DEYİNGƏN — OCAQDAN QOPAN QIĞILCIM
Bu həngamənin 28 illik tarixi var. SSRİ-nin qüruba yaxınlaşdığı vaxtda ağır gəminin batma təhlükəsini hiss edən rəhbərlikdəki bəzi uzaqgörən adamlar aşkarlıq dalğasının onların iradəsindən asılı olmadan gəldiyini hiss edib milli mədəniyyət qurumlarının yaradılması haqqında qərar verdilər.
Çəkməzlər axı, çünki zəhmətsiz gələn pulun dadı, bakılılar demiş, “bir alayı daddur”.
Etiraz etmək istəyən cəngavər varsa desin, bəs niyə 1988-ci ilə qədər onilliklərlə Moskvada yaşadıqları halda cəmiyyət yox, bir dərnək belə yaratmağa cəsarət eləmirdilər? Çünki bu gün tapşırıqla görülən işi öz adlarına çıxan “qoçular” yuxarıdakı havanın hər titrəyişi ilə yaxından tanış idilər.
Sözüm ona ki, bu gün kösövləri tüstülənən “Ocaq” cəmiyyəti məhz belə şəraitdə yaranmışdı. Amma orada illərlə həvəslə, ilhamla çalışan, Azərbaycan mədəniyyətini təbliğ etmək üçün canı-könüldən maraqlı tədbirlər hazırlayan, Sədrin (zaman keçdikcə fiziki sabitliyi saxlayaraq titulca Prezidentə çevrilən rəhbərin) təkəbbürünə və bütün xidmətləri şəxsən öz adına yazmasına baxmayaraq,
Zaman keçdikcə, “Ocaq” alovlandıqca tədbirlərin axarı dəyişməyə başladı və bir vaxtlar Moskvada həqiqətən mədəniyyətimizin təbliğçisi olan cəmiyyət klassiklərin yubileyini, şanlı tariximizin qürurverici səhifələrini qeyd etmək yerinə növbə ilə cəmiyyət olaraq özünün və sədrinin-prezidentinin yubileylərini keçirən bir quruma çevrildi. Yubileylər beş ildən bir yox, az qala SSRİ-nin durğunluq dövründəki “beşilliyi üç ilə” şüarında olduğu kimi ildırım sürətilə keçirilməyə başladı. Bu qüsura da göz yummaq olardı, amma… əmmalar çıxmağa başladı. Vaxtaşırı qonağımız olan (belə deməyə əsasım var, iyirmi ildən çox cəmiyyətin idarə heyətinin üzvü olmuşam) Azərbaycan Yazarlar Birliyinin mötəbər nümayəndə heyəti sədri iki dəfə Rəsul Rza mükafatı laureatı elədi və hörmətli yazıçımız Çingiz Abdullayevin çıxışından bildik ki, sədr-prezident Yazıçılar Birliyini öz rəsminin klassiklərlə bərabər eyni divarda olmamasına görə vaxtaşırı məzəmmət edir.
Amma əmma ona görə əmmadır ki, sədr dediyinə nail oldu və görənlərin şahidliyinə dayanaraq söyləməyə məcburam ki, Azərbaycan Yazarlar Birliyinin şərəfli divarlarını klassiklərlə yanaşı, professor, tənqidçi, türkşünas, şair Tofiq Məliklinin də şəkli bəzəyir.
Bu da əsas əmma deyil. “Ocağ”ın rəhbəri “öz əsərini” o qədər sevir ki, uzunmuddətli ezamiyyətlərdə və hətta bir neçə il Moskvanı tərk etdikdə belə idarə yüyənini başqasına vermir. Bəlkə də doğrudur. Onun Türkiyədən və ya Azərbaycandan məsafəli rəhbərliyi daha səmərəli olmalıdır ki, biz buna müticəsinə inanaq və əməl edək.
Əsas əmmalardan biri sədr-prezidentin rəhbərlikdən inzibati təsir vasitəsi kimi istifadə etməyə başlaması oldu.
Bu psixologiyanı yaxşı bilən sədr-prezident maksimum zövqlə “ələmə” aparmağa başladı. Xüsusən respublika büdcəsi ilə keçirilən tədbirlərə nümayəndə seçmək məsələsi onun “hakimiyyət” həvəsini izhar elədi. Bu yoldakı növbəti addımını müzakirə edərkən telefonda ona bu işin özünə ziyalı deyən adama yaraşmadığını söylədim. Əslində bu əmma da bir qoz qabığına sığacaq bir problem deyil. Məsələn, bu gün Tofiq Məlikli cəmiyyətini Bakıdan idarə edir və buradakı (Moskvadakı) tədbirlərə dəvət bölgüsündə iştirak eləmir. Adamın hökmünə baxın ki, onun qoyduğu “qanunlar” bu gün də işləyir. Deyingən isə bu məsələyə beş il əvvəlkinə nisbətən fərqli prizmadan baxır. Necə deyib sorsanız cavabıma gülməyin. Bu gün o tədbirlərə elə “publika” dəvət olunur ki, onlarla yalnız dəvət edənlər eyni səviyyədə danışa bilərlər. Bu ağır yükdən məni azad etdiklərinə görə dəvətçılərə minnətdarlıqdan başqa bir iradım yoxdur.
Mətləbdən uzaqlaşdıq deyəsən. “Ocaq”dan getməyimin əsas səbəbi indi nəql edəcəyim “bomba” əmma oldu. Yəni sədr-prezident tədbirləri az qala özünün maliyyələşdirdiyini iddia edəndə sakitcə təklif etdim ki, gəlin bir hesab-kitab tutaq, tədbir üçün verilən xeyriyyə, sponsor məbləğlərinə baxaq, hesabda əskik varsa hər birimiz bərabər paylarla iştirak edək. O tabu deyilən söz var ha, onu dilə gətirmək və ya ağrılı qabarı tapdalamaq necə effekt verərsə, təklifim o nəticəni verdi və sədr-prezident məni görəndə yolun o biri tərəfinə keçməyi üstün tutdu.
İdarə heyətinə də diktator havalarının qarşısındakı susqunluğun yanlış olduğunu, bu gəminin batmağa üz qoyduğunu dedim. Uzaqgörənlikdən və ya münəccimlikdən yox, sadəcə vəziyyətin aydın göründüyündən.
“Ocaq” sönməyə başladı. Təəssüf ki, bu gün gurultulu şəkildə adda-budda yerdə görünən cəmiyyətin vəziyyəti çox acınacaqlıdır. Əgər bunun da səbəbini hər hansı başqa güclərin təsirində axtarmaq istəyən tapılarsa təəccüb etməyin. Uzağa getmək lazım deyil. Bu deyinməyə təkan vermiş son bəyanatlara fikir verin.
Baş redaktor müstəqillik bayrağı qaldıraraq “Ocağı” tərk edib. Bəlkə də etməyib, sadəcə sayt gəmisini neytral sulara çıxarıb.
Gurultulu şəkildə “gəmi”, “neytral sular” və sairə deməyimə baxmayın, bütün bu çəkişmələr “bir stəkan sudakı fırtınadan” başqa bir şey deyil.
Heç kimin ocağı sönməsin!!!
Cəfər Sadıq,
19 iyun 2017-ci il