Bu gün İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun doğum günüdür.
Həzi Əhəd oğlu Aslanov 22 yanvar 1910-cu ildə Lənkəran rayonunda fəhlə ailəsində anadan olub. 13 yaşında atasını itirən Həzi atasının işlədiyi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. 14 yaşında Həzi komsomola daxil olub. 1924 – cü ildə o, savadını artırmaq üçün 3 aylıq kursu bitirir və Lənkəranda məktəblərin birində pioner baş dəstə rəhbəri işləyir. 1 oktyabr 1924- cü ildən Zaqafqaziya hərbi hazırlıq məktəbində oxumağa başlayır. 1929–cu ilin mayında Həzi təhsilini bitirir və Lənkərana məzuniyyətə qayıdır. Avqust ayında Bakıya qayıdandan sonra Zaqafqaziya Hərbi dairənin inqilabi Hərbi Sovetinin əmri ilə Leninqrad süvari məktəbinə göndərilir. 1930- cu ilin əvvəlində Həzi Lənkərana gəlir və doğma kəndi olan Gərmətükdə sevdiyi Xavər xanım ilə nişanlanır və 1933- cü ildə onunla evlənir.
1931- ci ildə təhsilini başa vurandan sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb və 1938- ci ildə bu məktəbin rəisi təyin edilir. O, 1937- ci ildə Komunist Partiyası sıralarına daxil olur.1939- cu ildə Finlandiya konflikti başlayan kimi könüllü olaraq Kareliyaya yollanır və döyüşlərdə rəşadət göstərir. Qələbədən sonra ona mayor rutbəsi verilir.
1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri – bərabər döyüşdə Həzi Aslanov özünü bacarıqlı sərkərdə kimi göstərib. Donbas və Moskva ətrafında vuruşmalarda qəhrəmanlıq göstərib. Xarkov və Stalinqrad uğrunda gedən döyüşlərdə H.Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endiriblər. H.Aslanov Stalinqrad uğrunda rəşadətli döyüşlərinə görə 1942 –ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
1944- cu ilin yazında general Obuxovun göstərişi ilə H. Aslanov Moskvaya Zirehli tank qoşunları Akademiyasına hərbi kursa göndərildi. Akademiyanı qurtardığı üçün xidmətlərinə görə general Aslanov ikinci Qırmızı Bayraq ordeni ilə təltif edilir və 13 mart 1944- cu ildə ona tank qoşunları general- mayoru hərbi rütbəsi verilir. Bundan sona qəhrəman yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdır. O, Volqadan başlamış bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərib. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alıb.
O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərib. H. Aslanovun qvardiya polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edib.
Həzi Aslanov 1945–ci il yanvarın 24-də Latviyanın Yelqava şəhəri yaxınlığında alman faşistləri ilə döyüşdə yaralanır. Qar üzərində qan içində üzanmış general gözlərini açıb ətrahında hönkürtü ilə ağlayan tankçılara həzin səslə dedi: “otvoyavali”. Tankçılar onu ehtiyatla maşına qoyub medsanvzvoda apardılar. Onun çoxlu qan itirdiyini görən tibb sanitar xidməti komandiri , mayor Georgi Rafailoviç Beqişvili onun yanında uzabaraq öz qanından 500 qram , düz-yanaşı üsulla birdəfəlik ona köçürdüb. Bu zanan Həzi gözlərini açaraq ona deyib: “Qafqazlı qardaşım, indi artıq sən mənim qan qardaşım oldun”. Sonra general Aslanov yatır və sol gözündən bir damla yaş gəlir. Sabahsı gün Həzi özünü yaxşı hiss edir. Onu xərək ilə 900 metr aralıdakı qospitala gətirirlər. Qospitalda ona novokain vurulur və Moskvaya köçürmək tapşırılır. Həzi Beqişvilidən onu Moskvaya qədər müşayət etməyi xahış edir. Əvvəlcə Beqişviliyə hazırlıq əmri verilir və sonda nədənsə ona Həzini ayrı həkimlər briqadasının apardığı haqda əmr verilir. Üç saatdan sonra General Həzi Aslanov yolda vəfat edir.
Qəhramanın cənazəsi 26 yanvarda təyyarə ilə Bakıya yola salınıb. Həmən gün Bakının küçələri iztihamla dolu olub və insanlar qəhrəmanını son mənzilə yola salmaq üçün Dağustu parka axışıblar.
1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyi nədənsə bunu qəhramana təqdim etməmişlər. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunub.1969–cu ildə Həzinin vətəni Lənkəranda onun ev-muzeyi açılıb, şəhərinin mərkəzində onun boyük heykəli ucalır. Bakıdakı metrostansiyalardan biri, Həzi Aslanovun adını daşıyır. Lənkəran, Bakı və Volqoqradda adına məktəb, Lənkəran, Bakı, İmişli, Volqaqrad və Smorqonda adına küçə var. Palmalı şirkətlər qrupuna məxsus və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyindəki tankerlərdən biri qəhramanın adını daşəyır. Villeyk şəhərində qəhramanın heykəli qoyulub. Həzi Aslanov haqda bir neçə kitab və romanlar yazılıb, film çəkilib.
Qəhrəmanlar ölmürlər. Onların getdiyi yol gənclərə örnəkdir.
Ramin Kazımov
/Yenises.ru/