ANAM DÜNYA(SI)NI DƏYİŞDİ
Avqustun 11-i ailə təqvimimizə qara rənglə yazıldı. Səhər saat yeddidə son nəfəsini verib haqqın dərgahına üz tutdu anam. Ona qədər dünyaya o məsumluqda qarabuğdayı uşaq, yetkinlik yaşına qədər o gözəllikdə qız, kəndin kasıb, amma yaraşıqlı dəliqanlısına qoşulub ailə qurandan sonra doğduğu uşaqlara ondan gözəl ana, sayı iyirmi doqquza çatan nəvəyə, otuz iki nəticəyə ondan şirin nənə gəlməmişdi.
O məsum qarabuğdayı uşağın bəxtinə müharibə adlı əjdahanın odlu nəfəsiylə qarsaladığı aclıq, mülkədarmı, qolçomaqmı, nəmi deyə damğalanıb dama basılmış ata, üç övladla dul qalmış, tezliklə də övladları, demək olar ki, tamamilə onun üstünə atıb yeni ailə quran bacı düşmüşdü. On iki-on üç yaşlarında at belində iyirmi kilometrlik məsafədə həbsdə saxlanan (hələ başqalarına baxanda bu vəziyyət şükürlü idi, o birilərin izi-tozu da bəlli olmurdu) atasına yemək aparmaq, arxa cəbhə deyilən kənddə yaşıdları ilə bərabər işləmək, bacısının balalarına xaladan çox analıq etmək sanki onun çətinliklər dolu gələcəyinin təməlini qoyurdu. Arıqlığı, zəifliyi üzündən cəbhə yolunun yarısından qaytarılmış Ələmdarın evlənmək təklifini eşidəndə eşq-məhəbbətdən çox, vəziyyətinin bir az düzələcəyinə ümid bəsləmişdi. Necə evləndiklərini xatirlamasını istəyəndə atam haqda “özü də çox gözəl idi, elə qızların hamısı onnan danışırdı,–deyərdi anam,–amma məni qarabaqara izləyirdi, kasıb olduğunu gizlətmirdi, heç mən də onu varlı bilmirdim. İlk dəfə evlərinə girəndə isə çaşıb qaldım: onun bu qədər də kasıb dürumda olduğunu ağlıma gətirməmişdim.” Bəlkə elə ona görədir ki, birgə yaşadıqları əlli doqquz ildə nə barmağına üzük, nə qoluna qolbağ taxdı, nə qulağına sırğa, nə yaxasına bir daş-qaş asdı anam.
Yəni başa düşdünüz ki, yüngülləşəcəyinə bel bağlanan həyat bir az da çətinləşdi. Yeni ocaqda ailə daha böyük, şərtlər daha ağır idi. Özünü o vaxtkı quruluşun vurğunlarından birinə çevirmiş, varlığı ilə şuraya inanan həyat yoldaşı gecə-gündüz kənddə, rayonda kommunizm qurmağa çalışır, evin “xırda-para” qayğılarına vaxt tapmırdı. Əri yeddi il kolxoz sədri olanda da kəndlərin güzəranı babatlaşmış, evin durumu dəyişməmişdi ki, dəyişməmişdi. Bir xatirə yazısında bunu yazıb ucuz təskinlik almaq fikrində deyiləm, sadəcə olaraq atamın o quruluşa fanatikcəsinə aludə olub, aclar olan yerdə tox, harın yaşamağı özünə rəva bilmədiyini demək istədim. Bunun zərbəsi də hamıdan çox anama dəyirdi. “O olmaz, bu olmaz” qadağanları bir yanda, böyümək, yaşamaq istəyən uşaqlar, bir dam altda toplaşan ailə, böyük təsərrüfat o biri yanda anamı əl üstdə saxlanan, sədr, müdir xanımı yerinə sədrin bütün mərhumiyyətlərə dözən dayağına çevirdi. Birlikdə on iki övlad gətirdilər dünyaya, onların səkkizi böyüyüb boya-başa çatdı.
Vaxtaşırı atam müxtəlif sərgilərə, kurslara gedirdi. Biz uşaqlar hələ balaca ikən növbəti kurslardan biri də Gəncədə (o vaxt Kirovabad adlanırdı) idi. Bir gün axşamın toranında həyətdə bayquş oxumağa başladı. Başçısı uzaqda olan ailə üçün bu bədbinlik gətirən səsin necə yozulduğu aydın idi. Anam bir tüstülü kösöv atıb bayquşu uzaqlaşdırmağa çalışdı. Quş sadəcə yerini dəyişib evə az qala bitişik söyüdün başında oturdu və yenidən ötməyə başladı. Atamın hamımızdan gizli saxladığı kiçik kalibrli tüfəngi vardı. Anam tüfəngi üzünə alıb atanda ətrafdakılardan heç kim quşun səsdən qorxub uçmasından başqa bir nəticə gözləmirdi, çünki hava kifayət qədər qaralmışdı və məlumdur ki, bayquş yarasa kimi qaranlıqda ortaya çıxır. Atəş açılmasıyla quşun tappıltı ilə yerə düşməsi bir oldu. Sanki uşaqların qorxusu, uzaqdakı (o vaxt Gəncədə olmaq, Şəkiyə görə uzaqda olmaq sayılırdı) atamın başına bir şey gəlməsin düaları anama bir optik göz vermişdi.
Anaların hamısı gözəl, əziz, şirindi. Kim dünyanın ən bahalı restoranlarında yemək yeyəndə də “anamın yeməyinin dadını vermir” deməyib? Amma mən anamın əppəyindən demək istəyirəm. 1973-cü ildən kənddən çıxıb əvvəlcə Bakıya oxumağa, sonra Moskvaya işləməyə gedəndən ta anam yatağa düşənə qədər nə vaxt kəndə gəlmişəmsə anamı təndirin başında görmüşəm. O təndirin əppəyindən gələn və az qala bütün kəndə yayılan o ətri təsvir eləməyə gücü olan varmı?
Tələbəykən qış tətilinə evə gedəndə mənim yerim evimizin qonaq otağında olardı. O vaxt indiki kimi yaz-qış bütün nemətlər bol deyildi, meyvələri qışa saxlama fəndləri hələ kəndə gəlib çıxmamışdı. Anam mənim uşaqlardan xəlvət saxladığı alma, heyva payımla otağa gələr, o bir-iki meyvə ilə dünya bağışlayardı mənə.
Şirindildi. Yataqda olduğu vaxt ağrı-acıdan, hərəkətsizliyindən qeyzlənib bir az cığallaşsa da hamıya deməyə xoş sözü, ağız dolusu duaları vardı. “Allah səni Tur dağına döndərsin!” “Allah, hamının balasını öz pənahında saxla, mənimkilər də onların içində!” “Gözlərinin ağırsın alım, a qaymaq!”
Dünyanı dəyişdirdi anam. Ona qədər bir dünya vardı, onunla olan dünya başqaydı, getdi, dünyanı başımıza dolandırıb getdi. Hər övladın, nəvənin, nəticənin adını əzbər bilməyi, hər birini öz “dilində” oxşamağı xatirəyə döndü. Ömrün qürubuna yaxın dəhşətli oğul acısı yaşadı, gözlərini əbədi yummazdan on gün əvvəl yeganə qardaşını itirdi.
Pasportunda təvəllüdü iyirmi doqquzuncu il yazılmışdı. Əslində min doqquz yüz iyirmi altıncı ildə anadan olduğunu sinif yoldaşlarından öyrənmişdik. Uzun, dolğun ömür yaşadı. Övladları keçmiş SSRİ məkanında, müstəqil Azərbaycanda, yüksək rəsmi dairələrə, nəvələri Türkiyə, Almaniya, Amerika, İngiltərəyə qədər yol aldılar. Bu gün susuzluqdan hər qarış torpağı cadar-cadar olmuş kəndimizin havasını, suyunu udmuş o ailənin övladları fərqli dillər öyrənib müxtəlif peşələrə yiyələndilər.
Hər təhsil ilinin başlanğıcında nəvə-nəticələrlə bərabər tələbə həyəcanı yaşayırdı anam. Sonuncunu keçən il—nəticəsi pedaqoji universitetə girəndə yaşamışdı. Əfsus ki, bu ilin təzə xəbərlərini ala bilmədi. Nəvəsinin yüksək balla xarici dillər universitetinə, ikinci nəticəsinin rəssamlıq akademiyasına qəbul xəbərlərini desələr də bir nöqtəyə zillənmiş gözlərindən anlayıb-anlamadığı bilinmədi.
Dünyanı dəyişən anam öz dünyasını dəyişdi.
Allah rəhmət eləsin!
Cəfər Sadıq,
Moskva, 16 avqust 2015-ci il