Arzuların dəlisi


Bu yazı fantaziyamın məhsulu deyil. Gəncədə olduğum zaman küçədəki yiyəsiz it-pişiklərə yemək alıb onları yerdirdən Arzu adlı gənc  haqqındadır.        

Niyə olmasın ki, adı Arzu. İndi  ziyasını-savadını qoyaq  bir kənara, maddi durumu  yaxşı olan bir ailədə doğulsa idi, adının Arzu olması onu arzulalan edəcəkdi hər kəs üçün. Amma elə ki, bir az –yox bir azın lap altında-azları çox olan yerdə dünyaya gəldi,  ayaması adını qabaqladı. Kimi dəli dedi, kimi də ….

İki qızdan sonra arzulanan oğul övladdı.  Arzu olsun adı dedilər! Oldu…

Arzu -bizim Arzu. Saflığı, üzüyolalığı anormallıq sayılan Arzu. Lazım gəlsə Vətən üçün döyüşməyi gözə alan, könüllü olaraq öndə gedən–bəlkə silahdan istifadə etməyi bilməyən, amma sursat daşımağı bilən Arzu. O, povestlərin  olmazsa-olmazı olan obrazıdır. Hazır personajdır.  Hansı ədəbi nəsri qaldırsan Turgenyevin “Mumu”sundakı  kimi bir Gerasimi var.  Əslində “ağıllı dəli” obrazları bəlkə də dümdüz mətni  bədiiləşdirən çalardır. Mətn onlara borcludur. Bu həyat da arzulara…

-Dəlidi bu, evdə yeməyə çörəyi güclə tapırlar, o  isə bütün kəndin yiyəsiz it-pişiklərini  yemləyir.

Bir az qüsurlu doğulub. Əslində anormallığın norma kimi qəbul olunduğu mühitdə onun saflığını  “dəlilik”  qəbul etmək də toplumun qüsurudur.

Belə  baxanda əsl anormallıq  son günün, yox, elə illərlə yanı kürsüdə oturmaqdan yara  olanların  səsləndirdiyi  “tezislər”lərdən  əl edir adama. Deyir mən burdayam. İndi onlar durub  küçə it-pişiyini yedirtmək adına  kampaniya başladacaq qədər anormal olmasalar da, işdi-şayət bunu etsələr  adı xeyirxahlıq olacaq. Arzunun etdiyi isə anormallıqdır. Çünki…  Nəyi kimin  etməsindən  asılı olaraq mahiyyət dəyişir. Niyə?

-Asılı olan mahiyyət buqələmundur, ona görə.

Mütənasibliyi pozub ləqəbi adından əvvəl gələn Arzu  asılı deyil.  Mahiyyəti də sabitdir. Pəncərəsindən deyil, pəncəsindən  baxdığımız dünyanın adamı olmadığını deyir. Onun öz ailəmi var.

-Aləm də dünya deyilmi? 

-Dünya ümumiyə ev olandır, aləm fərdiləşmişlərin toplumu…

Bəlkə də eyni şeydir. Varlı və kaısbın, nüfuzlu və nüfuzsuzun uşağına  qoyulan  Arzu adı kimi həm də. Sadəcə biri Arzuolunandır, digəri Arzulanmayan.

Nə isə. Bioloji olaraq qismən qüsurludur. Nitqində və qavrayışında problem var kimi görünür. Amma həqiqi hərbi xidmətə də çağırılır belələri -tibbi rəyin nəticəsinə görə. (Paradoks…) Bu da bizim normamızdır nə edək.  Hələ də nəticəyə gətirən səbəbimizin mahiyyəti çiydir. 

İnsan dolabındakı paltarlarına bənzəyir. Mahiyyətinin  paltarıyla  mütənasib və ya qeyri-mütənasib olması fərq etməz. Hətta  yaraşmayanı əyninə pərçimləmək  öz seçimidirsə, mahiyyətindən çox da uzaq deyil, düz demirəmmi?

Arzu adının elə özünün də mahiyyətinə uyğun olan biridir. Onunla ironiya ilə  danışana belə ironiyasız  məsumcasına, dümdüz cavab verən biri. Kəndin küçədəki veyil it-pişiyinə sahib çıxır, boğazından kəsib onlara yemək alacaq qədər böyük ürəkdən başqa bir də insanlıq məsuliyyəti var.

-Mən necə yemək yeyim, axı onlar acdır, sahibsizdirlər…

-Sahiblənmək də sevgidəndir. Arzulamaq da. Elə arzulanmaq da.

Arzularının dəlisi olan- veyilinə etinasız olmayanın ayaması adından əvvəl gəlir.

Biz dünyannın pəncərəsindən baxır, dəlinin Arzusunu görürük. O isə  dünyanın onu sıxışdırdığı pəncəsində- öz aləmində Arzularının dəlisi olaraq hələ də günlük gətir-götür işlərindən (sözü dolandırmadan dümdüz desək hamballıqdan) qazandığı pulla itə-pişiyə yuva olmaq istəyir.

P.S. Dünya  bəzən mahiyyətinə uyğun olmayanı zorla əynimizə  geydirib bizimlə ironiya edən yerdir…

Tünzalə Vəliqızı
01.11.2021
Moskva


Bir cavab yazın