Dağ sevdalı, dağ nisgilli şair üçün səmimiyyət abidəsi
Yazıçı-publisist Vəliyəddin Misiroğluya açıq məktub
Nəsib NƏBİOĞLU
Çox hörmətli Vəliyəddin müəllim!
Bu günlərdə sizin mənə ünvanladığınız, xalqımızın sevimli şairi mərhum Məmməd Aslanın həyatına və yaradıcılığına həsr etdiyiniz “Misrası qala bürcü olanın nə dərdi” və “Gözümə Kəlbəcər torpağı tökün. Pıçıltısından tanınan şair haqqında” məqalələrinizi oxudum. Məqalələr mənə müsbət təsir bağışladı və təkrar-təkrar oxudum, sizə deyəcəyim sözümü mətbuat vasitəsiylə demək qənaətinə gəldim. Hamımıza məlumdur ki, Azərbaycanın tanınmış şair və yazıçıları M.Aslanın həyatından, ömür yolundan, yaradıcılığından çox sayda məqalə yazıblar, bənzərsiz şairimizə yüzlərlə şeir həsr ediblər. Mən də yazmışam. Sevindirici haldır ki, sizin yazdığınız məqalələr tamamilə fərqlənir və oxucuda bambaşqa, yüksək əhval-ruhiyyə yaradır. Bu məqalələr sanballı olmaqla bərabər, oxunaqlı, ciddiliklə yanaşı, səmimidir.
Əslində, bu iki məqalə sizin bütöv yaradıcılığınızdan xəbər verir və sizin haqqınızda söz deməyə bəs edir.
Məqalənin biri M.Aslanın sağlığında, biri isə şair haqq dünyasına qovuşduqdan sonra yazılıb. Bu məqalələr bir-birini tamamlayır, oxucuya daha dolğun təəssürat bağışlayır.
Bəri başdan onu da deyim ki, mən sizi bir ictimai xadim kimi tanıyırdım, Sovet dönəmində Kəlbəcər rayon komsomolunun katibi və digər məsul vəzifələrdə olduğunuzu da bilirdim. Mən o vaxtlardan, orta məktəb illərimdən sizi uzaqdan-uzağa bacarıqlı, ləyaqətli, bir yurdsevər Kəlbəcər ziyalısı kimi tanıyıb yadda saxlamışam. Amma təvazökarlığınızdan, bədii ədəbiyyatla, publisistikayla da məşğul olduğunuzu bir dəfə də olsun dilinizə gətirməmisiniz. Sonralar öyrəndim ki, Vəliyəddin Misiroğlu bir çox sənət, söz adamlarına həsr olunmuş dəyərli məqalələrin və esselərin müəllifidir. Gözəl şeirlər də yazırsınız. Yazılarınızı oxuyanda dilinizin səlistliyi, təmizliyi məni heyran elədi. Bu da sizin xalqın içərisindən çıxmağınızdan, uzun illər xalqla təmasda olmağınızdan və mütaliənizdən irəli gəlir.
Məqalələrinizi oxuyanda hiss edirsən ki, müəllif – V. Misiroğlu M.Aslanı hər zaman bütöv şəxsiyyət, yaxşı insan, səmimi dost kimi qəbul edib, onun poetik istedadına, bənzərsiz yaradıcılığına da böyük hörmət, rəğbət bəsləyib.
M. Aslanın şeirlərini təhlil etməklə yanaşı, siz şairin parlaq obrazını yaratmısınız. Dağlarımızın gözəlliyini, qüdrətini füsunkar gözəllik abidəsi olan Kəlbəcərimizi məhəbbətlə tərənnüm etmisiniz. Bu yazıları oxuyanda mən özüm də kövrək duyğular yaşadım. Elə bilirəm ki, sizin M. Aslan poeziyasına olan əbədi sevginiz Kəlbəcərə olan məhəbbətinizdən, şairin şeirlərindəki doğma hisslərə bağlılığınızdan gəlir.
Məlumdur ki, dağlar bir şair kimi M.Aslanın ümid yeri, pənah apardığı müqəddəs varlıq idi. Onu bir şair kimi yaşadan, ona ilham, qol-qanad verən, ruhunu pərvazlandıran, həm də şəxsiyyətini formalaşdıran, həyatda, cəmiyyətdə yararlı insan edən dağların müstəsna təsiri idi. Odur ki, M.Aslanın yaradıcılığını dağlarsız təsəvvür etmək mümkün deyil. Təbii, siz uzun illər şairlə təmasda olmusunuz və bu da xatirələrinizdə öz əksini tapıb. M. Aslan şeirlərinin bənzərsizliyi, özünəməxsus deyim tərzi, yeni tapıntıları, şeirinin vacib olan keyfiyyətlərinin heç biri nəzərinizdən qaçmayıb.
Müxtəlif dövrlərdə, lap elə bizim dövrümüzdə də bəzən yazıçılar, ümumiyyətlə, qələm sahibləri kiməsə pərəstiş ediblər, hardasa bəhrələnmək istəyənlər də olub. Amma siz M. Aslan şeirini sevə-sevə təhlil edərkən, onu bütləşdirməkdən, heykəlləşdirməkdən yan keçib, dəyərini olduğu kimi verirsiniz. Məsələn, M. Aslanın dağlara vurğunluğunu, dağların özü boyda sevgisini, onun dağlarla bağlı nisgilini belə ifadə edirsiniz:
“Gör sənin nə boyda tükənməz sərvətin vardır, a Məmməd! Bu qədər xəzinəni, dəfinəni, yatarı köksün altdamı, Laçın qayadamı gizlətmişdin, yoxsa Murovda, Dəlidağda?! Bəlkə onun üçün Dəlidağa baxıb kövrəlmisən?
Ömür keçir, yaxınlaşan sıram var,
Bir kövrəl ki, mənim ciyərparam var!
Aç qolunu bas bağrına, yaram var,
Kimim var ki, səndən yaxın, Dəlidağ”.
Məqalənin mənim ruhumu oynadan, mənə rahatlıq verməyən bir parçasını olduğu kimi oxucuların nəzərinə çatdırıram. Çünki sizin cümlələriniz M. Aslanın misralarıyla bir-birini tamamlayır, onlar sıx vəhdətdədir:
“Şeirlərində deyildiyi kimi, bəlkə də o dağların zirvəsinə ildırımlar onun üçün çaxırmış. Qamçısı şimşək olan ildırımlar o dağlara işıq salıb Məmmədi axtarırmış ki, dəfinəni üzə çıxartsın.
Bitib-tükənmədi dünyanın cəngi,
Əsrarlı göylərə dağlar üzəngi!
Başına ildırım şığıyar, çünki
Duyub ki, yatar var o dağın altda.
İndi bildik ki, yəhərli köhlənin üzəngisi olduğu kimi göylərin də üzəngisi varmış. O da ki, biz qoynunda böyüdüyümüz dağlar imiş… Ona görə də sən dağları yetim sayanları, onu boynubükük kimi təsəvvür edənləri qınayırsan:
Dağlar zirvələrin övladlarıdı,
Sən yetim deyirsən niyə dağlara?!
Dağların dərdi var özündən böyük,
Kimdi gedib duran yiyə dağlara.
Yenə dağlara özün yiyə durursan. Həmişə gözəlin başında qeylü-qal olar… “Gözəllik təhlükəlidir, deyiblər”…
Ona görə də sən dağları çevrəsində halə olan mələyə bənzədib, onu qoruyursan… yad gözdən, yad nəfəsdən. Düşmürsən zirvələrdən, keşik çəkirsən:
Bir mələk ki, çevrəsində halə var,
O Leyli gözələ Məcnun hələ var!
Eşitsəniz zirvələrdə nalə var,
Məmməddir, yandırıb-yaxır dağları”.
Bu məqalədə dilimizdə çox az işlənən sözlərə rast gəldim. Ümumiyyətlə, danışıqda az yer verilən sözləri uğurla işlədirsiniz. Zərb məsəllərlə, atalar sözləriylə yazı dilinizi zənginləşdirir və bu da yazının təsirini artırır, daha da oxunaqlı edir. Kiçik bir abzası xatırladıram: “Məmmədin misraları, “suyu sovulmuş dəyirman” kimi lal dayanmır. Çax-çaxlı dəyirman kimi şaqqıldayır, təvərədən çıxmır, haray çəkir, üyüdür-tökür, tişəkdən düşmür. Onun misraları ağırlığı göndərilmiş “dəyə” kimi boş görünmür, alaçığın söz “çöysü”sü – dirəyi var, çökmür. Həmişə “muxuru” alaçıq kimi dolu və zəngin görünür”.
Yaxud, az işlənən sözlərin sıralandığı bu cümlələrdə necə misilsiz kolorit var: “O, “ömrünə qadağa qoyar, dilinə qadağa qoymazdı”. Sözü yerində deməyi bacarırdı. Ucuz pilləyə çatmaq üçün heç vaxt iməkləməyib.
Onun yəhərə qançığa, xurcuna gözək, dükcəyə qulaqça olanlardan heç vaxt xoşu gəlməyib. Ortada tesi kimi fırlanmaqdansa, küncdə buxarı kimi yanmağı üstün tutub. Nə olubsa, özü olub, nə yazıbsa, özünün yatımlı dili ilə yazıb. Çeynənilmiş qafiyə, çiy söz işlətməkdən qaçıb, boyat fikir söyləməyib. Rəvan tələffüzü, şirin deyimi ilə həmişə diqqəti cəlb edib!”
Son vaxtlar, daha doğrusu, Sovetlər Birliyinin süqutundan sonra bizim telekanallardakı əməkdaşların əksəriyyəti dilimizi korlayırlar, onu bərbad halda işlədirlər. Bəzi “sənətçilərin” yarıçılpaq səhnəyə, ekrana çıxması və ədəbsizlik nümayiş etdirməsi bir yana qalsın, hələ dilimizi də eybəcər şəklə salırlar. Şükürlər olsun ki, siz və dilimizə dəyər verən başqa bir sıra qələm sahibləri Azərbaycan dilinin gözəlliyini qoruyur, onun zənginləşməsi üçün əlinizdən gələni edirsiniz.
Vəliyəddin müəllim, əziz qələmdaşım! Sizə cansağlığı arzulayıram, uğurlar diləyirəm! Qələminiz daima iti, sözünüz həmişə kəsərli olsun! Kəlbəcərdə görüşmək ümidiylə!
Moskva, 26 yanvar 2016.