhar edirik ki, Böyük vətənpərvər olan Yaqut Nemtovun əziz xatirəsi bizim qəlbimizdə daima yaşayacaq, onun Vətən şeirləri dilimiz-
dən düşməyəcək və hər zaman onu yad edəcəyik ! Onun övladlarına və həyat yoldaşına Allahdan səbr və təmkin diləyirik! Allah Yaqut Məmməd oğlu Nemətova Rəhmət eləsin!
“Şəhriyar “ ədəbi-mədəni cəmiyyətinin üzvləri adından, cəmiyyətin sədri : Vasif Məmmədov.
Moskva şəhəri,15 iyun 2013-cü il.