Azərbaycan futboluna televiziyalardan “Qırmızı vərəqə”


              Azərbaycan futboluna televiziyalardan  “Qırmızı vərəqə”

Başı bəlalı Azərbaycan futbolu! Gör nə günə qalmısan ki, bir sponsur da tapa bilmirsən! Futboldan uzaq olan başbilənlərin gör səni nə günə salıblar ki, indi səni Azərbaycan xalqına göstərən bir televeziya da tapılmır! Gör nə gündəsən ki, sənə rəhbərlik etməyə bir futbol mütəxəssisi yoxdur!

Yazdıqca bu cür xoş olmayan ifadələrdən ibarət siyahını uzada da bilərdim, lakin bir azərbaycanlı kimi sənə baxıb xəcalət çəkdiyimdən susmaq istəyirəm, amma alınmır. Müəllifini bilmədiyim ədalət haqqında bir cümləni – “Ədaləti yüksək bir qanun olaraq qəbul etməyən bir millət, bu fəlakətini heç bir uğurla düzəldə bilməz.” yadıma salanda, susmamaq və ədalət carçısı olmaq istəyirəm.

Bəli, yeni çempionatın başlayıb, amma kimin üçün və nə üçün? Futbol azarkeşlər üçün oynanılır, senin başbilənlərin isə səni sevimli azarkeşlərindən gizlədirlər. Bu azmış kimi hələ qabaqlar efirə gedən şübhəli məqamlar da gizlədilir ki, başbilənlərinin əmirlərini yerinə yetirənlərin çirkin əməlləri görünməsin. Vaxtilə “Futbol saatı” deyilən bir verliş var idi. Orada səni az-maz tanıyanlar olurdu və ədalət naminə haqqı deyirdilər. İndi isə o verliş qalıb, lakin sənin başbilənlərinin istəyi ilə tərkib dəyişilib və ədalət istəyənlərin bir qismi də rəhbərlərinə qoşulub.

Dünyanın elə bir ölkəsi yoxdur ki, öz çempionatının oyunlarını xalqdan gizlətsin. Amma yeganə dövlət və xalq bizik ki, bizim üçün təşkil olunan futbol bizlərə həsrət qalır. Vaxtı ikən Rusiyada da kimlərsə çaşıb rus futbolunu pullu kanallara köçürmək istəyirdilər, sonda o vaxtkı Rusiya prezidenti Medvedyev bu işə qarışdı və bu plan baş tutmadı. Bəlkə indi biz də futbol bosslarımızı tutduqları bu əməldən döndərə bilmək üçün kütləvi şəkildə cənab İlham Əliyevə müraciət edək? Amma qorxuram cənab prezidentə də xalqa dedikləri yalanları təkrar-təkrar desinlər və öz istəklərini davam etdirsinlər.

Hakim Elçin Məmmədov hər dəfə efirə çıxanda bar-bar bağıraraq millətə prezidentin futbolun inkişifı haqqında imzaladığı qanunu ən azı beş dəfə xatırladırdı. Amma indi səsi də çıxmayır, sanki Azərbaycan futbolunu Azərbaycan əhalisindən gizlətmək futbolun inkişafı deməkdir. Bəlkə də özündə cəsarət tapıb bu haqda nə isə deyə bilmir. İnsanda cəsarət və haqq sözünü demək gözəl xusüsiyyətdir, amma bu futbolumuzu uçuruma aparanlara aid deyil. Vaxtilə Tofiq Bəhramov kimi hakimlərimiz Azərbaycanı tanıtdıqları halda, onların davamçıları olan siz hakimlər ölkədən qırağa gedə bilmirsiniz. Çünki böyük turnirlər sizlik deyil və sizin çirkin əməlləriniz orda baş tutmaz.

Ümid sonda ölür deyirlər! Mən də bu futbolumuzun bir gün etibarlı əllərdə olacağına, futbol mütəxəssislərimizin susmayaraq futbolda olan çatışmamazlıqları mərdi-mərdanə deyəcəklərinə, bizim futbolçuların legioner həyatı sürərək ermənilərdən üstün olduqlarını subüt edəcəklərinə, xalqın futbolu mavi ekrandan görəcəklərinə, azərkeşlərin oyunlarda stadionlarımızı dolduracaqların ümid edirəm.


Bir cavab yazın