Bizim namizəd-İNANIRAM!


Qismət bu günə imiş! “Dan közərtisi” kitabı haqda çoxdan fikir söyləmək niyyətindəydim. Müəllifi şeirlərlə uyğunlaşdıra bilmirdim. Müəllif haqqında söz deyilməyə alışmadığımız qədər gənc (axı, biz həmişə gənclər haqqında, nəinki gənclər, hətta 40-50 yaşlı yaradıcı şəxslər barədə xoş söz deməyə paxılıq!), şeirləri isə təhlilinə girişməyə hər adamın cəsarət edə bilməyəcəyi qədər mükəmməldi. Bir də bu gəncin həyatı elə keşməkeşlərlə, elə gözəl təhsil çələngi ilə doludur ki, bilmirsən nədən başlayasan. Beləcə illəri yola vermişəm. Hər dəfə kitabı əlimə alanda müəllifin sanki başqa dünyadan günümüzə gəlmiş biri olduğunu düşünmüşəm.

​Bu tərəddüdlərlə o qədər zaman keçirmişəm ki, bir də müəllif qarşıma başqa simada çıxanda həm çaşmışam, həm də…

​…Türk və dünya estradasının kralı Tarkanın mahnılarından birində tez-tez təkrarlanan bir ifadə var: “Çox ağladım”… Mahnıda bu ifadə eşq göz yaşlarının sözlü etirafıdır. Bu günlərdə baxdığım videonun təsiri altında mən də çox ağladım. Bu göz yaşlarında sevinc də vardı, kədər də, ümid də vardı, qürur da. Ekranda cavan deyə bildiyin qədər cavan, sadaladığı təhsil illərini eşitməsən məktəbli hesab edəcəyin eynəkli oğlan seçicilərlə görüş keçirir. Bu görüşün özündə bir qeyri-adilik var. Namizəd özü ilə bərabər “rəqiblərini” də təbliğ edir. Danışığında hirs- hikkə yoxdur. Heç kimin qarasına söylənmir. Ana dilində o qədər sərrast, səlis danışır ki, uzun illərdən bəri heç bir nazirdən, heç bir millət vəkilindən belə məlahətli, dolğun nitq eşitməmişəm. Burada doğulmasına, Qarabağ məşəqqətlərini öz canında, ailəsində, çevrəsində hiss etməsinə baxmayaraq bu gənc ayrı dünyanın adamıdır. Bizə, xalqımıza edilən zülmlərin qarşısında qəlbi qisas hissi ilə deyil, irəliyə, inkişafa, tərəqqiyə doğru hərəkət niyyətilə döyünən belə gənclərin olduğunu görəndə göz yaşını tutmaq olarmı?

​Qisas hissi vacib olduğu qədər zərərlidir. Biz gecə-gündüz qisas almaqdan danışsaq da mənfur qonşuların xalqımızın başına gətirdiklərinin eynisini onlara yaşatmarıq, yaşada bilmərik. Təbiətimiz fərqlidir. Xalqımız özündə tagət tapıb o otuz illik cəhənnəm əzabına sinə gərdi. Halbuki ermənilər həmin müddətdə tamah salıb işğal etdikləri torpaqlarda törətdikləri vəhşiliklər nəticəsində kimin o torpaqların əsil sahibi olduğunu təsdiqlədilər. Onlar bizim sərvətimizi taladılar, yiyələndilər. Bu gün isə qaçaraq qoyub getdikləri əşyalarını Azərbaycan ordusunun igidləri və sadə xalq qoruyur.

​Haqqında danışdığım gəncin—Samir Zakir oğlu Orucovun qisas hissi ilə yaşamasına elə ciddi əsaslar var ki…Beş yaşında tifilkən uşaq arzuları qaraldılan, hələ gözəlliyindən nəfəsdolusu ləzzət ala bilmədiyi ata yurdundan didərgin olan, çiçəkləri burnunda yeganə qardaşı və bibisi oğlu Qarabaq faciəsində həlak olan gənc hər an qisas nərəsi çəksə belə onu anlamaq olardı. Yaradanın lütfünə şükürlər olsun ki, Samir o qanlı-qadalı cəngə yox, təhsil, tərəqqi uğrunda cəngə üstünlük verib və bu gün respublika hüdudlarında qalan mütəxəssis kimi deyil, dünya miqyaslı dünya vətəndaşı kimi yetişib. ​

​“Samir gözümün qabağında böyüyüb”–desəm birinci növbədə Samir təəccüblənər. Həyatda qarşılaşmamışıq. Amma onun təhsildə, ədəbiyyatda, poeziyada addımlarını, uğurlarını on beş ilə yaxındır ki izləyirəm. Əvvəllər onun ulduzunun ədəbiyyat sahəsində parlayacağını düşünürdüm. Bir-birinin ardınca müxtəlif universitetlərin fərqlənmə diplomlarını aldıqca elmdə də, ədəbiyyatda da eyni dərəcədə fitri istedada sahib olduğunu gördüm.

​ Samirin məndəki kitabına Azərbaycanın məşhur söz ustası, mərhum şair Məmməd Aslan ön söz, şərh, uğurlu yol tövsiyələri yazıb. Tanıyanlara Məmməd Aslanın tərifdə xəsis olduğu məlumdur. Bu, onun həsədindən yox, sözə qarşı məsuliyyətindən irəli gəlirdi. Hər yüz adama düşən şair payına görə dünyada “ən yüksək pillədə” durduğumuzu nəzərə alsaq, “Azərbaycan xalqı şair xalqdır” ifadəsini mütləq həqiqət hesab edib hər söhbəti qafiyə ilə qurmağa çalışanlarımızın olduğunu da göz önünə gətirsək, bu camiyəni yaxşı tanıyan  Məmməd Aslanın əsil şair anlayışının fərqli olduğunu başa düşmək çətin deyil. O,beş-altı şeir kitabı ilə qarşısına çıxan “şairlərin” çoxunu  belə “görmürdü”, görmək istəmirdi. Amma Samirdəki poeziya qığılcımının yaxın vaxtda alovlanacağını çox erkən hiss etmişdi Məmməd Aslan. Qəzəllərinin birində təvazökarlıqla “Füzuli şeirinin vergülüyəm mən” deyən Samirin əruz vəznindəki nailiyyətlərindən danışan Məmməd müəllim “Mən iyirmi il cəhd elədim, əruzda Samirin dediyi kimi sərrast nümunə yarada bilmədim” deyirdisə, bu etiraf onun zəifliyinin deyil, gənc şairin istedadının etirafıdır.

​Şairlər mütləq həqiqət axtaranlardır deyirlər. Hələ o şair üstəlik elmlərin şahı olan riyaziyyatın, yaşayışın əsası olan iqtisadiyyatın bilicisi, sərrafı olanda vəziyyət ideala yaxınlaşır. Bir də Samirin seçicilərlə görüşünün xronikası gəlir gözümün önünə. “Əllərində böyümüş” səbinin görüşünə gəlmiş adamların çoxu dərd əlindən, vətənsizlik həsrətindən, itkilərin ağırlığından vaxtsız qocalmış insanlardır. Samir avropaları dolaşıb misqal-misqal elm yükünü tutduğu illərdə bu insanların gözləri respublikanın səpələndikləri hər tərəfindən qibləyə baxar kimi Dəlidağa, Kəlbəcərə baxır, ümid çıraqları zaman-zaman öləziyir, bəzən elə Samirin özünün də Məmməd Aslanla Şahdağın ətəklərindəki söhbətində dediyi kimi taleyə üsyan edirdilər.

​Zaman keçdi, yaralar sağaldı və bu sağalma uzun müddət çəkəcək. Samir də bu dəfə otuz ilin yaralarına məlhəm olmağa hazır loğman kimi gəlir obasına. Təbiblik, loğmanlıq nəslində, qanında var. Dünyanın ən azman şəhərlərindən birində yarım əsrə yaxın insanların sağlamlığı keşiyində duran, inanılması belə çətindir—13 mindən çox cərrahi əməliyyat keçirmiş, Samirin uğurlarına yorulmadan dəstək olan əmisi Sabirdən tutmuş gənc nəsildəki əmiuşaqlarına qədər çox həkim var əhatəsində. Samirin cərrah bıçağı iqtisadiyyatımızda, elmimizdə, yaşayışımızda olan yaraları sağaltmağa yönəlib. Avropada, Asiyada inkişaf etmiş ölkələrdəki insanların da bizim kimi olduqları qənaətinə çoxdan gəlmiş, eyni şərait yaradılarsa Azərbaycan gəncinin heç də yapon, ingilis, yəhudi gəncindən zəif olmadığına çoxdan inanmış Samir indi koreyalı professorla çiyin-çiyinə işləyir.

​Bu gün Azərbaycan iki yüz ildən bəri başımıza gətirilən müsibətlərin özəyini, kökünü qazımış qalib ölkədir. Lakin hər xəstəlikdən sonra olduğu kimi qələbə ilə kəsib atdığımız bu bəd yaranın fəsadları da hələ uzun müddət hiss olunacaq. Bu qələbəni canları bahasına bizə qazanmış şəhidlərin ruhu qarşısında, qazilərin çətinlikləri qarşısında, dağıdılmaş yaşayış məntəqələrinin bərpası yolunda, fürsətçi, rüşvətxor məmurlardan, oturduğu kürsünü ailə fərdlərinin bankomatına çevirən savadsız arxalı vəzifə sahiblərindən qurtulmaq istiqamətində, nəhayət, Samir kimi gənclərin həyatımızın bütün sahələrində ola bilməsi üçün onlara yol açılması yönündə görüləcək o qədər iş var ki… İnanıram ki, Samir Orucov kimi gəncimiz Azərbaycanın ali qanunvericilik orqanının üzvü olmağa, sadaladığım məsələləri təmkinlə, soyuqqanlılıqla, elmi əsaslarla həll etməyə hazırdır.

​Dan közərtisi zəhmət nəticəsində parlaq Günəşə çevrilir. Yolun işıqlı olsun, Samir müəllim!

Cəfər Sadıq,

24 avqust 2024-cü il,

Moskva