Deyingən: ANARIN SUALI
Bu dəfə çox düşündüm. Həm də yüz səksən dərəcəli əks qütblərə gedib-qayıdaraq. Gah haqq qazandırdım, gah təqsirləndirdim həmkarımı. Söhbət yanvarın 17-də illik mətbuat konfransında Rusiyanın xarici işlər naziri Lavrova Azərbaycanın “Lider” televiziyasının müxbiri Anar Həsənovun verdiyi sualdan və həmin sual ətrafında yaranan əhval-ruhiyyədən gedir. Hadisənin məğzinə keçməzdən əvvəl 1990-cı ilin martında keçirilən SSRİ xalq deputatları qurultayından bir epizodu xatırlatmaq istəyirəm.
Qanlı yanvardan cəmi iki ay keçmişdi. Qurultayın hər günü ciddi tribuna çarpışmaları ilə keçir, erməni deputatlar hər vəchlə Azərbaycan deputatlarının yanvar hadisələrini pisləyən çıxışlarına təxribat xarakterli çıxışlarla mane olur, açıqdan-açığa xalqımıza qarşı törədilmiş cinayətə haqq qazandırmağa çalışırdılar. Respublikamızı təmsil edən deputat korpusunda sanballı, təhlillə, məntiqlə, güclü arqumentlərlə çıxış edə bilən deputatlar çox, çıxış edənlər isə az idi. Əslində bizim deputatlara həqiqətən də hər istədiklərində söz vermirdilər, amma erməni deputatları söz almaq üçün “qapıdan qovulanda pəncərədən girir”, tez-tez tribunanı zəbt eləyirdilər. İndi adlarını çəkməyə etik səbəblərdən ehtiyac görmədiyim, iclaslar arasındakı fasilələrdə odlu-odlu danışan güclü deputatlardan bir neçəsinə “niyə söz almırsınız”, “niyə çıxış etmirsiniz” deyə sual verirdim. Cavabları adamı sarsıdırdı: “bunu tribunadan demək olmaz, bu sovet hökümətidir, dovşanı araba ilə tutur” və ya “mən hələ gözləyirəm, bir azdan qollarımı çirməyib girəcəm meydana”… Əslində hamısının eyni hüquqda olduqları bir parlamentdə biri sözünü deməyə qorxana, o birisi uzun müddət qollarını çırmələyənə qədər qurultay bitirdi.
Bu acı epizodu niyə xatırladım? Lavrovun mətbuat konfransında həmyerlilərimizdən cəmi bir nəfərin sual vermək imkanı oldu. Jurnalist Anar Həsənov özünü təqdim etdikdən sonra nazirdən Azərbaycanın öz işğal olunmuş ərazilərini işğalçılardan azad etməyə təşəbbüs göstərəcəyi təqdirdə Rusiyanın buna göz yumacağını, yoxsa hadisələrə müdaxilə edib-etməyəcəyini soruşdu. Bu gün dünya diplomatiyasının əsas fiqurlarından biri olan, həqiqətən öz missiyasını peşəkarlıqla, çevikliklə yerinə yetirən, dilindən “bildiklərini deməmək üçün” ustalıqla istifadə edən Rusiyanın xarici işlər naziri sanki bir anlıq hansı ölkəni, hansı statusda təmsil etdiyini bir kənara qoydu, iyirmi beş ildən bəri Azərbaycanda, xüsusən Dağlıq Qarabağda baş verənləri izləyənlərin təxmin etdiyi, ancaq heç kimin dilə gətirmədiyi sözləri bəyan etdi.Yəni dedi ki, Dağlıq Qarabağ məsələsi sırf Azərbaycanın daxili işi deyil. Sonra bu fikri beynəlxalq tənzimləmə qurumlarının, ATƏT-in Minsk qrupunun adı ilə bağladı, son razılaşmalardan, münaqişənin sülh yolu ilə tənzimlənməsi zərurətindən danışdı. Və üzün müddətdən bəri ilk dəfə nazir hiddətini də büruzə verdi. Əslində məsələ bununla bitdi.
Rus mətbuatı sonrakı şərhlərində bu epizodun üstündən, bəzi istisnalar nəzərə alınmasa, sükutla keçdi. Sosial şəbəkələrdə isə məsələ başqa şəkildə qızışmağa başladı. Kimi sualı verən jurnalistin adını çəkmədən qaralamağa, kimi onun münaqişədə qarşı tərəfin dəyirmanına su tökməkdə günahlandırmağa, kimi sualın qrammatik məzmununu çəkişdirməyə başladı. Bir məsələ bariz şəkildə üzə çıxdı ki, sual verənin arxasında dayananlar, onu dəstəkləyənlər ya olmadı, ya da bu dəstəyi nümayiş etdirmədi. Niyə?
Əvvəla, Moskvada Azərbaycan kütləvi informasiya vasitələrini təmsil edən jurnalistlərin əl birliyi, dil birliyi, peşəkar həmrəyliyi kənardan olan izləmələrə görə çox yüksək səviyyədə deyil. Bunu bir Deyingən subyektivliyi ilə qeyd edirəm, çünki bir il əvvəl onları bir araya gətirib ümumi problemlərimizdə yekdil mövqe göstərmək üçün birləşdirməyə çalışdım. Nəticə o qədər ürək açan olmadı.
İkincisi, ərazisində olduqları dövlətin yüksək rəsmi dairələrinin nümayəndələri tərəfindən təşkil olunan rəsmi mətbuat konfranslarında, digər tədbirlərdə iştirak edərkən jurnalistlərimiz təmsil etdikləri dövlətin mənafeyinə uyğun hərəkət etməli, bu tədbirlərdən əvvəl ən azından səfirliyin mətbuat xidməti ilə təmasda olmalıdırlar. Bunun senzura ilə heç bir əlaqəsi yoxdur. Əksinə, bu təmas ümumi işin xeyrinə olmalıdır. Kənardan adama elə gəlir ki, Azərbaycanı təmsil edən jurnalistlər məlum təmsildəki kimi güclərini müxtəlif istiqamətlərə xərcləyirlər.
O ki qaldı Anarın sualına, əsil jurnalistlik məharəti müsahibi onun demək istəmədiyini deməyə məcbur edə bilməkdir.
Biz müxtəlif baxışlarda ola bilərik, peşəkarlıq anlayışımız fərqli ola bilər. Bəzi məsələlərdə daban-dabana zidd mövqedə də dura bilərik. Amma torpaqların işğaldan azad olması ilə bağlı məsələlərə aydınlıq gətirilməsində mövqelərimiz bir olmalıdır. Sualın emosionallığı onun mahiyyətini azaltmır və belə hallarda özümüzünkilərdən imtina etmək, çirkli su ilə bərabər körpəni də tullamağa bənzəyir.
Yazının əvvəlindəki epizoda qayıdıram. Axı biz çirmənincə iyirmi beş il keçdi…Əslində iyirmi beş il də yox, ideoloji yarış startında biz ən azı yüz il gec hərəkətə başlamışıq. Bu marafonda həddən çox ehtiyatlı tərpənmək bizi finişdə məğlubiyyətə aparar. Arabir heç olmasa belə suallara da ehtiyac var…
Cəfər Sadıq,
21 yanvar 2017-ci il