YENƏ QƏLƏM, YENƏ VƏRƏQ, YENƏ MƏN…


Afaq ŞIXLI:Onunla ilk dəfə Moskvada, Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin növbəti toplantısında tanış olmuşdum. Oxuduğu şeir indi də yadımdadır:

Odlar yurdu, nə çox səni bölən belə,
Od üstündə yağlı tikə bilən belə?
Əsrlərdir tarixin qan, çilən belə…
Yüz yerindən parçalanmış yaralı can,
Azərbaycan!

Vətənimizə həsr olunmuş bu gözəl şeiri dinlədikcə bir fikir keçdi ağlımdan – bu qərib eldə daha bir istedadlı, vətənpərvər və özünəməxsus dəst-xətti olan şair kəşf etdik.

Sonralar, onun yaradıcılığında elə mövzulara rast gəlirdim ki, o mövzular istər klassiklərin, istərsə də çağdaş poeziya yaradıcıları tərəfindən öncələr qələmə alınsa da, bu dəfə oxuduğum şeirlərin biçiminin, ruhunun bir başqa olmasının fərqinə varırdım. O, həyatı filosofcasına dərk edir və oxucularını da bədii söz vasitəsilə həyatın mənası, təzadları, ziddiyyətləri barədə düşünməyə məcbur edir. Bu isə müəllifin özünəməxsusluğundan xəbər verir desəm, yanılmaram. Bax, yollar icində özünə yol seçmək yox, yol salmaq – budur! Sirr deyil ki, belə xoşbəxtlik hər şeir yazana xas olmayan bir məziyyətdir!

Nəsrəddin Tusinin fikrincə tərif – körpə üçün həvəs, yaşlı üçün dəyərdir. Əsas gorulən və yaşananlar isə bu iki məqam arasındakı zamana bağlıdır. Bu yaşama tale yazısı və yaxud qismət deyirik. O da ya üzünə gülə, ya yox, ya ağlada, ya güldürə… Qürbətdə yaşayan bir şairin vətən həsrətli, ağrılı-acılı şeirlərinin olması çox təbiidir. Lakin Yaşar Süleymanlı şeirlərindəki həsrət, nisgil bir başqadır. O vətəni sevə-sevə bu həsrətlə yaşamağı öyrədir… Dəmir odda bərkiyən kimi, şair ürəyi də nisgildə həm cilalanır, həm də möhkəmlənir. Əsrlər, qərinələr boyu mahiyyət baxımından aqillərin baş sındırdığı, lakin çox zaman əlində aciz qaldıqları qisməti də sevir Yaşar Süleymanlı, qismətin gətirdiyi həsrəti də…

…Yandı içim aram-aram,
Təzələndi könül yaram,
Axdı getdi gözdən qaram,
Həsrəti bax belə sevdim…

Tale məni atdı-tutdu,
Xatırladı, ya unutdu?..
Gah ağlatdı, gah ovutdu,
Qisməti bax belə sevdim…

Yolum uzaq, könlüm qərib,
Yaşayıram həsrət dərib…
Röyalarda Vətən görüb
Qürbəti bax belə sevdim!..

Elman Tovuz: “Müdriklərdən biri deyib ki, yol – yeriməmisənsə sənin üçün hələ yol deyil. Kimlərinsə kecdiyi, gedib-gəldiy yol da sənincün hələ xam torpaqdır. İnsan addımladıqca yeridiyi yer – yol olur. Həyat da belədir; yaşandıqca ömür-gün olur… Yaşadıqca, yaratdıqca, çalışdıqca cilalanır, gözəlləşir həyat…

Hardansa oxuduğum bu kəlamları niyə xatırladığımı bilirəm, siz də bilin, əziz oxucular. Bu fikirlər “Yenə qələm, yenə vərəq, yenə mən” deyən Yaşar Süleymanlının şeiriyyatı ilə tanış olduqca təzədən yada düşdü. Hər şeydən əvvəl, mövzu rəngarəngliyi ilə seçildi, necə deyərlər, mövzu kasadlığından uzaq olmasıyla diqqətimi çəkdi Yaşar Süleymanlı yaradıcılığı…

Gündüz xəyallarının, gecə yuxularının çin olmasını arzulamayan adam çətin ki ola. Amma bu, yükü özündən ağır, istəklərin abu-havası hamıda eyni olmur. Gəncliyində ahıllığını, ahıl yaşında hələ uşaqlıqını yaşayanlar azmı olub?! Bunlar, sadəcə, gəlişixoş ifadələr deyil. İcində burulqana dönən fikirlərini kimi dostuna, kimi müəlliminə, kimi dağa-daşa danışmaqla sakitlik tapır. Yaşar Süleymanlı sözünü dünyanın yaşam məmbəyi olan suya, daha doğrusu, “Anam” deyə müraciət etdiyi ümman-dənizə söyləyir:

Gəldim səni yad etməyə,
Dərdlə dolu ürəyimi az da olsa şad etməyə…
…Al qoynuna!
Dalğaların laylay desin, yatır məni!
Dərdim sənə sığacaqsa,
öz bətnində batır məni…
Təzdən doğub bu dünyaya,
dərdlərimsiz gətir məni.
Sirdaş olaq, yoldaş olaq beləcə biz.
Gülümsəyib körpə kimi baxım sənə,
deyim yenə:
“Salam, Dəniz!”

Afaq ŞIXLI:Yaşar Süleymanlını oxuduqca məni daha çox maraqlandıran və hətta deyərdim ki, təəccübləndirən o oldu ki, ümumi halda bu şeiriyyat ayrı-ayrı şeirlər toplusu deyil, həm də şeirə dönmüş duyğular məcmuusudur. Bu, bir tabaqdan götürülmüş xəmirdən müxtəlif çür, müxtəlif formalı və bir-birindən dadlı təamların hazırlanmasına bənzəyir. İstər heca və istərsə də sərbəst vəzndə yazdığı şeirlərin mayasında bir ortaqlıq nəzərə çarpır. Yadıma məşhur alman alimi və filosofu Hötenin bir fikri düşdü: “Çalarlar əsas rəngin qohum-əqrabalarıdır”. Yaşar heç məxsusi olaraq diqqət çəkən ifrat və meşşan boyalardan istifadə etmir. O, sevgini də, sevinci də, həstəti də, insan varlığının faciəsini incə boyalarla çəkir. Sığındığı poeziya sarayının bönovrəsində bir acı, bir kədər, bir həsrət yatan gənc müəllifin istifadə etdiyi sözdən yoğrulmuş kərpiclər haqda da bu fikri söyləmək olar.

Bu bir həqiqətdir ki, yaradıcı məna daşımadan heç bir poetik söz uzun müddət yaşaya bilmir. Məna elə şeiryyətin özüdür… Yaşar da oxucu üçün gözlənilməz poetik tapıntılarını üzə çıxarır. Təbii ki, məhəbbət mövzusu da, hər zaman olduğu kimi, hakim vəziyyətini saxlayır. Şairin gəraylı üslubunda yazdığı bir şeirdən bu bəndlər məncə bu baxımdan yerinə düşər:

…Qəlbimi elə qırdın ki,
Səsi qulağıma gəldi.
Gözümü çeşmə elədin,
Ellər “bulağıma” gəldi.

…İçdin andı, pozdun andı,
İçin-için içim yandı,
Məni görən dəli sandı,
Məcnun sorağıma gəldi.

…Etdiklərin dönər gələr,
Dərdləri başından ələr,
Cəzan nədir Allah bilər,
Sonun marağıma gəldi!

Elman Tovuz:Yaşar Süleymanlı yaradıcılığının ən xoşa gələn üstünlüklərindən biri də onun şerilərinin bitkinliyidir. Hər şeirinin sanki bir süjet xətti var; başlayır bə bitir. Ən ağrılı dərdlərindən yazdığı halda belə, onun şeirlərinin qəribə bir şirinliyi var, axıcı şeir dili, səmimiliyi… Bütün bu sadaladıqlarım isə müəllifin şeirləini oxuyan zaman onu yarımçıq qoymaq təhlükəsindən uzaqlaşdırır. Oxuduqda mövzunun sonuna çatmaq istəyirsən. Heç bir mübaliğısiz, bu şeirlər müəllifin yaradıcılığına daha geniş nəzər salmağa sövq edir insanı

Misralarda canlanırsan yenə sən,
Yenə solmuş xatirələr gül açır…

yaxud

Nə qədər ki, bar verirdim – qızıldım,
Barım bitdi, gözdən düşdüm, mis oldum.

yaxud

Solub rəngim, şəklim ölü şəkili,
Bir məzarsız, gəzəri baş daşıyam…

Bunu da deməsəm olmaz: müəllifin şeirlərini oxuyarkən insan o şeirin mövzusu ilə xəyalında tam olaraq bir tablo yarada bilir – sanki həmin olayın icərisində olmuş kimi. Təbiətdə olan təzadlı, faciəli hadisələrin özünü daxilən yaşamaq böyük insani keyfiyyət, həm də şairliyə məxsus zəriflikdir. Təbiətlə ünsiyyət – duyğuların saflığını, nəcibliyini qoruyur. Çünki, insanın ürək yaşantısında təbiət varlığı istisna deyil. “Ömrümün payiz fəslidir” şeiri bu lövhənin ən yaxı misalı ola bilər:

Ömrümün payız fəslidir…
Yarpaq-yarpaq soluram mən,
Hər keçən gün bir az daha,
Bürünüb kədərə, aha,
Solub xəzan oluram mən.

Ömrümün payız fəslidir…
Uçub gedib quşlar kimi
Gəncliyim də əllərimdən,
Axır indi gözlərimdən
Xatirələr yaşlar kimi.

Ömrümün payız fəslidir…
Yazım keçib, bitib yayım,
Qarlı qışdır önümdəki,
Bir qorxudur gözümdəki –
Önümdəki ilim, ayım…

Ömrümün payız fəslidir…
Yarpaq- yarpaq soluram mən,
Hər keçən gün bir az daha,
Yaxınlaşıram Allaha?..
Bəlkə də, yox oluram mən…

Afaq ŞIXLI: Yaşarın nəsrə müraciət etməsinə qətiyyən təəccüblənmədim. Çünki, Allahın insana verdiyi istedad heç vaxt birşaxəli, məhdud olmur. Bu istedad, qabiliyyət özünü müxtəlif məqamlarda, müxtəlif sahələrdə göstərir. Dəyərli gənc yazarımızın nəsr əsərləri şeirlərindən bəlkə də daha güclüdür desəm, yanılmaram. Onun çox sevib bəyəndiyim şeirlərilə yanaşı, diqqət və həvəslə oxuduğum hekayələri, povestləri də var. Özünün dediyi kimi “Nə qədər qısa yazmaq istəsə də, alınmır…” Bu – müəllifin söz xəzinəsinin zənginliyindən, duyğu axınının coşğunluğundan irəli gəlir.

Yaşar Süleymanlının təmiz vicdanı, dünyaya və insanlara düzgün nöqtədən baxışı, insansevərliyi, təbiətə vurğunluğu yalnız şeirlərində deyil, “Delfin dilində üç kiçik qığıltı”, “Kimsəsizlər üçün ev”, “Bir qocanın sevgisi” və s…nəsr əsərlərində də öz əksini tapmışdır.
Gənc yazar qadın psixologiyasını da çox gözəl anlayır və qadınlara məxsus hissləri incə çalarlarla kamil surətdə təsvir edə bilir. Onun “Nifrətdən bir pillə yuxarı” hekayəsi sözlərimin təsdiqi üçün gözəl bir nümunədir.

Yaşar Süleymanlı dünyası, Yaşar Süleymanlı ruhu sanki zamandan kənar, vaxtdan uzaq mövcuddur Bu dünya kirlənməmiş, zədələnməmiş qalmaqla yanaşı, ətrafakıları da öz müsbət təsirinə salmağa qadirdir. Yazarın insan, sevgi, dost anlayışları dumduru, pak bir ürəkdən qaynaqlanır… Bəlkə də bu onun sənətcə hüquqşünas olmasından irəli gəlir. Çünki əsil hüquq müdafiəçisi hər addımda düzgünlüyə istinad etməli, həqiqətə arxalanmalıdır! Düzdür, həkimlər, riyaziyyatçılar, fiziklər arasında yazarlara daha çox rast gəlinir. Lakin ədəbiyyat tarixində Maksimilyen Robespyer, Aleksandr Borovikovskiy kimi tanınmış şairlər də olmuşdur.

Yaşar bir hakim kimi insanı və bəşəriyyəti yarqılamır, hər şeyi içəridən öyrənməyə çalışır və bu məqamda hakimlikdən şairliyə yumşaq bir keçid baş verir… “Dostluq da bir sevgidir. Təmannasız, qarşılıqlı bir sevgi. İki insanın bir-birini anlaması, onu hər halı ilə qəbul etməsi, bir-birinə ürəkdən bağlanması, sadəcə xoş anlarında deyil, ən çətin və çarəsiz anlarında belə birgə olması deməkdir! Onu anlayan, onu təmanasız, qarşılıqlı sevən, həmişə yanında ola biləcək dostları vardımı görəsən?! Bir zaman məclislərdə şəninə sağlıqlar deyən, başında pərvanə kimi cəm olan “dostlar” indi hara dağılmışdılar axı?! Dostluq onlar üçün sadəcə yeyib-içib, deyib-gülməkdən ibarət idimi görəsən?! Yox, bu dosluq ola bilməzdi… Dost – dünyanın o biri başında olsa belə hər zaman sənə bir nəfəs qədər yaxın olan biridir. Dost – hər düşdüyündə əlindən tutub səni o düşdüyün yerdən çıxardan biridir. Dost – sənin harayına hər kəsdən qabaq gələn biridir”. (“İntihar” hekayəsindən…)

Mən, qürbətin soyuğunu günəş nəfəsli əsərlərə çevirən gənc yazarımıza şərəfli işində uğurlar arzu edirəm. Ümidvaram ki, biz Yaşar Süleymanlı imzasına hələ uzun illər rast gələcək və onun yeni, bir-birindən maraqlı yazılarını oxumağa həmişə can atacağıq!

Doğum günün mübarək olsun, əziz dost! 100 yaşa!

Afaq ŞIXLI
20 May, 2016.
Moskva, Bakı


Bir cavab yazın