Ayaz ARABAÇI – OĞLUMA NƏSİHƏT…
Ürəyim ağrıyır sənə baxanda,
Qaldıra bilmirəm başımı yerdən.
Sənə paltar olmur, əyin-baş olmur,
Sənə çörək olmur beş-on şeirdən.
Qıraqdan baxanlar elə bilirlər,
Şeir pul gətirir, qələm pul kəsir.
Özün şahidsən ki, ciblərimizdə,
Siçanlar oynayır, küləklər əsir.
İndi tam dəyişib tələbi dövrün,
Millət ayrı şeyə hayıl-mayıldı.
Barı sən bir azca gözüaçıq ol,
Atan bu dünyada çox gec ayıldı.
Heç kimə acıma, heç kəsə yanma,
Tut hər vaxt, hər zaman pulu müqəddəs.
Biliyə, savada, elmə güvənmə,
Bil ki, yaltaqlıqla ucalır hər kəs.
Bir bax, kürsülərdə kimlər əyləşib…
Beşindən-altısı kütdü,nadandı.
Dərsini birbaşa həyatdan öyrən,
Nizami, Füzuli başaldadandı.
Yalandı gördüyün bu toy, bu büsat,
Adamlıq hər yerdə ölübdü, oğlum.
Hətta bazarından-məzarınacan,
Divlər bu ölkəni bölübdü, oğlum.
Sən bir az ayıq ol, uzaqgörən ol,
Təcili çox şeyin tulla, daşını.
Cəllad kötüyünə sürtmə mənimtək,
Nə yolnan olursa saxla başını.
Gör necə yaşayır adamlar indi,
Öyrən, ətrafına yaxşı nəzər sal.
Yoxsa ömürboyu əksilən deyil,
Başından bu qovğa, bu dərd, bu məlal.
Asan qazanmağın yolunu tapsan,
Nə dərd yüklənərsən, nə qəm yeyərsən.
Hətta dovşan qədər olmasan belə,
Aslan dərisindən paltar geyərsən.
Quruca söhbətdi ləyaqət-filan,
Sayılır-seçilir işi olanlar….
Gör ki, kişilikdən kitab bağlayır,
Arvad hesabına kişi olanlar.
Artır iblislərin gücü-talantı,
Yepyeni kitablar nazil olurlar.
Usta tərpənənlər göz qırpımında,
Deputat olurlar,nazir olurlar.
Baxma ey, dəyəri qəpik-quruşdu,
Çoxunu yüksəldib, bu sabun, bu maz,
Axı mənnən öncə ustad da deyib:
– Ata nəsihəti faydasız olmaz.
Ömür bircə dəfə verilir bizə,
Dərk elə bilmərrə bu həqiqəti.
Yorulub-tükənmiş atana baxıb,
Sən öz seçimində yanılma qəti…
Özündə olmayan sifətləri də,
Yerin deşiyindən tap, yeri gəlsə.
Məzlumun sonuncu qəpiyini də,
Bağırda-bağırda qap yeri gəlsə.
Gəzəndə hər zaman burnunu dik tut,
Ağlına qorxulu heç nə gətirmə.
Bircə arzunun da burnu qanamaz,
Əgər qulaq versən nəsihətimə.
Nə saçın vaxtından qabaq ağarar,
Nə qara taledən gileyin olar.
İndi biz olmağa öy tapammırıq-
Onda Lap Londonda on öyün olar.
Dinlə… Ağzımızda saqqıza dönmüş,
Dərdləri nə qədər çeynəmək olar..
Lap elə qoy artıb iki yüz olsun,
Bu dılğır maaşnan neynəmək olar.
Daha nə deyim ki,
Sənindir seçim,
Yollar var alqışdan qarğışa kimi..
Arxası, dayağı olmayanları,
Əzib-tapdayırlar qarışqa kimi.
Bir sözlə, onsuz da fanidi həyat,
Çalış ki, yaşama ömrünü hədər.
Daha nə deyər ki, adam adama..
Daha nə deyər ki, məndən bu qədər.
Ayaz ARABAÇI
Yenises.ru