MƏN OXUCUDAN… QORXURAM!
Mən hədəfdəki ovam, Oxucu mahir ovçu. Gülləyə tuş gəlməməyim mənim məharətim, mərifətim deyil, ovçunun hədər yerə gülləyə qıymamasıdır.
Mən özünün varlığını isbat eləməyə çalışan, özündən müştəbeh, ətrafı nura qərq elədiyi havası ilə yaşayan işıldaböcəyəm, Oxucu gecənin ənginliklərində kainat ulduzlarını seyr edib sadəcə bir ehtiyatsızlıq üzündən məni əzə biləcək bir astronomdur.
Mən həyatın üzərindən axıtdığı sular, əsdirdiyi ruzgar, yandırdığı gün işığı ilə parıldayan bir daş parçasıyam, Oxucu zərrəbinində almazların, dürr və incilərin bərq vurduğu bir zərgərdir.
Mən bildiklərini aləmə car çəkməklə gözləri, qulaqları oxşadığını düşünən bir cırcıramayam, Oxucu yayın qızmarında mənim səsimi dinləmək əzabını da yükünün üstünə qoyub sabahı düşünən Qarışqadır.
Mən qabığından çıxıb ona ağıl öyrətmək cəsarətini də özünə rəva görən cücəyəm, Oxucu qanadlarının altında onlarla mənim kimisini tülkülərə yem olmaqdan qorumağa çalışan anac Toyuqdur.
Mən əli qələm tutandan bəri gördüyündən çox görmək istədiyini anlatmağa çalışan, olduğundan çox olmaq istədiyi təsəvvürü yaradan, həvəskar ola-ola peşəkar ayaqlarına oynayan, əsil peşəkarların zəhmini hər an üstündə hiss edən bir yazarkimiyəm və özünü bu biçimdə görməyib hər hədyanı yazı deyib ortalığa atanlar mənim özümə haqq qazandırma bəhanəm ola bilməz.
Hər olaya səda verib bilib-bilmədiyi məsələlərə münəccimlik eləmək yazarın dayazlığını üzə çıxarır.
Söz bıçaqdır, Mən cərraham, Oxucu… xəstə yiyəsi. Mənim bıçağı dəstəyindənmi, tiyəsindənmi tutmağım onu maraqlandırmaz, xəstənin vəziyyətindən başqa onu heç nə maraqlandırmaz.
Diplomatiyada yüksək ranq sahiblərinə, monarxiyalarda, diktaturalarda baş mənsəb sahibinə taxma ad olaraq Əlahəzrət, Zati-aliləri deyilir. Boş şeydir. Əsil Əlahəzrət də, Zati-aliləri də Oxucudur əlinə qələm alan üçün.
Mən Oxucudan qorxuram. O məni qorxutmağı qəsd eləməsə də. Çünki… özüm də Oxucuyam.
Cəfər Sadıq,
10 avqust 2020-ci il. Moskva