Çün Vətəndir onun yarı..
Barsız demə, barı…
(T.V.)
Həyətimizdə yerdən yeni çıxan sərv ağacına baxırdım evimizdə olanda. Meyvəverməzlik, qısırlıq sərvlərin qismətinə yazılıb, xislətindədir. Amma o qədər pöhrəsi vardı ki. Gövdəsi, kökü bərkisin deyə bəzən pöhrələri budanar ağacların. Meyvəsi pöhrə olan sərv sonsuzdur, barsızdır-deyə kim bunu onun taleyiylə bütövləşdirib? Onun da verisi (barı olmasa da) dikliyində, şümallığındadır. Heç əyri, əyilən sərv gördünüzmü? Amma evlərə dirək, tavan, göşəmə olanlarını gördüm. Gövdədir, evdir onlar-deyə düşünürdüm uca sərv ağacının bir neçə addımlığında bitən digər kiçik pöhrələrə baxdıqca. Əslini qorumaq üçün pöhrələnirlər-göynərtisi yaşatmışdı mənə bu mənzərə. Göyərən və göynədən pöhrələr-deyə pıçıldamışdım.
Şəhərbəşəhər, kəndbəkənd, küçəbəküçə şəkillərində güzgülənən Şəhid- Pöhrələrin göynərtisi idi bu. Dünyadan nakam gedən, şümal igidlər də sərvlər, palıdlar kimidir. Pöhrəykən gövdə, kök üçün budandılar. Əslini qorumaqdır bu!”-dedim göynəyən ürəyimə. Evi saxlayan dirəklər, Vətəni də saxlayan, Vətən edən bu Gənclərdir!
***
Susardıq, haqlı durumdaykən, təcavüzə məruz qalıb zorla didərginliyə məcbur biz olsaq da, bu başımıza qaxınc olub üzümüzə tərs sillə kimi dəyirdi. Heç məzlum xalqı oynamadıq. “Torpağı arxada qoyub gəldilər” -deyə təhnizləndik, məzəmmətləndik. Zaman artdıqca, inam azalırdı. Ruhdan düşməsək də, inamımızın sarsıldığı keçici anları yaşamışlığımız var. “Görən Şuşa, yerindəmi?”- sualıyla, “Qaldı yad əllərdə, qaldı Qarabağ” naləsiylə bizə utanc gətirən -“məğlub durumda buraxıldığımız” halımıza üsyanımızı bununla susdururduq çox vaxt. “İçək Qarabağın sağlığına”- təbirinə “Lazım gəlsə alarıq” rişxəndi ilə qarşılıq verirdik. 30 ilə yaxın təzadlı suallar, üsyankar davranışlar, məlul duruşlar sərgiləyib beləcə qarmamaqrışıq ruh halına düşərək qəzəb püskürdük. Özgəni də günahlandırdıq, özümüzü də. Sanki bu vəziyyətin-müsibətin qaynağı biziymişik kimi özümüz özümüzü yeyirdik.
Özünü günahlandırmaq həyatınla rus ruletkası oynamaq kimi bir şeydir. Ölumə və ya oluma yaxınlığın şansdan asılı və ikisi arasında qalmaqdır. Savaşımızın hədəfi bəlli olsa da, hədəflənən biz olduq çox zaman.
Kim başlatdı bu savaşı birinci? Hər zaman birinci başlayandadırmı günah? Kim zalımdır, kim məzlum? Bunların parametrləri kimə və nəyə görə dəyişir? Bu sualların içindən çıxmayanda cavabı zamana həvalə edirsən. O yerinə qoyacaq bir gün deyirsən. Amma. Zaman sən yatarkən də ötür. Onun saatını qurmaq səndən asılıdır.
Ayağın altına tökülən çınqıl daşların yerini bərkitməsi üçün tapdanması şərtdir. Ədalət yerini tapsın deyə illah ki, tapdalanmaqmı, ya da tapdalamaqmı lazımdır? Savaşlar da bunun üçündürmü? Və bu ədalətlidirmi?
Mən bu sualları özümə vermədim. Ədalət uğruna savaşar insanlar, dünya. Ədalətsiz savaşlar nə üçün edilir o zaman? Kim idi, kimdir ədalətli? Səni yurdundan-yuvandan edən, torpağını torba ilə daşıyanlarmı, yoxsa sahib olduqlarına sahib çıxmaq istəyənlərmi?
Hardadır Ədalət? Onun təcəllisi ona gedəcək yolda canını körpü edənlərdən keçir. Ədalətsizlik açmadan solmaqdadırsa, gülü qönçə dərməyəcəksən. Savaşlar ədalət üçün, ədalət də savaşları çözmək üçün var yəqin ki. Çözdünsə Zəfər sənindir!
İnsanlıq bu Zəfəri qönçəykən dərilənlərə, pöhrəykən kəsilənlərə borclu olacaq hər zaman! Yetər ki, içində savaşın Ədalətli olsun. Sən Ədalət uğruna Ədalətli savaşdığın zaman ZƏFƏR SƏNİ HAQLAYACAQ! Zəfərin(m)iz mübarək!
Tünzalə Vəliqızı, Moskva
08.11.2022