Bizi bizə qazandıran ADAM-Ramiz Abutalıbov
Ramiz Abutalıbov. 2022-ci ilin ilk günündə əbədiyyətə qovuşan görkəmli diplomat, alicənab insan, yorulmaz tədqiqatçı. Gedişi ilə minlərlə insanı sarsıdan, virtual aləmdə məhəbbətini izhar etmək üçün möhtəşəm növbəyə düzülmüş insanların doğması, yaxını, sakit səsi, mütəvazi davranışı ilə tanıyanların qəlbində öz abidəsini sağlığında ucaltmış ağsaqqal Ramiz müəllim. Cümhuriyyət tariximizin az qala hər günü barədə məlumat toplamaqdan usanmayan, “əbədi məzuniyyət”ə getmişlərin yoluna çıraq tutan, yetmiş illik fasilədən sonra Cümhuriyyət memarlarını, onların övladlarını, irsini Azərbaycana qazandıran, unudulmuş məzarlara sahib çıxan, unutdurulmağa çalışılan qan yaddaşımızın “tozunu silən” istiqlal sevdalısı. İyirmi ilə yaxın müddətdə Moskvada 30 kitab çap etdirən, Azərbaycanla bağlı ən qısa məlumatı belə diqqətsiz buraxmayan, mədəniyyətdən siyasətə, müsiqidən idmana ən müxtəlif sahələrdə müstəqil, maraqlı mövqe nümayiş etdirən, gündəlik davranışı ilə örnək olan həmvətənimiz. Milyonların hafizəsinə qəddar repressiya zülməti kimi qazınmış 1937-ci ilin bizim üçün ən işığlı şüası. Tərifdən çox utanan, qeybətə nifrət edən, başqasına olan haqsızlığa üsyan edib özünə olan haqsızlığı etirazsız sükutla qarşılayan qeyri-adi insan. Başqasının uğuruna ürəkdən sevinə bilən, hətta çox səthi tanıdığı adamlarda kiçicik istedad qığılcımını alovlandırmağa çalışan xoşniyyətli hami-havadar. Nə qədər tərif desəm azdır.
Məkanın cənnət olsun, BÖYÜK İNSAN!
Cəfər SADIQ, Moskva
02.01.2022