AzerRos növbədənkənar qurultay keçirdi
Qurultaydan gözlənilən və gözlənilməyən məqamlarla şərhsiz olaraq…
Adı qalmaqallarla gündəmə gələn Azərbaycanlıların Federal milli mədəni muxtariyyəti (FMMM) AzerRos-un bu günə (fevralın 20-nə ) təyin edilmiş qurultayı Moskva Millətlər evində baş tutdu.
“12 regiondan 9-unun iştirak etdiyinə nəzərən qurultayda kvorum olduğu üçün işinə başlaya bilər”- deyə yığıncağı Nijni Novqoroddan olan nümayəndə Vidadi Abbasov açdı. O, AzeRros federal şurasının sədri Mehriban Sadıqovanın səhhəti ilə əlaqədar qurultaya sədrlik edə bilməyəcəyini qeyd edərək, yığıncağı aparmağın ona həvalə edildiyini və razılıq üçün bunun səsə qoyulmasını istədi. Qurultay iştirakçıları yekdil səslə V.Abbasovun qurultaya sədrlik etməsinə razılıq verdilər.
V.Abbasov əvvəl qurultayın işində iştirak edən AzerRos Ağsaqqallar şurasınınn sədri Abbas Abbasova söz verdi. AzerRos ətrafında baş verənlərlə bağlı qısaca məlumat xarakterili çıxış edən Abbas Abbasov bu günkü növbədənkənar qurultayın çağırılmasını Asif Məhərrəmovun istefasının labüdləşdirdiyini qeyd etdi və qurultayın işinə uğur dilədi.
Qeyd edək ki, qurulutayın gündəliyində 7 məsələ dururdu. Bunlardan biri AzerRosa prezident seçilməsi məsəsləsi idi.
Qurultay nümayəndələri Mehriban Sadıqovanın namzədliyini irəli sürdülər. Şirvan Kərimov, Osman Hüseynovun da adları nazmizədlər sırasında səsləndi.
Ağsaqqallar şurasının üzvü Şirvan Kərimov ona göstərilən etdimadı yüksək dəyərləndirərək hər kəsə təşəkkür etdi. O, bu gün müsəlman Şərqində ilk dövlətçiliyin, maarifçiliyin, mətbuatın, teatrın əsasını qoyan və bir çox ilklərə imza atan Azərbaycan xalqının qadınlarının da ictimai həyatda fəallığından danışdı. Və AzerRosa prezident kimi qadın olaraq Mehriban Sadıqovanın namizədliyini dəstəklədiyini söylədi. Təklif səsə qoyuldu və qurultay nümayəndələri Mehriban Sadıqovanı yekdilliklə AzerRos-un prezidenti seçdi.
AzerRos-un qurulyatında keçmiş federal sovetin tərkibinin təzələnməsi, Ağsaqqalar şurasının üzvlərinin yenilənməsi də gündəmdə duran məsələlərdəndi.
Əvvəl federal şuranın tərkibinin 25 nəfərdən ibarət olması və sonra ora daxil olan üzvlərin seçilməsi müzakirəyə çıxarıldı. Müzakirələrdən sonra 25 nəfər feredal şura üzvü olması və onun yeni tərkibi 17- lehinə, 2- əlehinə səslə qəbul edildi.
Ağsaqqallar şurası məsələsi gündəmə gələn zaman Abbas Abbsov şura sədrliyindən istefa verdiyini bəyan etdi. Bu bəyanatın ardınca ekranda görünən tabloda adının Ağsaqqallar şurasından çıxarılmasını da istədi.
“Bu gün AzərRos ətrafında yaşanan bu konfliktlər, mətbuatda yazılanlarda başlıca hədəf olaraq adımın keçdiyini nəzərə alaraq, diasporumuzun birləşməsi naminə bu addımı atır, istefa etdiyimi elan edirəm. Bu fikrimdə son dərəcə səmimiyəm”.
O, AzerRos ətrafında yaşananların əslində ona qarşı olduğunu qeyd edərək, diaspor təşkilatının başında olmasa da, yenə də onlarla, hər hansı problemlərinin həllində yanlarında olacağını söylədi.
Abbas Abbasovun bu gözlənilməz bəyanatından şoka düşənlər –Rüstəm İbrahimbəyov, Kamran Rüstəmov, Şirvan Kərimov bu təşkilatda ağsaqqal olaraq Abbas Abbasov olmazsa, onlar da istefalarının səsə qoyulmasını istədilər.
Rüstəm İbrahimbəyov: “Bu hücumlara, süni yaradılan konfliktlərə bais olaraq siz getmək qərarı vermisinizsə, mənim bu siyahıda olmağım bəlkə də bir şeyi dəyişdirməz. Ona görə mən də namizədliyimin geri çəkilməsini istəyirəm”.
Kamran Rüstəmov: “Abbas, 40 ildir ki, elmlər doktoruyam, bir o qədər də həyat və siyasi təcrübəm var. Ən çətin anlarda, Heydər Əliyev Naxçıvanda olanda sən mənimlə görüşdə nə dediyini bu gün burada xatırlatmaq istəyirəm. O zaman Heydər Əliyevin yanınamı gedirsən, dedin. Mənim də onun yanında olduğumu, bu dövləti dağıtmağa çalışanlardan qorxmadığımızı de… Bu gün üzərinə düşüblərsə, sənin bu təşkilatı başsız qoyub getməyə haqqın yoxdur ”.
Şirvan Kərimov: “Mən 23 yaşında 20 yanvar hadisələrində tankın qabağına əliyalın qaçanda kiminlə və nə üçün mübarizə apardığımı bilirdim. İndi 48 yaşımda kiminlə nə üçün mübarizə apardığımızı başa düşə bilmirəm. Bunu kimsə sizə yarınmaq kimi qəbul etməsin. Sadəcə mən sizin bü gün Rusiyada hansı nüfuza malik olduğunuzu, buradakı azərbaycanlılar üçün nə etdiyinizi görür və bilirəm. Bizim neçə Oskar mükafatçımız, neçə sizin kimi ictimai xadimimiz var?! Hanı o oliqarxlar ki, bu gün biz azərbaycanlıların yanında dursun?! Diaspor təşkilatı nəyə xidmət edir ki? Bu azərbaycanlıların dilini, dinini, mədəniyyətini qoruyan, burada yetişən nəslə çatdıran, xalqımızın mənəvi dəyərlərini başqa millətlərə tanıtdıran bir birlikdir. O birlikdə bizi layiqli təmsil edən sizin kimi ağsaqqallar yoxdursa, mənə ictiami təşkilatda olmaq da lazım deyil!”
Bütün bu emosional çıxışlardan sonra da Abbas Abbasov hər kəsin fikrinə hörmətlə, “Müqəddəs yer, boş qalmır”-ifadəsiylə, onu əvəz edənin mütləq tapılacağını deyib, yenə də istefa etməkdə israrlı olduğunu söylədi:
“51-ci Münhen konfransında cənab prezidentimiz İlahm Əliyevə xitabən, Ermənistana niyə sanksiya tətbiq olunmur- sualını verən alman jurnalistinə o, belə cavab vermişdi. “Onlar BMT-nin 4 qətnaməsni də yerinə yetirmədilər. Çünki ermənilərin güclü diasporları var”. Mən də onun sözlərinə qüvvət olaraq, biz hamımız güclü diasporumuzun olmasını istəyirik, buna çalışırıq. Fəaliyyətimin çoxunu onun güclənməsinə, birliyinə həsr etmişəm. Amma bu hücumlardan, mediada yazılanlardan yorulmuşam. Məni də anlayın və istefamı qəbul edin”-dedi. Onun yerinə isə Sərdar Abdullayevin seçilməsini təklif etdi.
Qurultay nümayəndələri Abbas Abbasovun istefasını qəbul etmədilər. Onun ağsaqqalar şurasında qalmasına yekdilliklə səs verildi. Səsvermə yolu ilə Sərdar Abdullayevi də ağsaqqallar şurasının tərkibinə daxil etdilər.
Qurultaydakı gözlənilməzlikdən biri də Yaroslavldan olan nümayəndə Osman Hüseynovun regional bölmənin fəaliyyətinin dayandırıldığını elan edib, hər kəsdən üzr istəyərək qurultayı tərk etməsi oldu.
Qurultayda səsvermə yolu ilə fəxri prezdient postu da ləğv olundu. Federal şuraya yeni sədr olaraq Tver dövlət texniki universitetinin prorektoru Fayaz Paşayev seçildi.
Qurultayın işində Rusiya prezident aparatından, ədliyyə və mədəniyyət nazirliyindən nümayəndələr iştirak edirdilər.
Qurultayın gedişini Azərbaycan və Rusiya mediasının nümayəndələri işıqlandırırdı.
Tünzalə Vəliqızı
/Yenises.ru/