DEYİNGƏN Hüznlü “yubileyə”” arxadan zərbə”
Xalqımızın başına gətirilən ən haqsız fəlakətin 25 illik “yubileyinə” ən yaramaz “hədiyyə” AzerRos deyilən birimin içərisində baş verən və bütün çirkablığı ilə qanlı yanvarın ildönümü ərəfəsində ortaya çıxan çəkişmələrdir. Ərazisində yaşadığım və taleyin hökmü ilə SSRİ dağılandan bəri vətəndaşı olduğum Rusiya ilə Ana vətənim Azərbaycan arasında mehriban qonşuluq, etibarlı dostluq münasibətləri ən vacib bildiyim ünsürlərdir və bu münasibətlərə kölgə sala biləcək addımlara hansı tərəfdən gəlməsindən asılı olmayaraq qətiyyətlə etiraz etmişəm. AzerRos deyilən birim bu münasibətlərin möhkəmlənməsi, inkişaf etməsi yönündə iş görməli olan yeganə legitim qurum mövqeyindədir. Əfsuslar olsun ki, bu həqiqətən tarixi, taleyüklü missiyanı yerinə yetirmək uzun illərdir ki, həmin birimin adı altında səriştəsiz, ambisiyası qabiliyyətlərindən qat-qat çox olan adamların əlindədir. Yarandığı gündən indiyədək birim Rusiyanın müxtəlif bölgələrində vicdanla çalışan, böyük nüfuz və uğurlar qazanan və Moskvaya böyük ümidlə baxan sadəlövh adamların səmimiyyətindən sui-istifadə etməklə məşğül olub. Fikrimin böhtan olduğunu düşünənlər bölgələrdən Moskvaya dəvət olunub aldadıldıqlarını görərək yığıncaqlarda qəzəblə çıxış edənlərin lent yazılarını internetdən tapa bilərlər.
Vaxtaşırı aktual məsələlər haqqında Prezident-Oteldə dəbdəbəli yığıncaqlar keçirib, gündə bir məzhəbə qulluq edən, xalqımızın ünvanına olmazın həqarətlər yağdıran Jirinovski kimi siyasətçiləri dəvət edib onun hədyanlarını dinlətmək AzerRosun, necə deyərlər, kozırı idi. Bu yaxınlarda Rusiya Dövlət Dumasında liberal-demokrat partiyasının fraksiyasına dəvət olunduğumda həmin birimin təşkil etdiyi şəkərburalı-paxlavalı, tarlı-qavallı “tədbirdə” əvvəlcə bir az çaşıb qaldım. Birdən-birə mövqeyini yüz səksən dərəcə bizə tərəf çevirən bu siyasətçiylə “razborka” aparmaq bir yana, heç olmasa təmkinli bərabər mövqedən danışmaq yerinə Azərbaycanı təmsil edən dəstə sevindiyindən oraya tar-kamanla gəlmişdi. Bundan sonra bizim nə qədər ciddi qəbul edilməyimizi oxucunun fantaziyasına həvalə edirəm.
AzerRos haqqında iki-üç ildə bir eşidilən fikir birimin “satılması” şayiəsi olur. Sanki dəyərli almaz Sotbi hərracına çıxarılır. Bir həyəcan, bir canlanma və … Söyün Sadıqov cənabları növbəti dəfə fikrindən vaz keçir. Səhnəarxasında olanları bilmədiyimdən və bilmək istəmədiyimdən zahirdə görünənlərə görə mülahizə yürüdərək bütün bu müddət ərzində savadı, qabiliyyəti, təşkilatçılığı, öz sahələrində qazandıqları nüfuzu ilə yüksəkdə dayanan həmyerlilərimizin illərlə bu birimdə olmaları təəccüb və təəssüfdən başqa bir hiss yaratmırdı.
Son şayiə daha tədbirli olan Abbas Abbasovun işə daha ciddi yanaşması ilə AzerRosun, türklər demiş, əl dəyişməsi ilə nəticələndi və bu dəfəki canlanma daha çox şeylər vəd etməyə başladı. Yenə Prezident-Otel, yenə dəbdəbəli görüşlər, yeni təşkilati qurum, nəhəng planlar və ən başlıcası Rusiya-Azərbaycan münasibətlərinə əvvəlkindən daha savadlı və sanballı töhfələr vermək imkanı yarandı. Ağsaqqallar Şurasına başçılıq edən adamın vətəndaşlığı sual doğurmadı. Birimin konturları göründü. Diaspora adından çıxış edən başqa birimlər qısqanclığı gizlətmədilər və birimin o vaxt nəzərə alınmayan qüsurlarını bu gün az qala kriminal kimi göstərərək kəllə-mayallaq getmək vəziyyətinə gətirilməsinə cəmi il yarım kifayət elədi.
Azərbaycan mətbuatı AzerRos haqqında çəkişmələr və ixtilaflardan, dedi-qodudan başqa bir yazı hazırlamağı, vəziyyəti içəridən, səriştəli təhlil etməyi özünə sığışdırmır, çap etdiyi materialların isə dəqiqliyini yoxlamaq kimi “mətləbsiz” işə vaxt ayırmır. Nəticədə birimin ayrı-ayrı üzvləri şou ulduzlarına dönür. Bu bulanıq suda kimlərin necə balıqlar tutmasını bilmək istəsəniz, xam xəyallara düşmüş olarsınız. Belə birimlər üçün Rusiya federal büdcəsinin və vətənsevər iş adamlarının verdiyi ianələr barəsində hesabat vermək kimi bir səhvdən söhbət belə gedə bilməz. Sadəcə olaraq il yarım əvvəl birimdən getmiş Söyün Sadıqov cənablarının təkrar vəziyyətə hakim olmaq cəhdləri, birimdə baş verənlər üçün üzr istəməsi xəstə fantaziyalara əsas verə bilər. Özlərini tamamilə bu “fəxri sədrin” təbəələrinə çevirmiş həmyerlilərimizə marta qədər səbr etməyi, ən azından 31 mart tarixi ərəfəsində də indiki çəkişmələri təkrar etditməməyi, Rusiya-Azərbaycan münasibətlərinə yardım edə bilməsə də əngəl olmayacaq birimi bərqərar etməyi arzulayıram.
Cəfər Sadıq,
20 yanvar 2015-ci il