Bu bayram papaq ata bilmirəm, papağı Zəngilanda qoyub gəlmışəm…
Əziz həmvətənlər, bacı və qardaşlar və Ata yurdu viran olmuş köhnə zəngilanlılar! Bəlkə də bu gün çoxunuz təəccüb hissi keçirdiniz ki, balam, bu Şirvan hətta xristianları belə bütün dini bayramları münasibəti ilə təbrik etməyi özünə borc bilir, ancaq bizim məxsusiliyiilə seçilən, Zəngilanda Novruzdan da təntənəli qeyd edilən İlaxır Çərşənbəsində nə isə susdu/ Bütün köhnə zəngilanlılar bilir ki, bizim «İLAXIR ÇƏRŞƏNBƏ» dediyimiz bu bayram uşaqlıq illərindən ən həsrətlə gözlədiyimiz bayram olub. Çünki bu bayramda mütləq nə isə təzə bir paltar, hətta corab da olsa belə, geyinməli idik. Bayramdan bir ay öncə «Yumurta döyüşünə» xüsusi hazırlıq görülürdü, kimi yumurtanı sementə basdırardı, kimi hind toyuğunun yumurtasının çillərini kimyəvi üsulla ağardardı, kimi taxta yumurta düzəldərdi, bir sözlə «Yumurta döyüşünün» öz qanunları, daha doğrusu qanunsuzluqları, və mütəxəssisləri var idi.
Bayrama təxminən iki həftə qalmış hansısa qohumlardan birində olan «DUXOVKAYA» növbə tutulurdu ki, bayram şəkərburası və paxlavası bişirilsin. Bayrama bir neçə həftə qalmış qohumlardan birinin evində yığışıb qoz — cəviz sındırardıq. Kiminsə evində bir qozsındıran olardı, böyüklərdən kimsə onu işlədərdi, qalanlar isə — kimi çəkiclə, kimi kəlbətinlə, çoxu isə daşla qırardı qozu. Biz Bacıxanım mamamgilə (bibim) yığışardıq, Əcəb nənə, Sənəm xala, Hayqanuş xala, Sayat qoca, Hədiqa xala, Gülara xala, Cabbar dayının ailəsi — uşaqları, anası Gövhər nənə, yoldaşı Səfurə xala, bacısı Elmira, hamı yığışardı, biz uşaqlar qozu, fındığı qırardıq, qadınlar, qızlar isə söhbət-qeybət edə-edə təmizləyərdilər ləpəni. Bəzən qoz ləpələmə prosesi bir neçə gün davam edərdi. Sonra isə gözləyərdim ki, nə vaxt bizim duxovka növbəmiz çatacaq, növbə gələndə anam deyərdi ki, nənən qurban, get filankəsgildən Məhliqə xalanın duxovkasını al gətir. Duxovka gələn günü evdə bizim üçün toy-bayram olurdu, çünki, bişirilənlərin qırım-qırtısından, vaxtı ötürülüb bir az yanananında biz də yeyərdik. Əlbəttə ki, duxovka bir gündən artıq evdə qalmazdı, qalanda, demək sabah kimin üçünsə yenə bizdə bayram şirniyyatı bişiriləcəkdi. Duxovka evdən gedəndən sonra həsrət ilə ilaxır çərşənbənin gəlişini gözləyirdik, çünki son günə qədər bişirilənlərə əl vurmaq olmazdı…
Və, nəhayət həmin gün gəlirdi. Məktəbdə xüsusi təlimat keçirilirdi ki, kimsə boynuna torba salıb qapı-qapı gəzməsin, kosa gedənlərin və Yalda çillə çıxardanların aqibəti isə direktor tərəfindən məktəbdən qovulma və yaxud xuliqanlıqda təqsirlənmə ilə hədələnirdi. Hətta məktəblərdə növbətçi drujinaçılar da təyin olunurdu ki, bu kimi halların qarşısı alınsın. Bütün bu formal qadağalara baxmayaraq, torba ilə qapıları da gəzirdik, «MUL-MUL-MUL» oxuya-oxuya çal-oyna ilə qapıları gəzən kosaları da qəpik-quruşla yola salırdıq, hətta o qədər öyrəşmişdik ki, təxminən bilirdik hansı kosa nə vaxt gələcək. «Avtoritetli» kosalara 20 qəpikdən 1 manatadək pul verərdik, qalanlarını isə 10-15 qəpiklə yola salardıq. Az pul verəndə utanardıq ki, sabah kosalar rayonda bizi xəsislikdə təqsirləndirərlər. Nəhayət, səhər açılırdı, biz məktəbə gedirdik, və məktəbdə artıq bilinirdi ki, kim Yalda çillə çıxardıb, çünki səhərə kimi maşın şinlərini yandırıb tonqalın ətrafında oturanların hər şey «üzlərində yazılırdı». Bizim evdən yaldakı tonqal aydın görünürdü, hətta ordan şinləri yana-yana aşağı diyirlədəndə, mənə elə gəlirdi ki, şinlər gəlib şəhərin küçələrinə qədər çata bilər. Yuxarı siniflərdə oxuyanda bizim üçün maraqlı olurdu ki, məktəbdə növbətçi qalaq. Buna səbəb o idi ki, əvvəla dostlarla birgə yaxşı yeyib-içməkdə olurduq, ikincisi sevimli müəllimlərimizlə birgə olurduq, üçüncüsü, məktəbdə səhərə qədər stolüstü tennis oynamaq imkanı yaranırdı. Nə isə…
Əziz dostlar, bunları yazmaqda məqsədim indiki gənc zəngilanlılara o torpağı nə üçün sevdiyimizi izah etmək mümkünsüzlüyünü göstərməkdir. Çünki bizim hisslərimizi duymaq üçün gərək biz yaşadığımızı yaşasınlar. Ananı, övladı nə üçün sevdiyini izah etmək mümkün olmadığı kimi, torpaq, vətən sevgisini də izah etmək mümkün deyil…Samarada döğulub böyüyən, soruşanda haralısan, avtomatik olaraq zəngilanlıyam deyən övlad, atasının hansı hisslərlə Çərşənbə bayramını qeyd etməsini çətin duya bilər. Çünki, o, şəkərburanı da, paxlavanı da ildə bir dəfə yox, ürəyi istədiyi vaxt yeyə bilir, çünki o, duxovka üçün növbə nə olduğunu heç vaxt qəbul edə bilməz, çünki o, həmişə qoz ləpəsinin təmizini görüb və heç qoz ağacının necə göründüyünü də çətin təsəvvür edir…
Bu gün Bakıda yaşayan 75 yaşlı xəstə anamdan soruşdum ki, papaq atanlar oldu, dedi ki, hə oldu, əvvəl gələnlərin papaqlarını doldurdum, gec gələnlərə qapını açmadım… Zəngilanda Çərşənbə gecəsi qapiları bağlamazdıq… Zəngilanda heç papaq atmaq da adət deyildi… Doğrusu bunları yazmağa başlayanda nə ilə başlayıb, nə ilə qurtaracağımı bilmirdim, sadəcə qürbətdə 1993-cü ildən sonra Zəngilan ənənələrinin tərkib hissəsi olan İlaxır Çərşənbənin mənim üçün hansı səbəblərdən qəmli bayram olduğunu izah etmək istəyirdim… Əsl səbəb isə yazının sonunda özü tapıldı. Çünki mən bu bayram gecəsi papaq ata bilmirəm, papağı Zəngilanda qoyub gəlmışəm… Allah bizlərə tezliklə düşmən tapdağı altında qalmış papağımızı başımıza qoymaq şərəfi qismət eləsin! Söz verirəm ki, inşallah, o zaman gəlsə, qonşularımızın birinin qapısına mütləq papaq atacam…
İlaxır Çərşənbəniz mübarək, əziz həmvətənlərim!!!
Şirvan Kərimov
Samara Vilayəti Azərbaycanlılar liqasının sədri, hüquqşünas