Yanan ağacın kölgəsi…


Göz yaşlarımızla söndürməyə çalışdığımız yanğınlar

Türkiyəni bürüyən yanğının tüstüsü Moskvadan  belə görünür. Ölkənin bir çox  bölgəsində baş verən (qəsdən və ya təbii) 85 meşə yanğınında onlarla insan və yüzlərlə heyvan itkisi var. Məmləkətin fauna və florasına dəyən itkinin miqdarı   ölçüyəgəlməzdir.

Bir gecənin içərisində insanından heyvanına evsiz-ocaqsız, meşəsiz-talasız, tarlasız  qaldılar.  Ürək dağlayan hayqırtıları, fəryadları həyəcansız, göz yaşlarını tutaraq dinləmək,  izləmək olmur.

Yanğın bölgəsində həyat qurtama çalışmaları, insanların  insanı, təbiəti xilas üçün haraya yetişmələri… Bütün bunlar qardaş Türkiyənin istirahət  zonalarına yaxın yerlərində baş verir.  Üç gündən artıqdır  həm də…

Bir ağac onlarca insanı oksigenlə təmin etmək deməkdir. Minlərcə quş, böcək təbiətdə çiçəklənmə mayalanma prosesinin təkanvericisidir.

Bir ağac bir kölgə, bir ümiddir!

Bir ev, başın üstündə çatı, doğmaları başına toplayan ocaq, isti yuva və yaşadığn xoş xatirələrin ünvanıdır. Uzun illərin zəhməti ilə başa gələn ümiddir. İndi o ümidlər atəşlənib, alovlanıb cayır-cayır yanır. Yanğın bir qığılcımla başlar, amma alovlanması bütün eli yaxar-yandırar.  Türkiyənin çoxsaylı regionlarında- İstanbuldan ta Alanya, Antalya, Mersin, Diyarbakır, Bodrum, Muğla, Kocaeli, Kahramanmaraş… və sair yerlərinə kimi uzanan alov dilimləri  sözün müstəqim anlamında ürəkləri  dağlayır.

Təbiətdən yol alıb  ürəkləri də  yandıran bu yanğıya  biz də yanırıq. Tanrının yaratdığı, insan əlinin gözəlləşdirdiyi, mükəmmələşdirdiyinin  küllərinin  “başına kül olub” tökülənlərin yanındayıq. Bu anlamda sözlərlə-mənəvi dəstəklə yanında olduqlarmıza bir də hər cür yardımla yanlarında olduğumuzu hiss etdirmək adına….

Bu yanğını söndürəcək   damlalardan oluşan bir qurtum su toplanar sel olar, yanğını dindirər.  

Yanğının ürəklərdə açdığı yanğıyı dindirmək adına… Türkiyə, yanındayıq-demək istəyirəm! Türkiyə yanındayam! Yanğınsöndürən, təcili yardım maşınlarının həyəcan siqnalının səsi olaq.

Təbiətin fəlakəti insanlığın fəlakətidir… Bu insanlığı xilas etmə, içindəki insanlığı oyatma adına bir fürsətdir də bəlkə. İnsanı insanlıq xilas edər. Onun yolu da içinizdəki, içimizdəki mərhəmətdən keçir. Mərhəmətli olmaq məlhəm olmaqdır!

Türkiyə üçün yanıb yaxılanlardan biri- Tünzalə Vəliqızı


Bir cavab yazın