Biz sənə gələ bilmədik, barı sən gəl, Şuşam!


Biz sənə gələ bilmədik, barı sən gəl, Şuşam!

Biz sənə gələ bilmədik, barı sən gəl, Şuşam!

Sabah olacaq.. Bu gecənin səhəri üzümüzə Şuşanın yoxluğu ilə açılacaq.

Sabah olacaq… Kimlərinsə uzaq keçmişindən, kimlərinsə yaddaşından, kimlərinsə göz yaşından boyalanacaq o şəhər. “Şuşanın dağları başı dumanlı””, -deyə oxuyanların başından duman çlxacaq. “Dağlar oy, oy, oy, yollar oy, oy, oy…” Biz bizdən qoparılana noha deyəcəyik… Xilas yarışında daha çox “”Gəl boyuna qurban, ay Vətən oğlu”” naləsinin atını mahmızlayıb Cıdıra cıxacağıq və sonra… Sonra bu sağlığa badə qaldıracağıq. Allahdan arzulayacağıq Allahın ümidinə qoyub gəldiyimiz cənnəti. Cənnətdən uçan mələk… beləcə bir anda not dəyişəcək…

Məclisdə yenə bir Ah qopacaq sinələrdən. Əsl sinə dağlıları Şuşanın dağı bir də dağlayacaq. Ağlayacaq, ağlayacaq, ağlayacağıq.

Sabah olacaq. Ərimgəldi təpəsində yol gözləyən qız qarıyacaq… Həsrətinə qar yağacaq. Gözləməkdən gözünün kökü saralmış “”Vətən bağı al -əlvandır , yox üstündə xarı bülbül”” sədası qulağında olan gülüzlü çiçəyi “”Xarı bülbülü”” açmadan solacaq.
Sabah olacaq…

Yenə gözlər dolacaq. Çobanyastığı çiçəyi saçlarını “sevir-sevmir” diləyi ilə deyil, “gələcək-gəlməyəcək”(y)ə kökləyib yolacaq.

Sabah olacaq. Qartalları qayaya, təpələrı dağlara, yamacları çaylara küsəcək…

8-i tərsinə çevirib sevginin sonsuzluğu simvolu edib boynuna asanların istəyi boğazında tıxanıb ayağına çidar- bənd olacaq…

Sabah olacaq. “Bənövşə, bəndə düşə, bizdən sizə kim düşə””- Adı gözəl,özü gözəl Şuşa!

Qaçaraq QARAbağı qırıb bəndi aşanmayanların 8 Maya açılan, ya 8 Mayda açılmayan sabahı…

Bir sabah daha, bir sabah daha, bir sabah da daha… 2019-dan 1992 çıxanda nə qalar. Nə fərq edər ki? Azalanı, çıxılanı, elə fərqi də sevmirəm. Çünki oradan çıxdığımız çıxışı-çıxılanı dəyişməyən bu hesabın fərqi coxaldıqca, ümidi azaldıb, azaldır.

Bilirəm, indi mənə qəzəblisən. Pessimist notlara, ümidini ümidsizliyə yuvarladığıma görə. Dur deyirsən! Burada dur! Qırma bu ümidi! Mən də özümə qəzəbliyəm. O bəndi qıran bəndən hanı, Allahım! Hardayıq biz?!

Pafosu yəhərləyib, ümidi şahə qaldırıb, badəni vədə ilə doldurub sağlıqlara içilən sabahlarla sabaha uzanan yol Şuşaya kimi uzanıbmı? O yolda qaraltı görünürmü?

Eh… Biz hələ diaspora-diaspora oyunundayıq. O oyunun zəif bəndi kimdir-onu axtarırıq. Bənovşə bəndə düşə… Bəndə bənddə, torpaq qolları zəncirdə.

Gələn Kimsən? Kimsə…

Biz sənə gələ bilmədik, barı sən gəl bizə, ŞUŞAM!

Tünzalə Vəliqızı,
Moskva
07.05.2019


Bir cavab yazın