Çarəsizliyin intiharı


Və ya bir qığılcım yetər

Alovlanarsan. Səni içindən yandıran nədirsə elə körüklər ki, dünyanı atəşə vermək istərsən. Və təbii ki, o atəşdə sadəcə özün yanarsan. Bu yanmaq qiyməti tavana dirənmiş benzin və  artıq  istifadədən çıxmaqda olan kibrit çopü ilə  deyil, alışqanla həyata keçirilən yanğından daha çox alovlandırar. Yanıb tökülərsən.

Həyat hər kəsin içində çoxdan başlanmış yanğınlardan keçir. Bəziləri “yandım” deyə özünü sözun əsl mənasında yandıraraq söndürür. Bəziləri isə korün-korün yanaraq kül olub gedir.

Səbəb. Yanınca  sən də üzüntünü bölüşmək, yanğını üzə vurmaq istəyirsən.

Yanmaq hər zaman atəş püskürmək deyil. Halına yanmaq,  acısını paylaşmaq, dərdinə qalmaqdır. Və hər yandığımız birinin dərdində öz acımıza da  yanmaqdır. Mən də ona yanıram.

Mən yanmağın və yandırmağın,  intiharın nə olduğunu həyətində, həyatında görüb müşahidə edənlərin nə çəkdiyini hiss edəcək qədər  şahidi olmuşam.

Bir qohumumun oğlunun  ağacdan sallanan cansız cəsədinin yerə düşürüldüyünü  və “nə üçün” –deyə başı üstündə edilən fəryadı eşitmişəm.

Bir zamanlar intihar edənə qarşı cəmiyyətdə bir qınaq vardısa, indi  cəmiyyətdə nə var? Biganəlik, laqeydlik…

Elçin Bayramlı facebook  statusunda  “intihara görə valideynlər cəzalandırılsın”- hökmünu verir. Qanunda “ölüm həddinə çatdırma” maddəsiylə  cəzanın ən yükəsyini alan  bir tanıdığım da var…dı. Məişət zəminində xırda bir şeyə diqqət çəkmək üçün guya kimlərisə cəzalandırmaq istəyən gəlinin qorxutma “əyləmi” alınmamış və vəfat etmişdi. 22 yaşında bir ömür torpağa və o gəlinin 22 yaşlı  həyat yoldaşı   həbsə göndərilib  taleyi  puç edilmişdi.

Daha biri… 19 yaşında  90-cı illərin ikinci yarısında hərbidən icazə alıb evə gəlmiş və torpağın çiçəkləndiyi bir yaz səhərində  evin damında qışdan qalan nar bandağından  birini qoparıb yeyib sonra özünü nar asılan dirəkdən asmışdı.

Sadalanacaq daha neçə intiharlar saya bilərəm sizə.  Moskvada uzun illər əvvəl İlqar adlı bir gəncimiz özünü buradakı körpülərin birinin altında kəməri ilə asaraq intihar etmişdi. Səbəbi? Onun səbəbi bəlli idi. İş üçün bura gəlmiş, ev, iş tapmayınca, şərtlər zorlaşıb boyunu aşanda  çarəni…

İllər fərqli, intiharların motivi başqa ola bilər. Amma son nəticə, son istəkdə birləşdirən şey ÇarəSizlikdir. Ki… ardını siz yazın. Nəsihət deyil, çarə olacaq nə isə, amma.

Onlar nəyin atəşində yandıqlarını  bilərək və ya bilmədən söndürürlər həyatlarını.

Haqsız yerə ittiham olunub həbsxana divarları arasında boğazından asılı qalanlar da var bu sönən həyatlar içində. Buna görə bir könüllü hakim, dövlət ittihamçısı, bir vəkil mübarizə edibmi? Tək bircə  nümunə varmı ki,  “ölüm həddinə çatdırdığına görə” cəza verilsin o həddini aşanlara?

İntihar günahdır. Dini və ya qeyri-dini  aspektdən  yanaşmağının fərqi yoxdur, hər iki halda  intihar qəbuledilməzdir. Amma  “Belə yaşamaq zordur”-deyib mübarizəni buraxanı  anlamaq istəməsək də onun yerinə qoyaq özümüzü bir anlıq.

Empati-onun yerinə qoymaq. Bax o anda –yenə ən çıxılmaz halda buna bəraət axtarmaqdan, özünəqəsdi sığortalamaqdan uzağam. Sadəcə bir an… O an keçir və… Əsas o ana kimi  yanında olmaqdır həmin insanların.

Kim var yanlarında? Kim vadar edir bu ən son əmələ.

Namus üstündə, namussuzluq üstündə, ədalətsizliyə uğrayanda,  alçaldılıb təhqir olunanda, əli çörək tutmayıb cibi pul görməyəndə, ailəsini dolandırmağa işi-güc tapmayanının  evə dönməyə üzü olmayanda…. çarəni çarəsizlikdə axtarır.

Parklarda ağlı başında neçə ahıl özünü asmışdı ötən illərdə. Statistikasını çıxarın baxın. İndi internet əsridir. Google axtarışa verəndə gündə nə qədər insanın özünə qəsd etdiyi hesabını ortaya qoymaq asandır. Bir ilməyi boynuna keçirib, bir alışqanı çəkmək qədər asan.  Və …

Adamı  önünü, arxasını düşünmədən danışan, ittiham edənlərin sözü daha çox boğur, yandırır.

Adamı böyüyünə gücü çatmayıb kiçiyindən hesab soruşulması qəhr edir.

Adamı o qədər çox şey yandırır ki… Bir də baxırsan ki, sən də önünü, arxasını düşünmədən o intihar  uçurumunun kənarındasan.

Bu çarəsizliyin intiharıdır. Oradan atdığın, asdığın, alışdırdığın da çarəsizliyindir. Ki qurtulmaq istəyirsən. Ondan qurtulmağın yolu bu olmamalıdır, ancaq.

İntihar çıxışdan əvvəlki son bileti sənə kəsənə məğlub olmaqdır. Adamı yandıran da elə budur!

Və sonda: Statistika üçün deyim. İntihar edənlərinin sayına görə Rusiya dünyada  9-cu, Türkiyə 169-cu yerdədir.

Tünzalə Vəliqızı, Moskva
20.04.2023

P.S. Bir yerdə intiharlar kütləviləşirsə, cəmiyyətin boğazından tutub sirkələmək lazımdır, məncə.


Bir cavab yazın