Bir qrup ziyalı prezident İlham Əliyevə məktub göndərdi


 Uzun illər düşmən əsarətində olan tarixi torparlarımızın azad olunmasının 100-cü günü münasibətilə Azərbaycan və onun  hüdudlarından kənarda yaşayan  alimlər, ziyalılar, ictimai xadimlər, diaspor fəallarının təmsil olunduğu Milli Qəhrəman Mübariz İbrahimov adına  Milli Birlik sosial qrupunun üzvləri ölkə prezidenti İlham Əliyevə  təbrik məktubu göndərib.

Prezidentə ünvanlanan məktubda onlar əsrin dörddə birindən artıq erməni qəsbkarları tərəfindən istila altında qalan  Azərbaycan torpaqlarının Milli Orudumuz və onun Ali Baş Komandanının inamlı və qətiyyətli addımı sayəsində geri alınmasını dilə gətirib və bu qələbədən doğan sevinc hisslərini bölüşüblər.  

Düşmənin kapitulyasiya aktına qol çəkməsinin ardından bu tarixi Qələbənin  Bakıda  keçirilən möhtəşəm  Zəfər Paradı ilə  taclandırılması  qürurvericidir.

 Qrup üzvləri illərlə ya qəsdən, ya da başqa səbəblərdən həlli müşkülə düşən Qarabağ problemində təşəbbüsü ələ alıb, qətiyyətli, kəskin mövqə nümayiş etdirən ölkə başçısı İlham Əliyevə  sonsuz minnətdarlıqlarını bildiriblər.

Məktubun tam mətnini dərc edirik.

🖊

Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı

cənab İlham Əliyevə

18. 02. 2021

Möhtərəm Prezident!

2020-ci il sentyabr ayının 27-də Ali Baş Komandan kimi Sizin işğal altında olan torpaqlarımızı azad etmək üçün verdiyiniz əmrlə başlanan Vətən müharibəsi 44 gün sonra Şanlı Ordumuzun zəfəri ilə başa çatdı və düşmən təslim sənədini imzaladı. Bununla da Siz xalqımıza otuz il həsrətində olduğu Qələbə sevincini yaşatdınız.

Vətən müharibəsi xalqla ordunun Sizin ətrafınızda bir vəhdət halında birləşdiyini, ön cəbhədə və arxada hamının bir ali məqsədə – Qələbəyə xidmət etdiyini göstərdi. Böyük Qələbəmizin 100-cü günü bir daha bu müqəddəs savaşda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza sağlamlıq diləyərək, Qələbə münasibətilə xalqımızı və Sizi ürəkdən təbrik edirik!

Mənfur düşmənin xislətinə yaxşı bələdik və buna görə də biz sayıqlığı heç vaxt əldən verməməliyik. Düşmənin torpaqlarımıza bir daha göz dikməməsi, vətəndaşlarımızın öz doğma yurdunda üzücü qaçqın, köçkün vəziyyətinə düşməməsi üçün ordumuz daha da gücləndirilməli, xalqın güzəranı yaxşılaşmalıdır.

Möhtərəm Prezident!

Bu gün Azərbaycan xalqının böyük əksəriyyətinin qaliblərə layiq firəvan yaşayışı təmin olunmayıb. Biz böyük Qələbəni qazandıran əsgərlərin çoxunun necə çətin şəraitdə yaşamasının şahidi oluruq. Hələ Birinci Qarabağ müharibəsində iştirak etmiş qazilərin sosial təminatında bu günə qədər ciddi problemlər qalır.

Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin birləşdiyi “Milli Birlik” sosial WhatsApp qrupu adından Sizə müraciət etməkdə məqsədimiz bu gün Azərbaycandakı mövcud vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün zəruri hesab etdiyimiz bəzi təklifləri nəzərinizə çatdırmaqdır.

1. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ölkənin iqtisadi və siyasi qüdrəti səmərəli, ədalətli, şəffaf idarəçiliyin tətbiqi və uğurlu kadr siyasətindən asılıdır. Onilliklərdən bəri eyni vəzifələri tutan, hər cür inkişafa müqavimət göstərən yuxarı təbəqə idarəçilərini təşəbbüskar, müasir innovasiya yeniliklərini tətbiq edə bilən gənclərlə əvəz etməklə ölkəmizin inkişafına və güclənməsinə güclü təkan vermək olar.

2. Hakimiyyətin hər üç qolunun — qanunverici, icraedici və məhkəmə orqanlarının tam müstəqilliyi təmin edilməli, xüsusilə məhkəmə sistemində ədalətin, qanunun aliliyinin tam olunması, Milli Məclis əsil qanunverici orqan kimi öz funksiyasını çevik yerinə yetirməsinə diqqət artırılmalıdır.

3. Məmurların və güc strukturlarının xalqa qarşı etinasız, zorakı, qanundankənar hərəkətlərinə qətiyyətlə son qoyulmalı, müqəssir şəxslər tutduqları mövqedən, vəzifədən asılı olmayaraq qanun qarşısında cavab verməli, bununla da idarəetmənin bütün sahəsində qanunun aliliyi təmin edilməlidir.

4. Korrupsiya, monopoliya və digər qanunsuz yollarla külli miqdarda dövlət vəsaitini mənimsəmiş məmurların aşkarlıq şəraitində mühakimə olunması və onların qanunsuz yiyələndiyi əmlakının dövlətin nəfinə müsadirə edilməsi xalqın haqq-ədalətə inamını artırar, eyni zamanda müharibənin vurduğu yaraların tezliklə sağaldılmasına əlavə maddi imkanlar yaranar.

5. Ölkədə monopoliya və məmur sahibkarlığına son qoymaq, azad, iqtisadi mühit təmin etmək, işsizliyin azaldılması, əmək qabiliyyətli insanların miqrasiyasının qarşısının alınması üçün təcili və real tədbirlər görülməsini, yeni istehsal sahələri yaradılmasını təşviq etmək, Vətənimizin əlverişli iqlim şəraitindən və münbit torpaqlarından daha çox fayda götürülməsi üçün müxtəlif sahələrdə çalışanlara, xüsusilə aqrar sahədə dövlət dəstəyi gücləndirilməlidir.

6. Hər vacib dövlət orqanında, hakimiyyətin müxtəlif qollarının fəaliyyətinə nəzarət üzrə işlək ictimai şuralar təşkil edilməli, bu quruma respublikada elmi, ictimai, yaradıcı fəaliyyətilə böyük nüfuz qazanmış şəxslər daxil edilməlidir.

7. Prezident, Ali Baş Komandan olaraq tərəfinizdən Qalibiyyət münasibəti ilə geniş əfv verilməsi, amnistiya elan edilməsi bu gün xalqın təqdiri və rəğbəti ilə qarşılanacaq ən nəcib və humanist addım olardı.

8. Ermənilərin Tovuz təxribatına qarşı Bakıda keçirilən etiraz nümayişlərində iştirak etmiş şəxslərin, uydurma ittihamlarla həbs edilən vətəndaşların azadlığa buraxılması, uzun müddət həbsdə saxlanılan şəxslərin işlərinə xitam verilməsi ədalətin təntənəsi olmaqla yanaşı, vətəndaş həmrəyliyinə və milli birliyə bir töhfə olardı.

9. Respublikada aztəminatlı əhaliyə sosial müavinətlərin, ilk növbədə çoxuşaqlı ailələrə uşaq pulunun verilməsi dünyanın sivil ölkələrinin təcrübəsi əsas götürülməklə, verilməsi təmin edilməlidir.

10. Cəmiyyətdə narahatlıq yaradan, ictimai rezonansa səbəb olan məlumatsızlıq üzündən çoxlu suallar doğuran məsələlərə Sizin mətbuat xidmətinizin və ya təyin etdiyiniz hər hansı qurumun operativ və müfəssəl açıqlama verməsi ictimaiyyət arasında yersiz gərginliyə yol verməz və müxtəlif yanlışlıqlara son qoyar.

Möhtərəm Prezident!

Bu təkliflərlə Sizə müraciət edərkən biz iqtidar və ya müxalifət platformasından deyil, hamımız üçün ali və müqəddəs olan Azərbaycanın vətənpərvər övladları mövqeyindən çıxış edir, yaranmış vəziyyətdə ölkəmizi dünyanın həm sosial təminat baxımından, həm əhalinin rifahı baxımından qabaqcıl ölkələri sırasında görmək istəyirik. Bəzən məmurların özbaşınalığı, şəxsi mənfəət qazanmaq həvəsi elə təsəvvür yaradır ki, sanki onlar dövlət içərisində dövlət qurublar və yalnız özlərinə sərf edən, sivilizasiyanın tanımadığı və qəbul etmədiyi anlayışlarla hərəkət edir, xalqın ödədiyi vergilər, dövlətin büdcəsi hesabına yaşadıqlarını, xalq qarşısında təəhhüdlərinin olduğunu unudurlar.

Xalqımız çox vacib, taleyüklü dönəmini yaşayır. Otuz illik mühasirə, işğal, məhrumiyyətlər halqasını 44 gündə yaran Orduya və onun Ali Baş Komandanına xalqın inamı və verdiyi yetkilər bu gün mövcud olan bütün mənfi halları aradan qaldırmaq üçün kifayətdir. Ölkəni işğaldan azad edərək tarixə yeni səhifə yazmış Müzəffər Prezident kimi Sizin bir də ölkəni haqsızlıqlardan, qanunsuzluqlardan, rüşvət və korrupsiya girdabından azad etmək kimi tarixi imkanınız var.

Möhtərəm Prezident!

Bu məsul vəzifənizi yerinə yetirəcəyinizə inanırıq, güvənirik və bütün mümkün dəstəyimizlə yanınızdayıq!

Hörmətlə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına “Milli Birlik” WhatsApp qrupu

Imza:

1. Professor Rafael Qəribov

2. Professor Togrul İsmayıl

3. Abbas İmanov

4. Afət Kərimova

5. Asif Mayılov

6. Aslan Mehdiyev

7. Asman Hüseynov

8. Ayaz Məmmədov

9. Ayden Kurbanov

10. Akif Çakmak

11. Barat İmanı

12. Bəhram Süleymanov

13. Vahid Rüstəmov

14. Vüqar Abbasov

15. Vüqar Xudiyev

16. Cavad İsmayılbəyli

17. Cəfər Abbasov

18. Eldar Ələsgərov

19. Ellada Məmmədli

20. Elşən İbrahimov

21. Əhməd Qulusoy

22. Əhəd Əhədov

23. Əli Novruzoglu

24. Əlisəfa Mehdi

25. Feyruz Şivəxanov

26. Fərhad Güneyli

27. Fərhad Hümbətov

28. Fərhad Nouri

29. Gülarə Yenisey

30. Güloglan Əbilov

31. Gümrah Vəliyev

32. Haşim Aliyev

33. Haşim İsgəndərli

34. Hidayət Mammadov

35. Hikmət Cavadov

36. İbrahim Xəlil

37. Iqbal Aslanov

38. İlham Tagıyev

39. İlhamə Qurbanova

40. İlqar İsmayılov

41. Kamran Həsənzadə

42. Qalib Əlizadə

43. Qəhrəman Məhərrəmov

44. Qələndər Muxtarlı

45. Limunət Əmrahlı

46. Məhəmməd Hüseynli

47. Məqsəd Oguz Adil

48. Məmmədcamal Məmmədov

49. Rauf Baxışov

50. Rahib Süleymanov

51. Ramiz Abişov

52. Rəfail Hacıbalayev

53. Rəşid Əliyev

54. Rüfət Bayramov

55. Sevil Tagıyeva

56. SəbinəXəlilova

57. Sədaqət İsmayılova

58. Sərraf Kərimov

59. Sultan Mərzili

60. Südabə Sərvi

61. Süleyman İsmaylov

62. Tahir Soltanoglu

63. Tapdıq Nagıyev

64. Tərxanım Nəsibova

65. Tünzalə Vəliqızı

66. Vladimir Kurbanov

67. Yaşar Cəfərov

68. Yelmar Mustafaev

69. Zaur Bayramoğlu

70. Zaur Qiyasov

71. Zəlimxan Məmmədli

72. Zəminə Mustafaeva və sonra 141 qrupun üzvü

Cəmi:  213 imza

Yenises.ru

Moskva

18.02.2021


Bir cavab yazın