Bu Gecənin sabahı yox…


İl 1992. Aylardan Fevral. Günlərdən elə bu gün-25-i.  Ertəsi…

Xocalılar üçün ertəsini düşmən nöqtələyəcək. Və o gecənin sabahı yoxdur, olmayacaq…O gecə elə o gecədə bitəcək.

29 il ötür üstündən. Bu il qismən ürəklərə su səpilmiş, bir azacıq da olsa qisası alınmış halda yas tuturuq faciəmizə. Neçə canlar öldürülüb, diri-diri yandırılıb, dərisi soyulub, gözü çıxarılıb, döşü  kəsilib, qarnı yarılıb…. Dəhşətin bütün vəhşətləri, işgəncənin xəyalları belə heyrətdə buraxdığı üsulları dinc insan üzərində sınanılıb. Sınayana erməni deməyə tərəddüd edən,  tolerant olan bizim millətə qarşı həm də…

 Onlar  İkinci Dünya Müharibəsinin  Osvensim ölüm düşərgəsində yaşadılan vəhşətin açıq  səmada canlı-qanlı tamaşasını dünyaya Xocalıda izlətdilər… Günahsız insan qanı  tökməklə  ruhlarının canlanmasından  zori balayan kimiləri (kitabı “Ruhumüzun canlanması”) qəhrəmanlıqla  danışdı,  kitab yazdı. Serj Sarqsaynın Xocalıdakı etiraflarının onu prezident,  baş nazir kürsüsünə “yüksəltməsinə” də imzalarını atdılar. Hər şeydə, hər yerdə birincilik yarışına girənlər üçün bu da bir qürurmüş..  Bununla yenə məzlum xalqmışlar… Burası ilə işim yox deyəcəm. Amma  var…

Bu gün Xocalının qisası “ALINDI- ALINMADI” dilemmasında- buna  cavab axtarırıq. Birmənalı cavabı yoxdur.

ALINDI deyənlərdənəm. Çünki əksini demək 2783+ həyatını fəda etmiş ŞƏHİDLƏRİMİZİN ruhuna, yaralılarımıza, əsgərlərimizə  haqsızlıq olar. 29 ildən sonra ilk dəfə Xocalıya bu qədər yaxın məsafədəyik. 29 ildən sonra ilk dəfə orada qətl edilənlərin övladları qisas üçün geri dönüblər.

Kövrək notlardan reallığa dönək. Alındı Xocalının qisası, bəli. Amma qismən…

Xocalınn qisası  qismən hələ I Qarabağ savaşında  Məhşur  “Arabo” erməni  yaraqlıları darmadağın ediləndə alınmışdı…

Xocalının qisası qismən 4 günlük Aprel döyüşlərində alınmşdı…

Xocalının qisası  qismən  44 günlük savaşda  alındı…

Tam alınmadı deyənlərin təxminini söyləmək də çətin deyil.

Bu gün  Xocalıların can verdikləri torpaqlar məramına sülh deyilən qoşunlar tərəfindən qorunur, lakin  hələ də orada qatillər gəzir- faktı yetərlidir.

Osvensim ölüm düşərgəsində insanlığın üz qarası olan faciəni yaşadan faşist rejiminə qarşı dünya Nürnberqdə məhkəmə qurdu. 316 günlük Nürnberq prosesinin 40 cildlik stenoqram və dəlillər kitabında bütün dünya bu cinayətin təsdiqini gördü.

29 il müddətində 1915-cil ildə baş verməsi təsdiqlənməyən yalançı “erməni qətliamını” tanıyanlar, buna ehtimal verənlər Xocalı soyqırımını “arama” saytlarında belə görünməz etdilər.Tarixdə bu gün – yazın. Tarixdə faciə -yazın… Tarixi hadisə- yazın… Nə yazırsınız yazın. Mühümsüz bir şey kimi “baş verən  tarixi hadisələr, faciələrin statistikasını tutan” saytlarda adı keçmir.

Soyqırım  kimi qəbullanmayan faciəmizin qisası ona görə ertələnib. Qisası biz o yerlərə getsək, köçsək, yaşasaq da, yeni bir nəsil doğulsa da  bununla alınmış sayılmayacaq.

Hələ o faciəni yaşadanlar cəzasını almayıb gəzirlərsə (hətta məhkəmə ilə cəzasını almadan ölsələr belə)  bizim qisasımız tam olmayacaq.

Qisas gözə-gözə, dişə-diş deyil. Qisas cinayətkarın dünyaya göstərilməsi, tanıdılması və dünyanın da bunu qəbul etməsidir.

P.S. Faciələrin yaşı olmaz. Yaşanmışlığı olar. Və o gündən 29 il ötdü.

Tünzalə Vəliqızı

Moskva

25 -26 fevral 1992-2021


Bir cavab yazın